Hələb Əsədin nəzarətindən çıxdı

Müxaliflər ölkənin strateji şəhərinin 50 faizindən çoxuna nəzarət edir

Suriyada vətəndaş müharibəsi davam edir. Hələbdə şəhərə nəzarət uğrunda üsyançılarla Bəşər Əsəd rejiminə sadiq əsgərlər arasında şiddətli döyüşlər gedir. Hökumət qüvvələri şəhəri qırıcı və vertolyotlardan atəşə tutur. BMT Suriya hakimiyyətini müxaliflərə yönəlik hücumlarda qırıcılardan və reaktiv təyyarələrdən istifadə etdiyinə görə sərt tənqid edib. Hökumət qüvvələrinin bombardmanı nəticəsində ötən gün 20-dən çox insan həlak olub.
“Azad Suriya Ordusu” açıqlama yayaraq Hələbin 50 faizindən çoxuna nəzarəti ələ keçirdiyini bildirib. Müxalif hərbçilərin komandirlərindən biri Əbu Şahin deyib ki, üsyançıların Hələbdə üstünlüyü var. O, Əsəd rejiminin Haləbin Səlahəddin bölgəsini müxaliflərdən geri almaq üçün hər cür silahdan istifadə etdiyini, ancaq uğur qazana bilmədiyini söyləyib. Əbu Şahin hökumət qüvvələrinə aid hərbi texnika və silahların müxaliflərin əlinə keçdiyini deyib.
Hələb qarşıdurmaları başlamazdan öncə Dəməşqdə yüksək vəzifəli şəxslərin ölümüylə nəticələnən partlayışa toxunan Əbu Şahin bildirib ki, paytaxtdakı olay müxaliflərin taktikası olub. Onun sözlərinə görə, Əsəd rejimi bütün qüvvələrini Dəməşqdə toplayarkən müxaliflər Hələb üzərinə hücumun planını hazırlayırmış. Dəməşq partlayışı rejimin diqqətini yayındırmaq məqsədi daşıyırmış.
Hələbdə qarşıdurmalar başlanandan bu yana görünməyən Bəşər Əsəd susqunluğunu pozub. O, silahlı qüvvələr günü ilə bağlı yazılı bəyanat yayıb. Əsəd silahlı terrorçu qruplarla ölkənin taleyini müəyyənləşdirəcək müharibə apardıqlarını bildirib. Suriya diktatoru xalqın və ölkənin gələcəyinin bu müharibədən asılı olduğunu deyib.
Bu arada Suriyada yeni dövlətin yaranacağına dair iddialar yenidən gündəmə gəlib. Aralıq dənizi sahili boyunca yaşayan ələvilərin yeni dövlət yardacağı söylənilir. Londonda yerləşən “Chatham House” təşkilatının eksperti Şahşanq Coşinin fikrincə, ələvilərin çoxluq təşkil etdiyi ərazilərə çəkilmələri tamamilə mümkündür. Onlar bunu özlərini müdafiə üçün edə bilərlər. Həmin ərazi rejim və onun şiə tərəfdarları üçün sığınacaq ola bilər.
Amerika Universitetinin beynəlxalq təhlükəsizlik üzrə mütəxəssisi Bencamin Yensen isə iddia edir ki, yeni dövlət yalnız güclü qəyyumu olacağı təqdirdə yaradıla bilər: “Cənubi Osetiya və Abxaziya kimi anklav, qondarma dövlətlərə baxın. Görərsiniz ki, onların Rusiya kimi böyük dövlətlə şef-işçi münasibətləri olmasa, iqtisadi cəhətdən dayanıqlı ola bilməzlər. Ələvi dövləti üçün bu cür münasibətlər Iranla ola bilər”.