“Ailəm Ştefanın varlığından xəbərdar idi”

niyazi mehdiNiyazi Mehdi alman qadından olan oğluyla bağlı “Azadlıq”a danışdı

Tanınmış ictimai xadim, filosof Niyazi Mehdinin oğluyla Bakıda görüşməsi medianın gündəmini zəbt edib. Sosial şəbəkələrdə bu görüş barədə ağızdolusu yazılır. Niyazi Mehdi “Azadlıq”a açıqlamasında mətbuatda yazılan məlumatların hamısının həqiqət olmadığını dedi: “Yazılıb ki, guya mən oğlumla 34 ildən sonra görüşmüşəm, əslində elə deyil”.

– Nə vaxt bildiniz ki, oğlunuz var və bu xəbəri sizə kim dedi?
– Moskvada oxuyarkən xəbərim vardı. Ştefan anasının qarnında olarkən bilirdim ki, övladım olacaq. Ancaq bilmirdim oğlandı, ya qız. Anasına dedim ki, bir milliyyətçi gənc kimi mən Almaniyada yaşaya bilmərəm, sən də Azərbaycanda. Ayrı-ayrı ölkədə yaşamağımız bizi ayırdı və biz vidalaşdıq. Uşağın 3-4 yaşı olanda onu Moskvaya gətirmişdi ki, görüm. Ancaq o vaxt ona dedim ki, Moskvaya gələ bilməyəcəm. Bundan incidi. O bilmirdi ki, sovet müəlliminin yüksək maaşı olmur. Imkanım yox idi, Moskvaya gedib onlarla görüşüm. Bəxtimdən anam və iki qardaşım o vaxt Moskvada idi. Onlar görüşdülər, o vaxt çəkilən şəkillər indi də məndə qalır.

– Övladınızla görüşməyi ailəniz necə qarşıladı?
– Mən evlənəndə xanımıma demişdim ki, uşağım var. Onun üçün bu, sürpriz deyildi. Sadəcə indiki xanımımla ailə qurmazdan öncə alman xanımımla uşağa görə isti münasibətlər qalırdı və tez-tez yazışırdıq. Ancaq evlənəndən sonra düşündüm ki, tez-tez yazsam, riyakarlıq olar. Ona görə də yazmadım. O da bir neçə dəfə yazdı, daha sonra yazışmanı dayandırdı.

– Beləcə əlaqəniz tamam kəsildi?
– Qardaşım Ingiltərədə yaşayır. O bir-iki dəfə yazmışdı, ancaq cavab almamışdı. Düşünürdük ki, mənzillərini dəyişiblər. Isveçrədə konfransda olanda oğlumla görüşəcəkdik, ancaq alınmadı.  

– Daha görüşməyə cəhd etmədiniz?
– Almaniyada konfransda olanda Ştefanla görüşdüm. Şəhəri gəzdik və onu Bakıya dəvət etdim. Artıq bir neçə gündür ki, Bakıdadır.

– Ştefan Bakıda nələri xoşladı, nələri yox?
– Ştefan modern şəhərləri, modern binaları sevmir. Təbiəti sevir. Heyvanların öldürülməsini istəmir. Bu da bizə problem yaradır. Çünki biz öyrəşmişik ki, əziz adamımız olanda onu kababa qonaq edək. Qorxurdum ki, ona Azərbaycanı göstərə bilməyəcəm. Ona deyirdim ki, Azərbaycanın bir hissəsi Texas mənzərəsidir, bir hissəsi də dağlardır. Ötən gün Altıağaca getdik. Restoran çox baha idi. Yemək xoşuna gəlmədi, ancaq mənzərə çox gözəldi. Ştefan məndən soruşdu ki, bizim görüşümüz sizin mətbuat üçün niyə bu qədər maraqlıdır. Dedim ki, ola bilsin mətbuat informasiya qıtlığından əziyyət çəkir, həm də bu görüşün romantik cəhəti də var. Sonra dedi ki, bu informasiyalara görə sənə qonorar verirlərsə, danışaq. Dedim ki, yox, vermirlər.

– Şahbaz Xuduoğlu sosial şəbəkədə yazıb ki, siz özünüzə əziyyət verib nə Təzə Bazarın qarşısına, nə də Yolxucu Xəstəliklər Klinikasının yanına düşməzsiniz. Ancaq 42 dərəcə isti olsa da Ştefanla qız Qalasının üstünə qalxmısınız…
– Şahbaz Xuduoğlu bunu bir yazıçı kimi qələmə alıb. Bu cür situasiya xoşuna gəlib və belə bir qeyd yazıb. Ancaq mən hər gün idman edirəm, bir saat gəzirəm. Ola bilər o görüşə çağıranda yorğun olduğum üçün gedə bilmirəm. Ştefana görə düzdü, Qız Qalasına qalxdım. Başqa vaxt olsaydı qalxmazdım. Çünki bir neçə dəfə orada olmuşam.

– Ştefan barədə bir az söhbət açardınız…
– Utancaq oğlandır. Mənə çox qəribə gəlir ki, Avropada yaşayan bir insan niyə bu qədər utancaq olsun. 35 yaşı var. Ailə qurmayıb, ancaq sevgilisi var. Sevgilisi də ona deyib ki, get atanla görüş.

– İstəyərdinizmi sizinlə Azərbaycanda qalsın?
– Yox, istəmərəm. Almaniyada işlədiyi klinikada üç azərbaycanlı var – biri güneydən, ikisi quzeydən. Mənimlə görüşməzdən öncə onlarla söhbət edibmiş. Qarabağ problemindən tutmuş başqa bir neçə məsələ haqda Bakıya gələnə qədər məlumatlı olub.

Ramin DEKO