Daş və çınqılı əridən mədələr

Möhtərəmin humanistliyi və qayğıkeşliyi sayəsində Qobustan və Şabran rayonlarında daxili yolların bərpasına nə təhər start veriblərsə, səsi televiziyalardan çıxır. Dünən Mərəzə-Xilmilli yolunda görülən işlər barədə qəşəng, kefin istəyən bir süjet verdilər.
Deməli, 23 kilometrlik uzunluğu olan, 7-8 kəndi rayon mərkəzi ilə birləşdirən bu yolun bərpasına 7,5 milyon manat vəsait ayrılıb.
Ilk baxışda gözəl təşəbbüsdür – kənd sakinlərinin qayğısına qalınır; hətta kameralara üzünü tutub, dil-ağız eləyən sürücü də tapılır. Ancaq məsələnin mahiyyətini rayon sakinlərindən başqa kimsə bilmir.
Bu 7,5 milyon manat 23 kilometrlik kəndlərarası yolun tikintisinə yox, bərpasına ayrılıb. Bu rayon daxilində cəmi bircə istiqamətə asfast yol var, o da Mərəzə-Xilmilli yoludur. Sovet dönəmində çəkilib. Indi də hər dəfə bu rayona yol tikintisi üçün vəsait ayrılanda, məhz bu yolun – Mərəzə-Xilmillinin “təmir-tikinti” işlərinə girişirlər.
Bu yolda son təmir işləri ötən iş başa çatdırılmışdı. Cəmi bir il keçdi və Qobustan rayonu üçün ayrılan 7,5 milyon yenidən həmin yolun “bərpasına” yönəldildi.
O yolu təzəliklə gedən şəxs kimi deyirəm: ötənilki kimi, yenə çuxurlar yamanır, batmış, dağılmış yerlər bərpa edilir – vəssalam! Qısası, 7,5 milyonu silmək üçün başıdaşlı Mərəzə-Xilmilli yolundan sui-istifadə edilir. Əmin ola bilərsiniz, heç bir il də keçməyəcək, həmin bu yol yenidən bərbad vəziyyətə düşəcək, yenidən dövlət büdcəsindən pul ayrılacaq, yenidən “təmir-bərpa işləri” başlayacaq.
Halbuki, 7,5 milyon manata cəmi 28 kəndi olan balaca Qobustan rayonunun əksər hissəsinə yol çəkmək mümkündür. Cəhənnəm, qoy, yarıtmaz olsun, ancaq yeni yol çəkilişi aparılsın!
Olmazmış, yol çəkmək qadağanmış; hörmətlinin büdcədən ayırdığı fantastik məbləğlər yalnız mövcud yolların “bərpasına” getməliymiş. Niyə? Yenə pul silinəcək, yenə kimlərinsə cibi dolacaqsa, niyə vəsait yolsuz kəndlərə sərf olunmur?
Çünki onda ayrılan vəsaitin bir hissəsini xərcləmək lazım gələcək. Bunlar isə xərcləmək istəmirlər, daha doğrusu, podratçı şirkətə gəlib çatan vəsait yeni yolun heç bir kilometrini çəkməyə bəs eləmir. Yeyintini pərdələmək və “8 kəndi birləşdirən yol” statistikasını gözə soxmaq üçün “yol yamamaq”dan ayrı əlac olmadığından, “bərpaya” üstünlük verirlər.
Şabran-Pirəbədil-Zilbə yolu da eyni “yolyemə” siyasətinin məntiqi davamıdır. Bu yola da 7,5 milyon manat vəsait ayrılıb; bu yol da köhnədən vardı; bu yolda da dəfələrlə təmir-bərpa işləri aparılıb…
Azərbaycanın bütün yolları belə çəkilib. Adi bir statistikaya baxın: “Akkord” Şirkəti Kutaisi rayonu yaxınlığında 17,3 kilometrlik dairəvi beton yolun çəkilişini aparır – cəmi 55 milyon avroya. Həmin “Akkord” Bakıda 17 kilometrlik aeroport yolunun tikintisini isə 200 milyon manata gerçəkləşdirmişdi. Həm də necə?
Cəmi 3 il əvvəl təhvil verilən aeroportun beton yolu 4 dəfə “təmirə”, 6 dəfə “bərpaya”, 8 dəfə “yenidənqurmaya”, 10 dəfə “beynəlxalq standartlara uyğunlaşdırmağa” bağlanıb. Bu beton yolun dağılması barədə xəbərlər ildə 15 dəfə informasiya portallarını bəzəyir.
Ancaq həmin “Akkord”un Gürcüstanda çəkdiyi və 3-4 ildir təhvil verdiyi yolların heç birində problem yaşanmayıb. Niyə? “Akkord”un Azərbaycanla nə düşmənçiliyi var?..
Azərbaycanda yeni yol çəkilərkən köhnə yol dağıdılır, sürücülər “müvəqqəti istifadə üçün” dolama, torpaq yollardan istifadə edir. Çünki insanlar əziyyət çəksə də, belədə şirkət daha az xərcə düşür. Nəzərə alın ki, Azərbaycanda bərpa edilərkən yola tökülən çınqılları bərkitmək “qayğısına” da şəxsi avtomobillər qalır.
Ancaq eyni şirkət Gürcüstanda köhnə yolu dağıtmır, yenisini sıfırdan, daha artıq məsrəflə çəkir. Buna baxmayaraq, Gürcüstanda çəkilən daha keyfiyyətli və məsrəfli yol Azərbaycandakından 4 dəfə ucuz başa gəlir.
Ölkənin reallığı budur: daha çox yemək, çınqılı, daşı, armaturu da həzm-rabedən keçirmək və heç bir iş görməmək, yeni yol salmamaq, köhnələri də elə bərpa etmək ki, cəmi 6 aya sıradan çıxıb yarıtmaz vəziyyətə düşsün…