Dolma bol olarsa, basılmaz vətən
Son günlərin əsas müzakirə mövzularından biri də ölkəmizdə keçirilən “dolma festivalı” ilə bağlıdır. Sosial şəbəkələrə nəzər salanda qydın görünür ki, cəmiyyət hökumətin bu “uğur”unu ironiya ilə qarşılayır, lətifə mövzusuna çevirir. Çünki, hökumət ən xırda detaldan da “inkişaf nərdivanı” düzəltməyə cəhd edir. Ermənidən 1 qarış torpağı geri ala bilmirlər, amma dolmanın Azərbaycana məxsus olduğunu ermənilərə sübut etdiklərinə görə qürrələnirlər. Sanki, bizim yeganə problemimiz, beynəlxalq aləm qarşısında öhdəliyimiz yalnız dolmayla bağlıymış.
Amma cəmiyyətin “dolma festivalı”nı ironiya ilə qarşılması da hökumətin təbliğatına əngəl törətmir. Rəsmi təbliğat dolmanın arxasınca inkişafa doğru addımlamaqdadır.
Məlumata görə “Euronews” telekanalının yeni “Taste” proqramı Azərbaycan milli mətbəxi ilə tanışlığı yarpaq dolmasından başlayıb. “Azərtac” xəbər verir ki, italiyalı müxbir Klaudio Rosmino Bakıda “Ay qonşu” restoranının baş aşpazı Elmin Şərifovla birgə bazardan yarpaq dolması üçün lazım olan məhsulları alıb, dolmanın hazırlanma qaydasını öyrənib, bu sözün mənası ilə maraqlanıb və.s Hətta Elmin Şərifov dolmanı bişirməklə yanaşı, bu yeməklə bağlı uşaqlıq xatirəsini bölüşüb, Klaudio Rosminoya yarpaq dolmasının içliyində istifadə olunan inqrediyentləri, o cümlədən ilin fəslindən asılı olaraq içlik hazırlamağın özəlliyini, dolmanın süfrəyə verilmə qaydasını izah edib.
Sanki, cəbhə bölgəsindən isti-isti xəbərlər verirlər, azad olunan rayonlarla bağlı son məlumatları çatdırırlar. Bəli, artıq dolma hökumətin növbəti inkişaf strategiyasının əsas personajıdır.Dolma müharibəsi davam edir və bu gedişlə hökumət müharibəni udacaq. Bu israrlı təbliğatdan da aydın olur ki, dolmanı düşmənə təslim etmək niyyətləri yoxdur və son nəfəslərinə qədər döyüşəcəklər. Əlbəttə, dolma bol olarsa, basılmaz vətən. Dünyanın nüfuzlu telekanalları bizim dolmanın izinə düşüblərsə,bu, hökumətin təxirəsalınmaz islahatlarının nəticəsidir. Böyük ehtimalla, bizi böhrandna dolma çıxaracaq. Artıq əcnəbi dolmalar “ağ bayraq” qaldırıblar.
Samir