“Azərbaycan dili fənnindən 5-ci sinif üzrə test kitabçasının texniki və redaktə xarakterli düzəlişlər nəzərə alınmaqla qənaətbəxş olduğu vurğulandı…” – bu cümlə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) saytında üç dəfə (27.02; 05.03; 12.03 2012-ci il tarixlərində) Azərbaycan dili fənni üzrə metodiki seminarları əks etdirən məlumatlar verilərkən təkrar edilmişdir (yalnız siniflərin – V, VI, VII – adları dəyişdirilib). Şübhə yoxdur ki, belə şablon cümlələr hələ davam edəcək.
Həmişə öz fəaliyyətilə fəxr edən və nisbətən az korrupsiyalaşmış bir qurumun belə standart məlumatları təəccüb doğurmaya bilməz. Sual olunur: necə ola bilər ki, üç sinfin dərslik kitablarında olan səhvlər hamısı texniki və redaktə xarakterlidir. Təkcə bir sinfin (VI) test kitabını nəzərdən keçirək.
1. Səh.11, test 7
Verilən cümlələr içərisində frazeoloji birləşmə olanı seçmək tələb olunur. Lakin iki cavab var: c) əl tutmaq, qəlbən yanmaq və e) daxil olmaq (otağa yox, ali məktəbə).
2. Səh. 43, test 6
Şərt: biri azaltma dərəcəsini əmələ gətirən şəkilçi kimi götürülə bilməz.
Cavabda – ca şəkilçisi nəzərdə tutulur. Halbuki, ca-cə şəkilçiləri həm çoxaltma dərəcəsini, həm də azaltma dərəcəsini şiddətləndirir. Nümunə: zorbaca – lap iri, xırdaca – lap xırda, bir qədər xırda (Azərbaycan dilinin izahlı lüğəti, II cild, səh.459). Onu da qeyd edim ki, ca, cə şəkilçisinin qrammatik mənası dərslikdə də yanlış izah edilmişdir.
3. Səh.56, test 1
“Kooperativ” sözünün təhlili ilə bağlı doğru fikirlər içərisində belə bir hökm var: sözdə üç kar, iki cingiltili samit vardır. Lakin sözün sonunda cingiltili samitlər öz kar qarşılığına çevrildiyi üçün nitq öləziyir və beləliklə, son samit karlaşır. Ona görə üç deyil, dörd kar samit vardır.
4. Səh.84, test 5
Şərt: nümunədəki sual əvəzliyi hansı cümlə üzvüdür?
Belə fikir hasil olur ki, əvəzlik cümlə üzvüdür. Bu da kobud dil qüsuru sayılır. Belə yazılmalı idi: nümunədəki sual əvəzliyi hansı cümlə üzvünü ifadə edir?
5. Səh.92, test 1
Keyfiyyət bildirən sifətlər cərgəsini tapmaq tələb olunur. Halbuki, iki cərgədə keyfiyyət sifətləri verilmişdir; a) çalışqan, bacarıqlı, əliaçıq və d) şirin, turş, acı.
6. Səh 95, test 19
Şərt: “Vətən onu sevənlərin və qoruyanlarındır” cümləsinin morfoloji təhlilindəki səhvi tapın. Belə səhv iki bənddə buraxılmışdır: b) onu – şəxs əvəzliyidir; e) qoruyanlarındır – təsriflənən feldir, indiki zamandadır, halbuki, feli- sifətdir, felin təsriflənməyən formasıdır.
Cümlədən göründüyü kimi, əvəzlik “Vətən” sözünün yerində işlənib və işarə mənasındadır.
7. Səh.103, test 18
“Qoluzorlu” sözünün morfoloji təhlilindəki səhvi tapmaq tələb olunur. Halbuki, iki bənddə səhv buraxılmışdır: d) əlamət bildirir; e) çoxaltma dərəcəsindədir.
8. Səh.107, test 20
Şərtin qoyuluşu düzgün deyil, çünki cavab üçün nəzərdə tutulmuş cümlədə “o” həm şəxs, həm də işarə əvəzliyi kimi düşünülə bilər: o yaşıl meydançaya tərəf qaçdı. Ona görə şərt belə olmalı idi: müəllifin fikrindən asılı olaraq cümlələrin birində vergül yazmaq olar.
9. Səh.122, test 11
Şərt: aşağıdakılardan hansılara “lıq4″ şəkilçisi artırmaqla mücərrəd mənalı isim əmələ gələ bilər? Düzgün cavab d) nəzərdə tutulmuşdur. Lakin bu bənddə ”iki” sözü də var ki, ondan yaranan “ikilik” isim deyil, sifətdir; ikilik taxta (bax: Azərbaycan dilinin izahlı lüğəti, II cild, səh.518)
VIII sinfin test kitabçasından (TQDK)
1. Səh.8, test 8
“Püstə” sözünün fonetik təhlilində səhv cavabı göstərin. Bütün cavablar doğrudur. Müəlliflər aşağıdakı hökmü səhv cavab hesab edirlər: D) p, s, t səsləri kardır. Ona əsaslanırlar ki, dissimliyasiya hadisəsi baş verir və sözün son samiti cingiltili səslənir. Lakin hökmün verilmə metodu yanlış olduğundan hökm düzgündür.
2. Səh.9, test 7.
Belə bir şeir verilib:
Dağda meşəlik,
Gül, bənövşəlik…
Məkan bildirən neçə düzəltmə söz olduğu soruşulur. Lakin gül sözündə sözdüzəldici şəkilçi ixtisar edilib. Şagird bilmir ki, o sözü saya daxil etsin, ya yox.
3. Səh.15, test 8.
“Nə əkərsən, onu da biçərsən” cümləsində əvəzliyin məna növlərini müəyyənləşdirin.
Aydındır ki, cümlədə iştirak edən sual və işarə əvəzlikləridir. Lakin testdə belə cavab yoxdur.
Bir sıra hallarda (səh.17, test 8 və səh.19, test 9) üçüncü növ təyini söz birləşmələri arasında əlaqə həm uzlaşma, həm də idarə kimi cavabda öz əksini tapmışdır. Halbuki, belə mübahisəli məsələləri test suallarına salmaq beynəlxalq praktikaya ziddir.
4. Səh.53, test 8.
Adlıq cümlə verilmişdir və buraxılmış üzvü tapmaq tələb olunur: “Hər şeyin təzəsi, dostun köhnəsi”. Aydındır ki, cümlədə “yaxşıdır” xəbəri buraxılmışdır. Lakin adlıq cümlə olduğu üçün predikat intonasiya vasitəsilə verilir. Bu da şagirddə çaşqınlıq yaradır. Nümunədəki sual dilçilikdə mübahisəli məsələlərdən olduğundan abituriyent üçün məqbul deyil.
5. Səh.73, test 7.
“Həkimin, yəni ağ xalatlı qadının gözlərində bir razılıq, sevinc duyulurdu” cümləsində əlavənin nəyə aid olduğu soruşulur və düzgün cavab B bəndi – III növ təyini söz birləşməsinin asılı tərəfi hesab olunur. Müəlliflərin bir sıra məsələlərə yanaşması şəxsi xarakter daşıyır. Bu yanaşmalardan biri də III növ təyini söz birləşməsində həm idarə, həm də uzlaşma əlaqəsinin olduğunu iddia etməkdir. Bu testdə isə onlar öz dediklərini inkar etmiş olurlar, çünki müəlliflərin məntiqindən çıxış etsək, “həkimin gözləri” söz birləşməsində hər iki söz həm asılı, həm də müstəqil tərəf kimi çıxış edə bilər. Şagird haradan bilsin ki, müəllif hansı əlaqəni: uzlaşma, yoxsa idarədəki asılı tərəfi nəzərdə tutur.
6. Səh.77, test 6.
“Güllərin möcüzəli rəngi, su şırıltısı, dağ əzəməti, yarpaq xışıltısı – bir sözlə, təbiət gözəlliyi şairin ilham mənbəyi idi” cümləsi verilib. Soruşulur: “bir sözlə” nədir? Cavablar içərisində ümumiləşdirici və yekunlaşdırıcı sözləri vardır. Ümumiləşdirici söz dilçilik termini kimi qəbul edilsə də, yekunlaşdırıcı söz mahiyyət etibarilə fərqlənmir.
Xüsusilə ümumiləşdirici söz sonda gələndə yekunlaşdırıcı anlayışına daha uyğundur. Belə məsələlər müəllifin fikrini aydın izah edə bilməməsindən irəli gəlir və bu, çaşqınlıq yaradır.
7. Səh.110, test 2.
Şərtdə “qeyri-həmcins təyin” ifadəsi işlənmişdir. Əslində, qeyri-həmcins təyinlər olmalıdır, çünki əşyanı müxtəlif cəhətlərdən izah edən iki təyin işlənir.
IX sinfin test kitabından (TQDK)
1. Səh.8, test 2.
Təfəkkürə deyil, yaddaşa əsaslanan testdir. Şagird üçün vacib olan o deyil ki, qrammatik omonimləri əzbərləsin, əksinə, vacib olan odur ki, nitq hissələrinin qrammatik funksiyalarını fərqləndirə bilsin.
2. Səh.24, test 4.
Tabeli mürəkkəb cümlələri əlaqələndirən bağlayıcı sözü müəyyən etmək tələb edilir, lakin dərslikdə belə anlayış yoxdur.
2. Səh.28. 3-cü test.
Çaşdırmaq məqsədilə cavab yanlış inşa edilmiş cümlə (o səbəbə geyinmişdi ki, donmasın) vasitəsilə verilmişdir.
3. Səh.37, test 10.
Əvvəla, dərslikdə olmayan (əvəzlik – qəlib) dil termini barədə sual edilir. Digər tərəfdən, cavab üçün nəzərdə tutulmuş cümlədə (O, səsini belə çıxarmadı ki, qardaşı ondan inciməsin) məntiqi vurğudan asılı olaraq, cümlə dəyişə bilər və nəticədə cavab alınmaz, yəni, “belə” sözü ədat kimi deyil, elə işarə əvəzliyinin sinonimi kimi işlənərsə, cümlə özündə düzgün cavabı ehtiva edə bilməz.
4. Səh.43, test 16.
Şərtdə qarışıq tipli belə bir cümlə verilib: “Yazın o vaxtları idi ki, Abşeron bağlarında gilənarlar çiçəklərini tökür, nar ağacları isə təzəcə çiçək açırdı”.
Göründüyü kimi, bir-birilə tabesizlik əlaqəsində olan iki budaq cümlə baş cümləyə tabedir. Doğru cavabda (D) bunun tabeli mürəkkəb cümlə olduğu vurğulanır, halbuki, qarışıq tiplidir və dərslikdə öyrənilmir.
5. Səh. 69, test 6.
Bir qədər çaydan uzaq od qalamış dağda çoban,
Oyadır öz sürüsün otlaya yaylaqda çoban
beytində ikinci misra tabeli mürəkkəb cümlə kimi təqdim edilib, halbuki, sadə cümlədir. Əgər tabeli mürəkkəb cümlədirsə, onda hansı əlaqə vasitəsi olduğunu söyləsinlər. Burada nə intonasiya, nə də digər vasitələr vardır. “Çoban öz sürüsünü yaylaqda otlamağa (yaxud otlamaq üçün) oyadır” şəklində transformasiya etdikdə quruluşca növ daha aydın görünür.
Buraxılış imtahanları, 2-3 iyun, tam orta təhsil, D variantı
“Düzü, gözləməzdim heç sizdən bunu” (S.Vurğun) cümləsində modal sözün növünü göstərin.
Dərslikdə bu söz (“düzü”) əminlik bildirən modal sözlər qrupuna aiddir. Təsnifat ali məktəb dərsliyi ilə eynidir. Lakin TQDK-nın buraxdığı dərs vəsaitində təsdiq bildirənlər kimi verilib. Cavablar məhz dərslik əsasında deyil, TQDK-nın vəsaiti əsasında hazırlanıb. Bu, ciddi qanun pozuntusudur. Görünür, TQDK bu yolla öz vəsaitlərini abituriyentlərə sırımaq istəyir. Çünki testdə axtardığı düzgün cavabı dərslikdə görməyəndə abituriyent TQDK-nın dərs vəsaitini almağa məcbur olacaq.
2. Xəbərlə yanaşma əlaqəsində olur:
1) Tamamlıq
2) Yer zərfliyi
3) Tərzi-hərəkət zərfliyi
4) Təyin
5) Mübtəda
Cavablar: A) 3.5; B) 3,4; C) 4,5; D) 1,3,4; E) 1,2,3
Uyğun cavab D-dir (tamamlıq, tərzi-hərəkət zərfliyi, təyin). Lakin təyinlə xəbərin yanaşma əlaqəsilə bağlandığı barədə “Yanaşma” bəhsində heç bir məlumat yoxdur.
3. Ədat haqqındakı fikirlərdən biri səhvdir:
A) Bəzi ədatlar sözün son saitinin ahənginə uyğun olaraq 2 və ya 4 cür yazılır;
B) Ədatlar söz və ya cümlənin mənasını qüvvətləndirməyə xidmət edir;
C) Cümlənin ortasında gələn ədatın hər iki tərəfində vergül qoyulur;
D) “Bəs” sual ədatıdır;
E) “Ki” ədatı həm qüvvətləndirmə, həm də sual bildirir.
C bəndindəki hökm düzgün cavab hesab olunur, çünki digər hökmlər doğrudur. Lakin “hə”, “bəli”, “xeyr” ədatları istisnadır, çünki onlar cümlənin ortasında vergüllə ayrılır. Şagird dilemma qarşısında qalır: istisnanı nəzərə alsa, düzgün cavab yoxdur.
Nabatəli Qulamoğlu