Ziyalılar Əli Həsənova cavab verdi

Onlar Rüstəm İbrahimbəyovu ziyalıların parlaq nümayəndəsi hesab edir  

“Yeni Müsavat” qəzeti Prezident Administrasiyası ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənovdan bir sıra məqamlarla bağlı açıqlama alıb. Açıqlamada hakimiyyət təmsilçiləri ilə ziyalılar arasında nəzərdə tutulan görüş barədə də məqamlar olub.
Ə.Həsənov Ziyalılar Forumunda təmsil olunan ziyalıların və kinorejissor Rüstəm Ibrahimbəyovun həmin görüşlərdə iştirakının gözlənmədiyini dolayısıla bildirib. Belə ki, PA rəsmisi R.Ibrahimbəyovun Azərbaycanda heç bir ziyalı təşkilatını təmsil etmədiyini və Kinematoqrafçılar Ittifaqının rəhbəri olduğunu bildirib. Aydın olub ki, hakimiyyət təmsilçisi ziyalılarla görüşün ziyalı cəmiyyətləri və təşkilatlarının nümayəndələrindən ibarət olacağını düşünür.
Bu məsələylə bağlı açıqlama aldığımız tanınmış alim Rafiq Əliyevin münasibəti konkret və lakonik oldu: “Ziyalılıq heç bir qurumla ölçülmür. Eləcə də R.Irahimbəyovun ziyalılığı heç bir qurum, təşkilat və cəmiyyətlə ölçülmür. Yada salıram, Soljenitsının, Saxarovun bu baxımdan heç bir misli-bərabəri yox idi. Yəni ziyalılıq hansısa təşkilata bağlılıqla ölçülmür. Əməli işə qalsa, R.Ibrahimbəyov on ziyalı təşkilatına bərabər işlər görüb, xidmət göstərib”.
Yazıçı Əkrəm Əylislinin fikrincə, sözügedən görüş hansısa bir auditoriya və kontingentə hesablanırsa, o zaman Ə.Həsənov həmin fikirləri işlədə bilərdi: “Yəni burda sənət adamlarının görüşündən söhbət gedirsə, bu tamam başqa bir məsələdir. Amma ziyalıların görüşündən bəhs olunursa, qeyd edirəm ki, R.Ibrahimbəyovun hansı təşkilatı təmsil etməsindən asılı olmayaraq o şəxs ziyalıdır. O, ziyalıların parlaq nümayəndələrindən biridir. Bunu o, sənətiylə ortaya qoyub”. Ə.Əylisli ziyalılarla sənət adamlarının görüşü barədə danışarkən bu məqamın dəqiqləşdirilməsini vacib saydı. Yəni məsələnin məğzi ziyalının hansı sənəti təmsil etməsi deyil, onun ziyalılıq kriteriyalarına cavab verməsindədir.

Nigar