“Nə baş verdiyini hələ də tam dərk etmirəm”

 

Lionel Messi: «Serxio Batistanın gözləntisinin nədən ibarət olduğunu bilirəm»

 

Bugünlərdə ikinci dəfə FIFA-nın “Qızıl Top”unu qazanan Argentina yığmasının və “Barselona”nın ulduzu Lionel Messi jurnalistlərin suallarını cavablandırarkən bir daha mükafatla bağlı fikirlərini bölüşüb:

– Təbii ki, bu mükafatı qazandığıma görə özümü xoşbəxt sayıram. Eyni zamanda da təəccüblənirəm. Çünki bütün sorğularda birinci yerdə Xavi və Inyesta idi. Əlbəttə ki, mənə səs verənlərin hər birinə minnətdaram. Amma onu da deməliyəm ki, mənim komanda yoldaşlarım da bu mükafata layiq idilər. Çünki onlar həm mövsümü möhtəşəm keçirmişdilər, həm də Cənubi Afrika Respublikasında keçirilən dünya çempionatında çox uğurlu çıxış etmişdilər.

Doğrusu, nə baş verdiyini hələ də öz-özlüyümdə tam dərk edə bilmirəm. Bu mükafat “Barselona”nın uğurlarının sübutudur. Əgər ayrı-ayrı oyunçuları belə mükafatlara layiq görülürsə, deməli, bütövlükdə bu komandanın işləri yaxşı gedir. Düzdür, bu dəfə mükafat mənə qismət oldu, amma tam səmimi deyirəm ki, komanda yoldaşlarımdan kimsə alsaydı, yenə də mən özümü bu qədər xoşbəxt hiss edəcəkdim. Xavi və Inyesta kimi iki möhtəşəm oyunçu ilə yanaşı dayanmağın özü də mənim üçün həm sevinc, həm də fəxrdir. Bu cür partnyorlarım olmasaydı, meydanda uğur qazanmaq mənim üçün qat-qat çətin olardı.

– Bəs özünüz 2010-cu ilinizi necə dəyərləndirirsiz?

– Klub səviyyəsində hər şey möhtəşəm oldu. Təəssüf ki, eyni sözləri dünya çempionatında yığma komandamızın çıxışı barədə deyə bilməyəcəm. Amma ümumilikdə, ili uğurlu sayıram.

– Təqdimetmə mərasimində digər iki komanda yoldaşlarınızdan fərqli olaraq, sizin həyəcanınız daha az idi. Bu, təcrübədən irəli gəlir?

– Bu cür tədbirə dəvət olunmağın özü böyük şərəfdir, xüsusən də iki komanda yoldaşımla bərabər. Mən mərasimə gedəndə artıq özümü xoşbəxt sayırdım ki, belə bir tədbirə dəvət alıram. Onu da bilirdim ki, hətta birincilik mənə nəsib olmasa belə, yenə də sevinəcəyəm. Çünki mükafat ya Xavinin, ya da Inyestanın olacaqdı.

– “Qızıl top”u qazanmağı dünya çempionatındakı qələbə ilə müqayisə etmək olar?

– Dünya çempionatında qələbə qazanmaq daha yaxşı olardı.

– Səncə, Argentinanın çempion olması üçün nə lazımdır? Bu mövzuda Argentina yığmasının baş məşqçisi Serxio Batista ilə söhbətiniz olubmu?

– Bəli, bu barədə danışmışıq və mən bilirəm ki, onun bizlərdən gözləntisi nədən ibarətdir. Təəssüf ki, zamanı geri qaytarmaq mümkün deyil və CAR-dakı dünya çempionatı artıq arxada qalıb. Təəssüf ki, orada proseslərin gedişatı istədiyimiz kimi alınmadı.