İntihar etdiyi deyilən əsgərin anası tükürpərdən açıqlama verdi
İyun ayının 11-də Bərdədə yerləşən “N” saylı hərbi hissədə Gədəbəy rayonundan hərbi xidmətə çağırılmış 18 yaşlı Pərviz İsgəndərlinin intihar etdiyi haqda xəbər yayılmışdı. İntiharla bağlı məlumat Müdafiə Nazirliyinin rəsmi açıqlamasında təsdiqlənirdi.
Lakin mərhum əsgərin anası Kifayət İsgəndərli övladının intihar etdiyi haqda məlumatın yalan olduğunu bildirib. K.İsgəndərli “Faktxeber.com” saytına deyib ki, oğlu hərbi xidmətdə olduğu 6 ay ərzində hər hansı problemlə üzləşməyib, zabitlər də onun xidmətindən razı olub: “Oğlumun xidmətindən hamı razı qalmışdı. O, çox vətənpərvər və əxlaqlı bir övlad idi. Lakin onun rabitə vasitəsilə ermənilərə casusluq etdiyini söyləyirlər. İyun ayının 11-də Pərviz axşam saatlarında qardaşı ilə danışaraq hər şeyin yaxşı olduğunu deyib. İyunun 12-də hərbi hissənin zabitlərindən olan Quliyev Cavanşir o biri oğluma zəng edərək bildirdi ki, qardaşın hərbi hissədən qaçıb. Səhərisi hərbi hissəyə gedəndə bizə dedilər ki, Pərviz özünü həyətdəki ağacdan asaraq öldürüb. Ağacın budağının üstünü bıçaqla qopartmışdılar ki, guya Pərviz özünü asarkən ağac zədələnib”.
Övladının meyitinə baxarkən dəhşətə gəldiyini qeyd edən K.İsgəndərli deyib: “Mənim balam özünü necə asıb ki, onun əli, qolu, boynu, ayağı sındırılmışdı. Təpik zərbələrindən üzündə və başında xəsarət izləri var idi. Hərbi hissədən bizə məlumat verdilər ki, övladınızı 4 nəfər zabit döyərək öldürüb. Guya Pərviz rabitə sirlərini kiməsə yayacaqmış. Zabitlər törətdikləri cinayətin üzə çıxmaması üçün mənim balamı öldürüblər”.
Övladını müəmmalı şəkildə itirmiş K.İsgəndərli aidiyyəti qurumlardan balasının qanının yerdə qalmaması üçün yardım etmələrini də istəyib.