Əfqan Muxtarlının oğurlanmasından ay yarım sonra onun işi Gürcüstan prokurorluğuna verilib.
Müxalifətçi jurnalist mayın 29-da oğurlanıb. Mayın 31-də Gürcüstan Daxili İşlər nazirliyində “azadlıqdan qanunsuz məhrumetmə” maddəsi ilə cinayət işi başlanıb.
Muxtarlının vəkili bu vaxta qədər istintaqın müsbət nəticə ortaya qoymamasından şikayətlənir.
Bu gün isə bəlli oldu ki, Gürcüstanın Baş Prokurorluğunun sorğusuna əsasən, Əfqan Muxtarlının işi Baş prokurorluğa verilib.
Jurnalistin həyat yoldaşı Leyla Mustafayeva fb səhifəsində bu məsələyə münasibət bildirib: “Gürcüstanda Dövlət Sərhəd Xidməti polisinin və Milli Təhlükəsizlik Xidmətinin əks-kəşfiyyat idarəsinin rəhbərləri Əfqan Muxtarlının işi ilə bağlı müvəqqəti olaraq vəzifələrindən kənarlaşdırılıblar. Daxili İşlər Naziri yaxasını bu işdən bu cür qurtarmağa çalışır. Araşdırma yönündə isə heç nə yoxdur. Nazirin bu açıqlamasından sonra Gürcüstan prokurorluğu işi öz üzərinə götürüb, araşdıracağını bəyan edib. Polis demək olar bütün faktları məhv edib. Görək nə araşdıracaqlar”.
Azadliq.info