Hər bir qurumun məhdud effektlik müddəti olur. Bu müddət bitəndən sonra böhran zorlağı başlayır. Böhrandan çıxmaq üçün ya yeni qurumun təşkilinə start verilməlidir, ya da əvvəlki qurumun öz qarşısına qoyduğu problemlərin həllinə cəhd etmək lazımdır. Mən indi müxalifət düşərgəsində baş verən bir sıra proseslərə baxanda növbəti böhran halının yetişdiyini hiss edirəm. Hər bir qurum fəaliyyətə başlayanda bir neçə məqsəd güdür.
Birincisi, o müxalif partiyaların konsolidasiyasını təmin edir. Ikincisi, ictimai diskussiyaları və o qəbildən olan müzakirələri təmin edir. Üçüncüsü, müxalifətin seçki prosesi ilə bağlı məqsəd və strategiyasını həll etməyə cəhd edir. Çox qəribədir ki, o təşkilatların hamısı, bu vaxta qədər mövcud olan qurumlar adətən bu sırada ilk iki vəzifənin öhdəsindən gəlir -konsolidasiya alınır, müzakirələr keçirilir… Amma üçüncü əsas vəzifə baş tutmur. Böhran müxalifətdaxili diskussiyaya rəvac verir, bir ara dezinteqrasiya meylləri baş qaldırır və mövcud qurum öz fəaliyyətini başa vurur. Mənim artıq bu qəbildən olan neçə təşkilatın həyata vəsiqə aldığını xatırlamaq halım yoxdur, onlar çox olub. Aralarında hətta bir neçə möhtəşəm təşkilat da olub. Onlar müxtəlif dövrdə müxalifətin qurduğu siyasi – riyazi kombinasiyaların nəticəsi kimi yaranıb, sonra da siyasətin və cəmiyyətin yaddaşından siliniblər, yalnız bilavasitə siyasi proseslərdə, necə deyərlər, tər tökən insanların yaddında qalıblar. Onların yekununda belə bir nəticə təzahür edir ki, ya bu müxalifətin üçüncü punktu, birləşmək məsələsi üçün edilən cəhdləri uğurla tamamlamaq potensialı yoxdur, ya da həmin bu birləşməyə ehtiyac yoxdur.
Təəssüf ki, yalnız bir nəticə alınır. Hətta həmin o qurumlar müxalifətin spektrində yadda qalan dəyişikliklər etmək iqtidarında belə olmur – partiyalar necə var, elə də qalırlar, siyasi məkanda onların təkcə yorucu və bezikdirici kombinasiyaları qalır. Indi hiss edirəm ki, sonuncu bu qurum da üçüncü punktda ilişib, o da ümumi seçki strategiyasını tükəndirə bilmədi, onu həll etmədi. Düzdür, qarşıda hələ bir il var. Lakin bu bir illər bu vaxta qədər azmı olub? Bəli, bütün qurumlar seçki ərəfəsində o lənətlənmiş zolağa daxil olurlar, ya birlik pozulur, ya da ki, bu simvolik bir məzmun kəsb edir. Bəlkə də belə mənzərinin yaranmasının əsas səbəbi odur ki, prinsipial dəyişikliklər üçün zəmin yoxdur. Bəlkə hakimiyyət dəyişikliyinin ab-havası həqiqətən də müxalifət partiyalarının qapısını döysəydi birləşmək həvəsi bir neçə dəfə artardı və real nəticəyə gətirib çıxarardı. Amma mən burada bircə məsələni də qeyd etmək istərdim. Təəssüf ki, bəzi partiyalar öz tərəfdaşları olan digər partiyaları öz ayaqları altında pilləkənə çevirmək istəyirlər. Amma artıq bu teatr keçmir. Insanlar, necə deyərlər, duyuq düşüblər. Bəli, partiya vardı ki, 2003 – cü ilə qədər hətta öz məclisini bəzi insanların üzünə tamam bağlamışdı. Amma 2003-cü illdən sonra həmin adamları ən ali orqana dəvət edirdilər. Amma kimə lazım idi bu? Necə deyərlər, qatar çoxdan getmişdi, o qatarın arxasınca qaçmağa ehtiyac yox idi. Nə vaxt ki, nəsə gözlənir, ortada real nəsə var, onda nəinki qapıları, hətta pəncərələri bağlayırlar. Məlum olur ki, heç nə yoxdur, onda başlayırlar uğursuzluğun yükünü çiyinlərinə alan və bu yükü çəkən yeni adamlar axtarmağa. Amma həmin yeni adamlar da daha əvvəlki kimi sadəlövh deyillər, 19 il onlara da nəsə öyrədib. Həm də həmin o insanların çiyinləri də daha əvvəlki kimi deyil, illər onları da yorub. Həm də bu həyatda başqasının yükünü çəkməkdən bekara iş yoxdur, adam gərəkdir ki, öz yükünü çəksin. 19 il gözəl işlərə sərf oluna bilərdi. Çox tətbiq tapmaq olardı bu illərə. Nə isə. Olan olub və necə deyərlər, keçib. Bundan sonrasını düşünmək lazımdır.
KIÇIK SÖZARDI
Bu yazını da bitirdik. Bir sözüm qaldı. Biz həmişə bir böyük, bir də kiçik, bir o qədər də böyük interval tutmayan iki böhran yaşayırıq. Kiçik böhran bizim müxalifət partiyaları arasındakı münasibətlərin böhranıdır. Qurumlar da ilk növbədə onu həll etmək üçün yaranır. Lakin böyük böhran 19 ildir ki davam edir. Bizə elə gəlir ki, yaratdığımız qurumlar o böyük böhranı da çözmək və həll etmək iqtidarındadır. Amma təəssüf…

LƏNƏTLƏNMIŞ ZOLAQ
•