Britaniya televiziyası Azərbaycan rəsmilərinin qara bazarda Olimpiya biletləri satdığını bildirir
Britaniyanın “Sky News” televiziyası Londonda Azərbaycan rəsmilərinin Olimpiya yarışlarına qanunsuz şəkildə bilet satdıqları haqda reportaj verib. “BBC Azərbaycanca”nın yaydığı məlumata görə, televiziya iddia edib ki, gizli çəkiliş vasitəsilə Azərbaycan rəsmilərinin Olimpiya oyunlarının keçirildiyi “Excel” mərkəzinin qarşısında bilet satdığını aşkara çıxarıblar.
Televiziyanın reportyoru bildirib ki, özünü Azərbaycan nazirliyinin işçisi kimi təqdim edən bir kişi qara bazarda “pulsuz” biletlər satır. Biletlər avqustun 3-ə planlaşdırılan yüngünçəkili boks oyunlarını izləmək üçündür. Üzərində “Azərbaycan Olimpiya Komitəsi” yazılmış biletlərin qiyməti 20 funtdur.
Satıcı ingiliscə bilməsə də, onun dostu tərcümə edib ki, o, artıq bir neçə bilet satmağa nail olub.
“Azərbaycan nazirliyi ona biletləri verib. Biletlər heç cür saxtalaşdırıla bilməz. Azərbaycan bayrağı ilə kimi görsən, yaxınlaş, onlarda mütləq əlavə biletlər olacaq.
Bu insanlar Azərbaycan nazirliyi üçün işləyir və nazirlik onlara bu biletləri verir ki, milli yığmaya azərkeşlik üçün paylansın. Onlar sadəcə bileti satır və pul əldə edir, bu qədər sadə”, – deyə televiziyanın xəbərində bildirilir.
Azərbaycan rəsmisi məsələyə öz münasibətini bildirib. “Olimpiya oyunlarının keçirildiyi Excel mərkəzinin qarşısında bilet satan şəxs azərbaycanlı ola bilməz. Çünki azərbaycanlıların özlərinə bilet çatışmır” – bu sözləri BBC Azərbaycancaya müsahibəsində London 2012 Olimpiya Oyunlarında Azərbaycan nümayəndə heyətinin rəhbəri İlham Mədətov deyib.
Britaniya qanunlarına görə, tədbir biletlərini satmağa görə 20 min funt cərimə və 6 ay həbs cəzası nəzərdə tutulur. Oyunlar başlamazdan əvvəl London polisi 29 nəfəri Olimpiya biletlərini alıb yenidən satmağa görə həbs edib.