Bizdən Gürcüstana getməyin yolu çoxdur: maşının varsa – maşınla, uçaqla, qatarla, avtobusla. Gəzmək, görmək baxımından ən yaxşısı özəl maşınla getməkdir. Bizim kimi, maşının yoxdursa, nə etməlisən? Bir-bir minik variantlarını gözdən (eləcə də cibdən) keçirməlisən. Öz maşının yoxdursa, yaxşısı uçaqla getməkdir. Min, bir saat sonra orda başqa cür desək, Tiflisdə ol. Uçaq çox bahadır – cibinə baxıb onu bəri başdan çıxdaş eləyirsən. Uzaq yola çıxan üçün qatar çox əlverişlidir, ancaq bizdəki qiymət tariflərində nəqliyyat nazirindən tutmuş, ölkə prezidentinədək çoxlarının payı olduğundan qatarın da qiyməti bahadır – 27 manat.
Demək, iş qalır avtobusa. Bakıdan Tiflisə avtobusla yol pulu 12 manatdır. Biz Barjomiyə gedəsiydik. Dost-tanış bizə Barjomiyə getməyin yolunu öyrətmiş, üstəlik, orda qalmağa ucuz qiymətə ev də tapmışdılar. Sağ olsunlar. Qalırdı getmək, getdik.
Borçalıdan sonra getdikcə hündürləşən, getdikcə sərinləşən dağlar başlayır. Barjomi dağların arasında ovuc içində balaca muncuq kimidir. Düşdüyümüz evdə bizə hər gərəyi içində üç otaq ayrılıb – günü 15 manata. Carda (Zaqatala), İlisuda (Qax) üçotaqlı belə bir evi 50 manata verməzlər. Gürcüstanda nələrsə bizdəkindən ucuz, nələrsə bizdəkindən bahadır. Özlərinin nələri varsa, bizdəkindən ucuzdur. Başlıca olaraq, sənaye malları bizdəkindən bahadır. Bu mallar isə onların özlərinin dediklərinə görə, başlıca olaraq Azərbaycandan gətirilir.
Gürcüstan, gürcüstanlılar…
1980-ci illərin sayımına görə, Gürcüstanda 5 milyon 234 min adam yaşayır. 2007-ci ilin sayımına görə, 4 milyon 500 min. Göründüyü kimi, ötən illərdə Gürcüstanda artım yerinə böyük azalma baş verib. Bunun bir nədəni Abxaziya ilə Güney Osetiyanın Gürcüstandan ayrılması faktorudursa, başqa bir nədəni ardıcıl miqrasiya faktorudur. Birinci faktorun kökündə Rusiyanın Qafqazı əldən verməmək planları durursa, ikinci faktorun kökündə Gürcüstandakı yoxsulluq durur. Bu iki faktor arasındakı bağlılıq danılmazdır: Rusiya Azərbaycanın varlanıb güclənməyini istəmədiyi kimi, Gürcüstanın da varlanıb güclənməyini istəmir.
Rəsmi statistikaya görə, Gürcüstan əhalisinin 70 faizi gürcü, 8 faizi erməni, 6 faizi rus, 6 faizi azərbaycanlıdır. Bunların arasında gürcülərdən sonra ən aktiv kəsim ermənilərdir. Ermənilər Gürcüstanın hər yerinə səpələniblər. Hər yerdə də ekonomik aktivlik ermənilərdədir. Son illərdə Gürcüstandan çoxlu sayda – minlərlə yəhudi, yunan çıxıb gedib. Hər ikisi də daha çox öz ölkələrinə – yəhudilər İsrailə, yunanlar Yunanıstana. Yunanlar onsuz da passiv olublar, aktiv xalq olaraq tanınan yəhudilərin ölkədən axını ilə ermənilərin qol-qanadı daha da açılıb; onlar yaranan boşluqdan geninə-boluna yararlanmaq olanağı qazanıblar. Sözsüz, Gürcüstan adı altında olsa belə, öz torpaqlarında yaşayan azərbaycanlıların indiki aktivliyi Gürcüstanın demokratikliyi baxımından da legitim bir görsəniş olardı. Olsaydı…
Bütün çatışmazlıqlarına baxmayaraq, Gürcüstan kimsənin dana bilməyəcəyi demokratik dövlət qururculuğu yolundadır, bu yolla dönmədən, inamla irəliləməkdədir. Ölkədə ardıcıl olaraq reformalar aparılır. Elə bu ardıcıl reformalar axarında da Qafqazın demokratik prezidenti olaraq tanınan Mixail Saakaşvili çox düzgün olaraq kadr konfiqurasiyasına ara vermir. Kadrlar dəyişir, kadrların yeri dəyişir. Burada, belə desək, Saakaşvilidən çox reformist prinsiplərin özü kadrları yerbəyer eləyir. Bax, iki qonşu dövlət arasındakı başlıca başqalıq burasındadır: bizdə kadrları korrupsioner prinsiplər yerbəyer eləyir, Gürcüstanda isə reformist prinsiplər.
Saakaşvili çıxışlarının birində demişdi: “Mən çox şeyləri İlham Əliyevdən öyrənirəm”. Saakaşvilinin bu sözləri bizdə çoxlarını acıqlandırmışdı – onlar anti-demokratik, korrupsioner rejim başçısı olaraq tanınan İ.Əliyevi Saakaşvilinin öydüyünü düşünürdülər. Ancaq gerçəkdə belə deyildi. Saakaşvilinin İ.Əliyevdən öyrəndiyi, indiki acınacaqlı Azərbaycan yönətiminə, acınacaqlı Azərbaycan dövlətçiliyinə baxıb başqa yönətim, başqa dövlətçilik yolu tutmaq deməkdi. Gürcüstan bu gün başqa yönətim, başqa dövlətçilik yolundadır – bu, demokratik yönətim, demokratik dövlətçilik yoludur.
Gürcüstanda bu gün qadın-kişi kimi dindirirsən, böyük öyünc duyğusu ilə belə deyir: “Bizdə korrupsiya yoxdur!”
Gürcüstanda uzun illər idi ki, rüşvət-korrupsiya geniş yayılmış, dərin kök atmışdı – Azərbaycanda olduğundan da artıq. Doğru-düzgün bir kimsənin – Saakaşvilinin prezidentliyə gəlişilə Gürcüstan Qafqazın qanunçu ölkəsinə çevrildi. Özü də az bir arada. Rusiyalı jurnalistlərlə qonuşmasında Saakaşvili bu fenomenə belə aydınlıq gətirmişdi: “Özüm rüşvət almadım”. Beləcə, saya bir görsəniş: ölkə prezidenti özü rüşvət almayanda ölkədə qanunçu rejim formalaşır. Qanunçu prezident qanunçu komanda formalaşdırır, qanunçu komanda qanunçu rejim oluşdurur, qanunçu rejim qanunçu dövlət faktoruna çevrilir.
Bir daha demək gərəkir: Gürcüstan doğal resurslar baxımından yoxsul ölkədir. İndilikdə dövlət büdcəsinin başlıca qaynaqları bunlardır: borjomi suyu, dünyanın bir sıra ölkələrində, o sıradan, Polşada, Çexiyada, Çində, Güney Koreyada brendə çevrilən gürcü çaxırı, gürcü konyakı. Sözsüz, bunlar dövlət büdcəsini doldurmaq baxımından yetərli faktorlar deyil.
Gürcüstanın perspektiv baxımdan çox böyük, tükənməz doğal resursu var – turizm. Ölkə boyu turizmin gəlişdirilməsi yönündə ilkin addımlar atılır: hər yerdə yollar, tunellər çəkilir, körpülər salınır (körpülərin birinin də üstünə yazılmır İlham Əliyevin, bağışlayın, Saakaşvilinin sərəncamı ilə tikilmişdir). Saakaşvili hökumətinin pul baxımından indilikdə gücü buna çatır, bunu da eləyir. Bütövlükdə turizm infrastrukturunun qurulması üçün Gürcüstana milyonlar, milyardlar gərəkdir. Azərbaycanda Gürcüstanda olduğu kimi, demokratik hökumət olsaydı, neft-qaz gəlirlərindən gələn milyardlardan Gürcüstana yönəltməklə orada ortaqlı olaraq geniş turizm infrastrukturu qurmaq olar, bu ortaqlıqdan Azərbaycan da qazanardı, Gürcüstan da. Bu işə Azərbaycan oliqarxlarının özləri də girişə bilərdilər – demokratiyaya, demokratik dövlətlərə düşmən şeflərindən qorxmasaydılar.
Gürcülər
Biz Borjomidə birinci yol olurduq. Deyilənə görə, hər il bura gələnlərin azı 70 faizi azərbaycanlılar olurmuş. Borjomi suyuna gedən yolda evinin qabağına bizim dildə “kirayə verilir” bildirişi vurmuş erməni acı-acı azərbaycanlıların son bir neçə ildə Borjomiyə çox az gəldiyini bildirir. Erməninin evindən bir az aralıda çevrədəki bütün evlərdən seçilən çox gözəl bir ev görünür. Ona “Nikolayın evi” deyirlər (II Nikolay Borjomiyə gələndə bu evdə qalırmış). Üç qatlı “Nikolay evinin” lap yuxarısında “Mirzə Rza xan – Firuzə” sözləri yazılıb. Görünür, bu evi tikdirənin adıdır. Ev dövlətin balansındadır, onu tikdirənin kimliyini öyrənə bilmədim.
Gürcüstanda 1972-ci ildə olmuşdum. Oçağkı gürcüləri indi görməzsən. Ölkəni bürüyən yurddaş savaşı, yoxsulluq öz işini görüb: gürcülər qaşqabaqlı, qaradinməz xalqa çevriliblər. Onların qaradinməzliyində Rusiya faktoru da az rol oynamır: Rusiyaya aşırı antipatiyaları üzündən rus dilini bilən yaşlı gürcülər də rusca danışmaq istəmirlər. Gənclərsə rus dilini yerli-dibli bilmirlər. Turizm faktoru baxımından gürcülərin ruscaya antipatiyaları Rusiyanın deyil, onların özlərinin itkiləri deməkdir: biz istəsək də, istəməsək də rus dili hələlik Qafqazın ortaq dilidir. Gürcülərlə danışmaq, gürcüləri danışdırmaq çox çətindir – bu faktorun özü də ölkədə turizmi gəlişdirməyə girişmiş Gürcüstan hökumətinin başlıca qayğılarından birinə çevrilməli, xalq turizmi ən azı milli gəlir qaynağı olaraq qavramaqla turistlər qarşısında gülər üzlə, sıcaq davranışla Qafqaz qonaqsevərliyi sərgiləməyə borclu olduğunu bilməlidir.
Yeri gəlmişkən, bir detala da toxunmaq gərəyi yaranır. Gürcü qadınlarının geyimindəki monotonluq (burada qadınlar başlıca olaraq qara geyinirlər) istər ölkə, istərsə də turizm estetikası baxımından ürəkaçan, gözoxşayan deyil. Ölkənin uğurlu, parlaq gələcəyi üçün hökumət reformist yol tutduğu kimi, xalq da düşüncə-davranışlarında, baxışlarında, lap elə geyimində reformadan qaçmamalıdır – sözsüz, özünün milli dəyərlərini qoruyub saxlamaqla!
Gürcüstanda yanacaq bizdəkindən çox baha, minik bizdəkindən çox ucuzdur. Oradakı yoxsulluq üzündən çox az pulla taksilə çox-çox uzaqları gəzib görə bilərsən. Biz də bacardığımız kimi bu olanaqdan yararlanmağa çalışdıq: gəzə-gəzə Batumadək gedib çıxdıq. Böyük neft terminalına çevrilməsi, turizmin gəlişməsi üzündən Batum bütün Gürcüstandan seçilən axar-baxarlı, çiçəklənən bir yerə çevrilib. Bakı ilə bağlı deyildiyi kimi, Batum özü boyda tikinti meydanına bənzəyir: hər yanda qızğın tikinti-quruculuq işləri gedir. Ancaq bu işlər Bakıdakı kimi necə gəldi, hansısa pullu adamların hərəsinin öz kefinə uyğun aparılmır; ortada açıq görünən bir düzən var. Tikilən binalarsa Bakıda olduğu kimi bir-birindən alçaq-hündürlüyü ilə deyil, bənzərsizliyi-orijinallığı ilə seçilir. Görünür, kazinoların, ilginc əyləncə-kef yerlərinin bolluğu baxımından Batum Gürcüstanın Monte-Karlosu, Las-Veqası adlandırılır. Elə bu çəkici adları qazanması baxımından da varlı azərbaycanlıların son illər Batuma çox axışdıqlarından danışırlar.
Xalqın yaşayışına birbaşa bağlılığı olduğundan bir fakta ayrıca toxunmaq istəyirəm. Bizdə rejim demokratik olmadığından bələdiyyələrin adı var, özü yox. Demokratik ölkə olaraq Gürcüstanda bələdiyyələrin geniş yetkiləri var. Bir belə neft-qaz milyardları ilə Bakıya bitişik Novxanıda kanalizasiya sistemi yoxdur. Biz Borjomidə dağa qalxdıq, haradək evlər tikilibsə, oradək – dağın başınadək! – yol çəkilib, kanalizasiya sistemi qurulub. Biz dağa qalxan yerdə, dağın, demək olar, başında, sonuncu bir neçə ev yeni tikilmiş, yolla birlikdə kanalizasiya sistemi də yenicə çəkilərək bu evlərədək uzadılmışdı. Bütün bu işlərisə bələdiyyə görür. Bizdə Azərbaycanın bəlasına çevrilmiş YAP üçün tikilən gözəl binalara bənzər binalar Gürcüstanda bələdiyyələr üçün tikilir. Gürcüstanda bələdiyyələr işləyir, bələdiyyələr xalqın işinə yarayır.
Gürcüstanın ən ucqarlarında, ən hündür dağ yerlərində də qaz yanır – Azərbaycan qazı. Hər yerdə qaz yanması üzündən Gürcüstanın meşələri toxunulmaz qalır. Azərbaycanın meşələri Əliyevlər dönəmində qırılıb kor qoyulub: qazın olmaması, bir də hakimiyyətə bağlı mebel mafiyasının özbaşınalığı üzündən.
Ermənilər
Yuxarıda göstərildiyi kimi, Gürcüstanda erməni çoxdur. Hara getsən, erməniləri görərsən. Ən çox da pul çıxan yerlərdə. Özləri də hər yerdə bizə açıq nifrətlə baxırlar. Olduqca ilginc, erməniyə, erməniliyə yaraşan xarakterik görsənişdir: Qarsdan, Göyçə-Zəngəzurdan Qarabağadək bir sıra böyük dövlətlərə arxalanaraq bizim xalqımızı qıran, bizim torpaqlarımızı ələ keçirən də bunlar, bir millət olaraq bizə nifrətlə baxan da bunlar. Ermənilərin, erməniliyin düşüncəsinə görə, onların yaşadığı ölkədə, onların yaşadığı bölgədə, onların yaşadığı dünyada biz yaşamamalıyıq. Bunlar yalnız onların erməni xarakterindən gələn baxışlar deyil, bunlar bir də kitabları ilə, başlıca olaraq Rusiya mediasındakı anti-Türk yazıları ilə Zori Balayan başda olmaqla, erməni “intelligensiyasının” aşıladıqlarıdır. Onlar elə hey Türkiyədə türklərin erməniləri qırmalarından yazmaqla özlərinin yaratdıqları “vəhşi” türk obrazının parlaqlığını qoruyub saxlamağa çalışırlar.
Gürcüstanda gördüyüm çoxsaylı ermənilərdən yalnız biri mənə gülümsər baxışla yanaşaraq mənimlə tanış olmaq istədiyini bildirdi. Az sonra onun İncil (yevangelist) missioneri olduğu ortaya çıxdı…
Gürcülərin quruluqları (buna bizdə gürcü eqoizmi deyirlər), özlərini dartmaqları var, ancaq gerçək bir qafqazlı olaraq onlarda başqasına kələk gəlmək, başqasını aldatmağa çalışmaq, yalançılıq kimi yaramaz özəlliklər yoxdur. Bunlar ermənilərin tipik özəllikləridir.
Musurmanlar
Rəsmi statistikaya görə, Gürcüstanda sayca üçüncü xalq azərbaycanlılardır. Gürcüstanın sayca ikinci xalqı olan erməniləri hər yerdə görmək olar – alver obyektlərindən qəzetlərə, dövlət strukturlarınadək. Azərbaycanlılardan da dövlət strukturlarında olanlar var, ancaq olduqca az. Olanlar da aparıcı rol oynamaqdan çox uzaqdırlar.
Borjomi parkında gəzərkən öz fotoaparatımızla birgə şəkil çəkdirmək istədik. Qıraqdan kimsə aparatın düyməsini basmalı idi. Yaxınlıqdakı oturacaqda 10-12 yaşlarında üç uşaq oturmuşdu. Onlara üz tutub (rusca) bizim şəklimizi çəkmələrini istədik. Onlardan ən böyüyü böyüklük eləyib “Biz musurmanıq” dedi. Adlarını öyrəndim: Baloğlan, Ramin, İlham. Bu uşaqlar özlərini TÜRK bir yana qalsın, azərbaycanlı olaraq da tanımırdılar – XXI yüzilin Azərbaycan uşaqları! XXI yüzildə “musurman” düşüncəsi ilə böyüyən uşaqların haçaqsa milli mənlik faktoruna, milli mənlik daşıyıcısına çevriləcəyinə inanmaq çətindir.
Kimsə mənim üç uşaq faktına görə bəlli bir toplumu qınaq obyektinə çevirdiyimi düşünə bilər. Elə isə başqa bir fakt. Bakurianiyə getmişdik. Orda qoyun kəsib satan iki gürcüstanlı soydaşımızla danışıb-qonuşdum. Onlar da “musurman” idilər. Tiflisin Dedubi bazarındakı bir çox soydaşımızı danışdırdım. Onların hamısı “musurman” çıxdı. Yalnız biri özünü “azəri” adlandırdı…
Mən daha çox bazarlarda gördüyüm, danışdırdığım əməkçi soydaşlarımızı qınamıram, qınamaqdan uzağam. Ancaq Gürcüstana bağlı tanınmışları, sözügedən soydaşlarımızın tanınmış yerlilərini qınamaya bilmərəm. Suçlu onlardılar. Nəriman Nərimanovun böyüklüyündən gəlib Bakıda danışmaq yerinə, o böyüklüyü gürcüstanlı soydaşlarımıza tanıtmaq gərəkdir. N.Nərimanov XX yüzilin başlanğıc çağlarında yazdığı yazılarda yalnız millətimizin adı olaraq TÜRK anlayışını işlədilirdi. Onun Stalinə yazdığı acıqlı məktubunda da millətimizin adı olaraq hər yerdə TÜRK anlayışı işlədilir. Bu gün Gürcüstan azərbaycanlılarına kimlərinsə öyünc yerinə çevirdiyi “öz təyyarəsi olanlardan” çox, o topluma İsa Sadıqov, İsaxan Aşurov kimi milli mənlik duyğusu aşılamaq üstünlüyünə yiyələnmiş kimsələr gərəkdir. Uçaqdan öncə insanı uçuracaq, ona qol-qanad verəcək başlıca faktor MİLLİ MƏNLİK duyğusudur!
Rusdilli gürcü yazıçısı Mixail Qiqolaşvilinin “Şeytan təkəri” romanının personajlarından biri narkotik almaq üçün “Azərbaycana, tatarların yanına gəlir”. Rusiyalı jurnalistlə qonuşmasında Qiqolaşvili bu momentə belə aydınlıq gətirir: “Saakaşvili hökuməti narkotik alverinə son qoyduğundan indi narkotik dalınca Rusiyadan Azərbaycana axışırlar”. Bax, belə!
Burada bir detala toxunmadan kçmək olmaz. Almaniyada universitet professoru olan Qiqolaşvili bizimlə bağlı “tutumlu” TATAR anlayışını elə-belə işlətmir: bu anlayışın arxasında bizi kimlərəsə özünün istədiyi kimi (monqol-tatarların qalıqları olaraq!) tanıtmaq siyasəti durur. Bu yerdə mənim deyəcəyim bir söz var: Türklüyümüz – böyüklüyümüzdür! Kimlərsə bunu anlasalar da, anlamasalar da…
P.S. Doğal resurslar baxımından yoxsul, ancaq korrupsiyadan uzaq Saakaşvili Gürcüstanında pensiya 100 manat, milyardlarla gəlir gələn, ancaq bütünlüklə korrupsiyaya bulaşmış Əliyevlər Azərbaycanında 85 manatdır. Hərçənd, Gürcüstanda bizdən ucuzluqdur, bir neçə fakt: Gürcüstanda qoyun əti 5, mal əti 6 manat, yağ bizdəkindən qat-qat ucuzdur. Elə buna görə də 70-ci illərdə olduğu kimi, azərbaycanlılar indi də Gürcüstandan yağ, ət alıb gətirirlər.
P.P.S. Gürcüstanda bir azdan parlament seçkisi keçiriləcək (gələn il prezident seçkisi). Yaxınlaradək Daxili işlər naziri olmuş indiki baş nazir Vano Merabişvili Gürcüstanda korrupsiyaya son qoyulmasında çox böyük rol oynayıb. Mənə elə gəlir, gələn prezident seçkisinin baş fiqurantı o olacaq. Ancaq başlıcası bu deyil, başlıcası gürcü xalqının seçim hüququnun olmasıdır. Bizdə, bəlli olduğu kimi, seçim hüququ xalqın deyil, legitimlikdən uzaq hakimiyyət başçısınındır. Bu da gürcü xalqı ilə Aazərbaycan xalqı arasındakı daha bir ayrıntıdır: birincidə xalq statuslu, ikincidə statussuzdur.