Onun səfərinə görə küçələr bağlandı; sakinlərə bayıra buraxılmadı; sahibkarlar qara lentlə gözlədi
Ölkə başçısı İlham Əliyevin Cəlilabada səfəri ilə əlaqədar rayonda fövqəladə vəziyyət tətbiq edilib. Bu barədə “Azadlıq”a rayon sakinləri məlumat verib.
“Heç kimi küçəyə çıxmağa qoymurlar. Bir neçə gün əvvəldən gəlib sakinləri siyahıya alıblar və hamıya tapşırıblar heç kim bayıra çıxmasın. Rayonun mərkəzi küçələrini, o cümlədən Xətai küçəsini, Qurbanov körpüsünü bağlayıblar. Hər evin qarşısında bir polis və bir mülki geyimli şəxs keşik çəkir”,-deyə sakinlər bildirib.
Bundan başqa bəlli olub ki, Cəlilabadda sahibkarlar İlham Əliyevi qara lentlə gözləyiblər. Xəbəri Azadlıq Radiosu 52 yaşlı rayon sakini Rüstəm Rüstəmova istinadən yayıb. Rüstəm Rüstəmov bildirib ki, Ilham Əliyev Cəlilabadda yeni istifadəyə verilən Heydər Əliyev adına yaradıcılıq mərkəzini açarkən bəzi sahibkarlar da öz iş yerlərinin dağıntılarına bağladıqları qara lenti kəsəcəklər: “Biz illərdi Azərittifaqa məxsus binanın icarədarlayıyıq. Aramızda bu binanın payçıları da var. Mənim bilyard salonum var idi orada. Övladlarım işlədirdi. Birinin mebel dükanı, digərinin başqa biznesi vardı. Bina açılışı olacaq Heydər Əliyev Yaradıcılıq Mərkəzindən bir qədər aralıda yerləşirdi. Iki mərtəbəli qəşəng bina idi. Mərkəzə heç bir maneəçiliyi də yox idi. Gecəynən uçurtdular, hamımız işimizi itirdik. Indi onun dağıntılarına qara lenti bağlamışıq ki, mərkəzin açılışı olanda bunu da kəssinlər”.
Rayon icra hakimiyyətindən yolların bağlandığı, gediş-gəlişin məhdudlaşdırıldığı barədə deyilənlərin həqiqətə uyğun olmadığını bildiriblər.
Cəlilabad rayon polis şöbəsindən Azadlıq Radiosuna növbətçi Aslanov da bildirib ki, rayonda heç bir yol bağlanmayıb: “Heç kimə də mane olunmur”. Polisdən bildirildiyinə görə, kim hara istəyir keçib gedir.