Kor göz həkimi yaxud “ya Beşer, men dakka dukka”

Ərəbcə bu deyimi Türkiyə Cümhuriyyəti baş bakanı Rəcəb Tayyib Ərdoğan fevral ayında Suriya prezidenti Bəşər Əsədə xitabən xatırlatdı. Anadolu türkcəsində “edən bulur” anlamındadır. Bizim dildə “etmə, edəcəklər”, yaxud “nə tökərsən aşına, o çıxar qaşığına” kimi yozula bilər. Söhbət ərəb dilindəki kəlamın dilimizə necə tərcüməsindən getmir. Söhbət millətə atalıq edənlərin millətin başına gətirdikləri müsibətlərdən və “millət ataları”nın aqibətindən gedir.
Suriya prezidenti bir ildən artıqdır ki, öz millətinə qarşı genosid siyasəti yürütməkdə davam edir. Bəşər Əsədin hakimiyyət hərisliyindən alovlanan qardaş qırğını nəticəsində minlərlə suriyalı dünyasını dəyişib. Artıq Əsəd rejiminə müxalif qüvvələr Suriyanın bir neçə şəhərini nəzarətdə saxlayır və indi Hələbdə, paytaxt Dəməşqdə döyüşlər gedir. Ixtisasca göz həkimi olan Bəşər Əsəd isə sanki kor olub, məmləkətində baş verənləri görmür.
Bir reallıqdır ki, hakimiyyət hərisliyi millət atalarının gözlərini kor, qulaqlarını kar qoyur. Nəticədə dərketmədə pozğunluq yaranır. Misirdə qoca Mübarək baş verənlərdən yalnız misirlilər taxt-tacını dağıdarkən xəbər tutdu. Liviyalıların atası Qəzzafini vətəndaşları vəhşicəsinə döyərkən belə sifəti al-qan içində “mən sizin atanızam” deyirdi.
Ailəlikcə həbsə atıldıqdan sonra Hüsnü Mübarək “kiçik qardaşlarına” – Qəzzafiyə və Əsədə müraciət etdi ki, hakimiyyətdən çəkilsinlər. Qəzzafi qoca Mübarəki saya salmadı, quduz it kimi öldürdülər. Bəşər Əsəd lap səfehmiş. Nə 80 yaşında həbsə atılan Mübarəkdən ibrət götürdü, nə də başına min bir müsibət açıldıqdan sonra öldürülən Qəzzafi yadına düşdü. Bəşər Əsədin bütün hərbi qüvvələri öz xalqına qarşı səfərbər etməklə nəyə nail olacağını anlamaq çətindir. Adam anlamır ki, ölkədən qaça bilməsə, Qəzzafidən betər vəziyyətdə öldürüləcək. Maraqlı odur ki, bu anlamazlıq, qanmazlıq, şərəfsizlik cümlə millət atalarına xas olan xüsusiyyətdir.
Neçə il əvvəl Hüsnü Mübarək Misirdə, Qəzzafi Liviyada özlərini millətin atası sayırdı. Aqibətləri məlumdur. Tunisdəki millət atası Bin Əli ağıllı arvadının sözündən çıxıb Səudiyyə Ərəbistanına qaçmasaydı, dar ağacından asacaqdılar. Bir vaxtlar Hitler Almaniyada, Stalin SSRI-də, Mussolini Italiyada, Ənvər Xoca Albaniyada, Çauşesku Rumıniyada, Todor Jivkov Bolqarıstanda, Səddam Hüseyn Iraqda ATA statusunda idi. Birinə belə insan kimi dünyasını dəyişmək müyəssər olmadı. Hitleri yandırdılar, Çauşeskunu güllələdilər, Səddamı dar ağacından asdılar…
Tarix təkcə öyrənmək üçün yox, həm də nəticə çıxarmaq üçündür. Nədən özünü millətin atası sayanlar sonda o millətin qəniminə çevrilir? Və bu vəziyyətin yaranmasında kim daha çox günah sahibidir, MILLƏT, yoxsa ATA? Təbii ki bütün suç at dozasında yuxugətiricini qəbul etdikdən sonra qul psixologiyasına məmnunluqla adaptasiya olunan millətin boynundadır. Millət millət olsa, özünə ATA yox, dövlətinə rəhbər seçər. Varmı, yaponların, ingilislərin, almanların, fransızların atası? Olmadıqları üçün it günündəmi yaşayırlar? Və atalı millətlərə bir diqqət yetirin. Səfalət və didərginlik, ədalətsizlik və haqsızlıq, riyakarlıq və saxtakarlıq, yalan və yaltaqlıq, bisavadlıq və xəstəliklər onların nəsibidir…
Bəşər Əsəd göz həkimidir. Bir vaxt 30 min suriyalını qanına-qəltan edən atası Hafiz Əsəd oğluna nədənsə, humanist peşə sahibi olmağı tövsiyə etdi. Qatilin, qəddarın oğlunun humanist insan olmağı çox çətin işdir. Odur ki, tam qanunauyğun olaraq, var-dövlət, taxt-tac oğul Əsədin gözlərini kor etdi. Və bu korluq öz vətəndaşlarına divan tutmaqla sonuclandı.
Hələ ki, bu dünyada eynən Bəşər Əsəd kimi özünün, ailəsinin, tayfasının milyardlarla sərvəti olan və hakimiyyət kürsüsündən beşəlli tutan diktatorlar var. Onlar özlərini zülmə məruz qoyduqları xalqın atası hesab edirlər. Və anlamırlar ki, haqq-hesab çəkiləcək BIR GÜN gözləyir onları. O BIR GÜN olub, olur və olacaq da. Nədən ki, ərəblər demişkən, “mən dakka dukka”.