Elnur Məmmədli məğlubiyyətin günahını hakimlərin üstünə atdı

“Vədimə əməl edə bilmədim, başqa sözüm yoxdur”. Bunu apasport.az saytına Elnur Məmmədli (81 kq) deyib. 26 yaşlı cüdoçu XXX London Yay Olimpiya Oyunlarında ilk görüşündəcə uduzmasına münasibət bildirib: “İndi daha çox tək qalmaq istəyirəm. Məni rahat buraxın. Rio-de-Janeyroda keçiriləcək Olimpiadaya hələ 4 il var, indidən nə deyim? Pekindən sonra nə vəd etməli idim ki? Siz necə düşünürsünüz? Onda deməli idim ki, Londonda qızıl xal uğrunda – əlavə vaxtda da uduzmayandan sonra hakimlər qələbəni rəqibimə verəcəklər? Məni tək buraxın ki, nəyin baş verdiyini düşünüm”.

Xatırladaq ki, 4 il əvvəl Pekin Yay Olimpiya Oyunlarında – 31 iyulda qızıl medal qazanan Elnur Məmmədli bu dəfə elə bu tarixdə məğlub oldu.