ABŞ müdafiə naziri Leon Panetta Bəşər Əsədə səslənib: “Əsəd ürəyinin dərinliklərində başının bəlada olduğunu bilir. Əgər o, özünü və ailəsini qorumaq istəyirsə, indi rədd olub getmənin zamanıdır”.
Bu sözlər Əsəd üçün deyildiyi günün sabahısı Ilham Əliyev Cəlilabada gedib. Saytlardakı xəbər başlıqlarında “Əliyevi Cəlilabadda qara lentlə gözləyirlər” başlığını görüb, mətləbdən halı olana kimi elə bildim, həqiqətən dövlət başçısı Cəlilabadda qara lent kəsəcək. Düzü, ilk assosiasiyama o qədər də inanmadım. Necə yəni, Heydər Əliyev adına Yaradıclıq Mərkəzi açılacaq və oğul Əliyev orda qara lent kəsəcək? Ancaq fikirləşdim ki, yəqin bunun bir simvolikası var. Yoxsa kimin həddi nədi ki, qırmızı və ya yaşıl lent əvəzinə (son açılışların bir neçəsində yaşıl lent kəsilmişdi) qara lent kəsilə. Bu başlıq o qədər ilgimi çəkdi ki, lent kəsmək qədər mənasız bir xəbərin yazısını açıb oxudum.
Məlum oldu ki, qara lent Əliyev Mərkəzində yox, onun qonşuluğunda uçurulmuş binanın dağıntılarına çəkilib. Bu, bir etiraz aksiyasıdı. Vətəndaşlarımızın təxəyyülünün genişliyinə, rəngarəngliyinə heyranam da. Adamlar demək istəyib ki, sənin kəsdiyin hər qırmızı (yaşıl) lent bizim taleyimizin qapısından çəkilən qara lentdi. Hər kəsilən qırmızı lent əslində bir neçə qara talenin açılış törənidi. Tikilən hər Heydər muzeyi, hər yaradıcılıq mərkəzi, hər hansı başqa Mərkəz, hər hansı park, hər hansı körpü, keçid, tualet neçə-neçə insanın evinin yıxılması anlamındadı.
Cəlilabadda bir neçə vətəndaş “Azərittifaq”a məxsus binanın icarədarıymış. Aralarında bu binanın payçıları da varmış. Birinin bilyard salonu, birinin mebel dükanı, kiminsə də başqa biznesi varmış. Bina açılışı olacaq Heydər Əliyev Yaradıcılıq Mərkəzindən bir qədər aralıda yerləşirmiş. Iki mərtəbəli qəşəng bina imiş. Mərkəzə heç bir maneçiliyi də yoxmuş. Gecə ilə uçurublar, hamı işsiz qalıb. Indi onun dağıntılarına qara lent bağlayıblar ki, Mərkəzin açılışı olanda dövlət başçısı öz mübarək qayçısıyla onu da kəssin.
Lent kəsmək, ümumiyyətlə, açılış anlamına gəlir. Yəni nəyisə istifadəyə verirsən, nəsə fəaliyyətə başlayır. Indi belə çıxır ki, Cəlilabadda bir neçə ticarət adamı, biznesmen öz qara gününün açılışını etdirmək istəyir prezidentə.
Belədi, hər kəs ayrı-ayrılıqda oturub öz növbəsini gözləyir. “Mənə dəyməzlər hər halda” ümidiylə yaşayır. Işlətdiyi dükana, salona, hətta özüm görmüşəm, pullu tualetə ata-oğul Əliyevlərin şəklini asır. Təxminən avtomobilin tekniki baxış “bırka”sı kimi. Yəni mən istifadəyə yararlıyam. Yaltağam, susqunam, razıyam, qazanıram və itaət eləyirəm. Ancaq gün gəlir, həmin obyekti, salonu, çəkməçi dükanını, taxta-şalban dükanını, qapı-pəncərə sexini o şəkillərlə birgə uçurub yerlə bir eləyirlər. Onda həmin o “mənə dəyməzlər” ümidiylə yaşayanlar qalır yana-yana. Təpələrinə kül ələnir. Başlarına daş düşür və qəzetlərdən başqa heç kim onların səsinə səs vermir, harayına yetişmir, dərdini dinləmir. Bu gün daha bir Əliyev mərkəzinin açılışı bir neçə sahibkarı işsiz qoyub. Onlar bir də özlərinə nə vaxt gələcək, ayaq üstə qalxacaq, mallarını yerbəyer eləyəcək, kimsə bilmir. Hələ bəlkə bu qara lent hoqqasına görə həbs olunacaqlar, sonra dərilərini soyub buraxacaqlar ki, bir də belə fantaziyalı olmayın. Heç bir cəlilabadlı, bakılı, salyanlı sahibkar onların hüququnu müdafiə eləməyə qalxmayacaq və oturub ümidlə gözləyəcəklər ki, onlara toxunmazlar. Ancaq bir xoş gündə onların obyektinin də yaxınlığında bir Heydər mərkəzi tikiləcək, dövlət başçısı açılışa gələcək, gözü bu yaraşıqlı binanın yanında əski tikili görməsin deyə rəzil kölələr o binanı da uçuracaqlar və daha neçə-neçə sahibkarın qara lenti kəsilmiş olacaq.
Çünki onlar bir şeyi anlamırlar: bu rejim bir sahibkarın, bir binanın yox, bütün Azərbaycanın qara lentini çoxdan kəsib, bir-bir qara lent kəsməyə gərək yoxdu. Nə isə, oturun, umudla gözləyin, allah dözümünüzü bol eləsin…

Qara lent sahiblərinə
•
•