Satqınlığın üç mərhələsi

Bu yazını havadan yazmıram. Uydurmuram, qondarmıram.
Bu yazını illərin müşahidəsinə, zaman-zaman gözümüz qarşısında baş verən ictimai dönüklük, xəyanət nümunələrinə dayanaraq yazıram.
Beləliklə:
Birinci mərhələ:
Əgər bir nəfər leksikonunu tədricən dəyişməyə başlayır, rəsmi və qeyri-rəsmi atmosferdəki çıxışlarında, yazılarında, müsahibələrində tez-tez “milli maraqlar naminə iqtidar-müxalifət söhbətini bir kənara qoymaq lazımdır”, “sistemi içəridən dağıtmalıyıq”, “bu pulu Ilham Əliyev cibindən vermir, bu, xalqın puludur”, “hakimiyyətdə islahatçı qüvvələr də var”, “hakimiyyətlə razılaşmıram, amma hesablaşıram”, “tənqid etmək asandır, problemlərdən çıxış yolu göstərmək lazımdır” kimi cümlələr qurursa, deməli, həmin adam əldən getmək üzrədir, yavaş-yavaş şey-şüylərini yığışdırıb aradan çıxmağa hazırlaşır.
Siz də hər an həmin adamın səsinin AzTV-dən gəlməsinə, “müxalifətin köhnəldiyi, üfunət iyi verdiyi, Ilham Əliyevin heç bir alternativi olmadığı, yaxın 15-20 ildə ölkədə heç bir dəyişiklik gözlənilmədiyi” barədə çıxışlarına hazır olmalısınız.
Ikinci mərhələ:
Bu, müdafiə etdiyi bütün dəyərlərə tüpürərək, qarşı cəbhənin maddi gücü qarşısında təslim olan adamın mənsub olduğu düşərgə ilə bütün körpüləri yandırmaq mərhələsidir.
Bunun üçün satqınların ənənəvi metodu var: hakimiyyət üçün həssas, vacib məsələlərdə, “qara piar” kampaniyalarında onun xeyrinə iştirak etmək. Bu zaman da mənsub olduğu düşərgənin təpkisini üzərinə çəkmək və özündən, türklər demiş, “mağdur” obrazı yaratmaq. Guya bu, fərqli düşünür, fərqli düşündüyünə görə də bir yerdə olduğu adamların linçinə uğrayır. Ardınca isə başlayır ittihamlar: “Siz köhnəlmisiniz, 88-ci ildə ilişib qalmısınız, fərqli fikirə dözmürsünüz, hakimiyyət tənqidlərə daha dözümlüdür”.
Sonra ittihamların dozası daha da yüksəlir, həqarətlərə, təhqirlərə, iftiralara çevrilir. Bununla satqınlar keçmiş cəbhədaşları ilə bütün ipləri qoparır, bütün kəndirləri kəsir, bütün körpüləri yandırırlar ki, gözləri arxada qalmasın, keçmişlərindən tamamilə qopub özlərinə yeni, amma natəmiz səhifə açmaq daha da rahat, ağrısız olsun.
Üçüncü mərhələ:
Bu, satıldıqları tərəfdə özləri haqqında heç bir şübhə yeri qoymamaq, yeni ağalarının tam etibarını, etimadını qazanmaq və beləliklə, hakimiyyətin nemətlərindən, imtiyazlarından daha çox yararlana bilmək mərhələsidir. Elə etməlidirlər ki, yeni düşərgələrində heç kim onların artıq 180 dərəcə döndüyündən, tamamilə dəyişdiyindən, vaxtilə birgə yürüdükləri insanlarla, bir zamanlar uğruna çarpışdıqları dəyərlərlə heç bir bağlarının qalmadığından, bütünlüklə hakimiyyətə təslim olduqlarından quşqu duymasınlar.
Hakimiyyəti artıq ona məxsus olduqlarına inandırmaq üçün belələrinin fərqli metodları var: bura vaxtilə yazdıqlarından imtina etməkdən tutmuş vaxtilə yazdıqlarının 180 dərəcə əksini yazmağa, söyləməyədək çox şey daxildir.
Həmçinin keçmiş silahdaşlarını hakimiyyətdəkilərin özlərindən daha sərt, daha ağır, daha idbar üslubda ittiham etmək, bir zamanlar mənsub olduqları düşərgə tərəfindən ən kəskin təpkilər almağa hesablanmış süni polemikalar yaratmaq, bununla da guya hakimiyyətin maraqları naminə sinəsini müxalifətin hücumlarının qarşısına verməyə hazır olduğu görüntüsü yaratmaq da belə metodların sırasına daxildir.
Şahvələd hadisəsi
Bir neçə gündür məhz bu sonuncu – üçüncü mərhələyə gəlib çatmış eks-siyasi məhbusun yeni ağalarını artıq tamamilə onlara məxsus olduğuna inandırmaq qəsdi ilə yandaş qəzetlərdə, saytlarda, sosial şəbəkələrdə püskürdüyü yalan, iftira və həqarətləri ibrətlə izləyirik.
Bu adamın özü ilə bağlı yeni düşərgəsində bütün şübhələrə son qoymaq üçün Azərbaycanın ən vicdanlı, tənqidçi, usta qələmlərindən biri – Şahvələd Çobanoğlunu hədəf seçməsi də anlaşılandır.
Şahvələd bəy çağdaş Azərbaycanın aydınlıq üzüdür.
Bu ölkənin bunca pisliklərə, yalanlara, yaltaqlıqlara, oğurluqlara, quldurluqlara rəğmən ayaqda qalma səbəblərindən biridir.
Indi O təkcə bəşəri dəyərlər uğrunda mübarizə aparmır.
Həm də artıq O özü bizim üçün bir dəyərdir.
Yel qayadan nə aparar, Şahvələd bəy, günəş üfləməklə sönərmi?
Sağ ol, var ol!