Pentaqondan Əsədə: “Cəhənnəm ol, indi get!”

Suriyada vətəndaş müharibəsi davam edir, üsyançılar rejimin 40 polisini öldürdü

Suriyada vətəndaş müharibəsi davam edir. Bəşər Əsədin əmrindəki hökumət qüvvələri Hələb şəhərini nəzarətə götürmək üçün hücumlarını artırıb. Hərbi əməliyyatların beşinci günündə Hələbin beş rayonu artilleriya atəşilə bombardman edilib. Şəhərin mərkəzinin hökumət qüvvələrinin nəzarətinə keçdiyi bildirilir. Müxaliflər isə hökumət qüvvələrinə dirəniş göstərir.
Üsyançılar da müxtəlif istiqamətlərdə Əsəd qüvvələrinə qarşı hücumlarını artırıblar. Şəhərdəki polis idarəsinə hücum zamanı 40 polis əməkdaşı öldürülüb.
Paytaxt Dəməşqdə də döyüşlər şiddətlənib. Hökumət qüvvələri müxaliflərə yönəlik hücumlarda qırıcılardan və yaxınmənzilli raketlərdən istifadə edir. Qarşıdurmalar nəticəsində 35-dən çox insanın öldüyü bildirilir.
Bu arada, ABŞ-ın müdafiə naziri Leon Panetta Bəşər Əsədin devrilməsindən sonra Suriyada ordunun nəzarəti ələ almalı olduğunu deyib. Panetta Suriya diktatoruna çağırış edib: “Əgər özünü və ailəni qorumaq istəyirsənsə, indi cəhənnəm olub getməyin zamanıdır”.
Tunisdə CNN-ə müsahibə verən Pentaqon şefinin fikrincə, Əsəd gedəndən sonra, ölkədə sabitliyi təmin etmək çox əhəmiyyətlidir. Nazir daha sonra Əsədə mesaj göndərib. Panetta bildirib ki, Əsəd ürəyinin dərinliklərində başının bəlada olduğunu bilir.
Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan və ABŞ prezidenti Barak Obama telefon söhbətində Suriya diktatoru Bəşər Əsədin hakimiyyətdən uzaqlaşdırılması üçün səylərin əlaqələndirilməsi məsələsini müzakirə ediblər. Bu barədə Ağ evin mətbuat xidməti məlumat yayıb. Telefon danışığı Türkiyə baş nazirinin təşəbbüsü ilə baş tutub. Səylərin əlaqələndirilməsi Bəşər Əsədin hakimiyyətdən uzaqlaşdırılmasını ehtiva edir və Suriya xalqının qanuni tələblərinə uyğun olmalıdır.
Obama və Ərdoğanın Suriyada Bəşər Əsədin devrilməsinin sürətlənməsini müzakirə etməsi Rusiyanın etirazına səbəb olub. Kremlə yaxınlığı ilə tanınan rəsmi xəbər agentliyi “RIA Novosti” Ərdoğanla Obama arasındakı telefon danışığını “BMT çərçivəsindən çıxan ciddi addım” kimi təqdim edib. Agentlik “ABŞ-ın çəkinmədən Bəşər Əsəd rejiminin qısa zaman ərzində devrilməsi üçün region ölkələrilə müzakirələri sürətləndirdiyini” bildirib.