Muğlada 6.7 bal gücündə zəlzələ baş verib, Kos adasında 2 nəfər həlak olub
ABŞ Geologiya Tədqiqatları Qurumu (USGS) Muğla rayonunda Türkiyə vaxtı ilə gecə 01:31 radələrində yerin 10 km dərinliyində 6.7 bal gücündə zəlzələ meydana gəldiyini açıqlayıb.
Yunanıstan rəsmilərinin məlumatına görə, Kos (İstanköy) adasında azı iki nəfər həyatını itirib, 20-dən çox insan yaralanıb.
Zəlzələnin böyüklüyünə dair türkiyəli rəsmilər və beynəlxalq təşkilatlar fərqli açıqlamalar verib.
Türkiyənin Kandilli Rəsədxanası zəlzələnin 6.2 bal, Fəlakət və Təcili Vəziyyət Rəhbərliyi Başçılığı (AFAD) isə 6.3 bal gücündə olduğunu deyib.
CNN Türk televiziyasına danışan Muğla bələdiyyə sədri Osman Gürün, ilk məlumatlara görə “can və mal itkisi olmadığını” söyləyib.
USGS-nin paylaşdığı məlumatlara əsasən, Bodrumdan 12 km uzaqlıqda meydana gələn şiddətli zəlzələdən sonra ölçüləri təxminən 2 və 5 bal arasında dəyişən çoxsaylı təkanlar hiss edilib.
Təkcə Bodrumda təxminən 70 nəfər yüngül yaralarla xəstəxanaya müraciət edib.
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi (EMSC) zəlzələnin “kiçik miqyaslı bir sunamiyə” səbəb olduğunu deyib.
EMSC Bodrum və Kos bölgələrində yaşayanları rəsmilərin xəbərdarlıqlarını izləməyə və zəlzələdən sonra yaranan təkanlara görə ziyan görmüş binalara daxil olmamağa çağırıb.
Zəlzələ İzmir, Aydın, Manisa və Dənizli bölgələrində də hiss edilib.
Fethiye və Datça kimi turist rayonları ilə yanaşı, Kos və Rodos kimi Yunan adalarında da insanların küçələrə axışdığı və bəzi binaların boşaldıldığı məlum olub.
Anadolu Agentliyinə danışan Muğla rayonunun valisi Esengül Civelek deyib ki, ilkin məlumatlara görə, şəhərdə can və mal itkisi, həmçinin dağılan bina yoxdur.
EMSC isə Twitter sosial şəbəkəsində insanlara sahillərdən uzaq dayanmaq barədə xəbərdarlıq edib.