Sumqayıt-1963: Antisovet çıxışları kimlər təşkil etmişdi?

 

40 il əvvəl Sumqayıtda nə baş vermişdi?..

 

Tom De Vallın “Qara Bağ” kitabının rus nəşrində bu hadisəyə qismən aydınlıq gətirilib. Müəllif yazır: “1963-cü ildə-Xruşşovun hakimiyyəti illərində Sumqayıtda ciddi çaxnaşma baş verdi. 1963-ci il noyabr ayının yeddisində Oktyabr inqilabının növbəti ildönümünə həsr edilmiş nümayişdə Boru Prokat Zavodunun bir qrup fəhləsi əsas dəstələrdən ayrılaraq şəhər rəhbərliyinin dayandığı tribunaya üz tuturlar və mədəniyyət evinin fasadından Xruşşovun böyük portretini qoparıb ayaqları altına atırlar. Milislər rezin zopaları işə salsalar da, meydanda bir neçə saat sonra əmin-amanlıq yaradılır”.

Əvvəli ötən saylarımızda

Azərbaycan KQB-si prosesin gedişinə müdaxilə edir

Mənbələrin yazdığına görə, fəhlələrin qiyamının arxasında iqtisadi tələblər dururdu: “Fəhlələr şəhərin çörəklə təminatında yaranmış problemə və qiymətlərin artmasına etiraz edirdilər. Başqa bir versiyaya görə, kortəbii qiyamın arxasında ermənilərin əleyhinə çağırışlar dururdu. Bu ərəfədə Stepanakertdə azərbaycanlılarla ermənilər arasında dava düşmüşdü və bir azərbaycanlı gənc qətlə yetirilmişdi. Üçüncü versiyaya gorə, 1963-cü il qiyamının təşkilatçıları 1973-cü ildə onun 10 illiyini qeyd etmək üçün hazırlıq tədbirləri görmüş, lakin Azərbaycan ”KQB”-si onun qarşısını almışdır”.

Müəllif mənbə kimi Sumqayıtın keçmiş və indiki üç sakininin müsahibəsini göstərir. Eldar Zeynalovun 2000-ci il noyabrın 9-da, Eyruz Məmmədovun 2000-ci il noyabrın 24-də Sumqayıtda, Rafiq Xaçaryanın 2000-ci il dekabrın 15-də Yerevanda verdiyi müsahibələrdən stat gətirilir.

Biz həmin dövrün Azərbaycan qəzetlərini də araşdırdıq. “Sosialist Sumqayıtı” qəzetində bununla bağlı heç bir məlumata rast gəlmədik. 1963-cü ilin “Kommunist” qəzetində isə respublikanın şəhər və rayonlarında noyabr nümayişi haqqında məlumat verilib. Amma nədənsə Sumqayıtın adı belə, çəkilmir.

Sumqayıt, 1988-ci il, fevral: Mitinqi kim idarə edirdi?

Əslində 1988-ci ilin fevralında ilk mitinqi nə Əhməd Əhmədov, nə də onunla birlikdə Moskvada SSRI Ali Məhkəməsində mühakimə olunanlar, nə də Kuybuşev, Penza vilayət məhkəmələrinin, Azərbaycan Ali Məhkəməsinin hakimlərinin iş kəsdiyi şəxslər aparıb. Zərdüşt Əlizadə “Azərbaycan elitası və kütlə SSRI-nin dağılması dövründə. (Mübarizə zamanı haqqında məqalə-memuar)” məqaləsində yazır: “Dağlıq Qarabağda azərbaycanlıların öldürülməsi və ləyaqətinin təhqir edilməsi haqqında ilk dəfə birinci Sumqayıt mitinqində danışılmışdır. Mitinq Sumqayıt Şəhər Partiya Komitəsinin binası qarşısındakı Lenin meydanında keçirilmişdi. Şahidlərin fikrincə, ilk mitinqdə 40-50 nəfər iştirak etmişdir. Səhəri gün keçirilən mitinqdə iştirakçıların sayı bir neçə min nəfər olmuşdur. Çıxış edənlər meqafondan istifadə etmişlər. Ikinci mitinqdə Sumqayıt Şəhər Partiya Komitəsinin ikinci katibi Mələk Bayramova çıxış edərək ermənilərin Azərbaycandan çıxarılmasını tələb etmişdir. Mitinqdə çıxış edən şair Xıdır Alovlunun çıxışı daha sərt olmuşdur. O, çıxışını ”Ermənilərə ölüm!? şüarı  ilə bitirmişdir”.

Cahangir Müslümzadə: “Mən bu partlayışı gözləyirdim”…

SSRI Ali Məhkəməsində hakim Brize demişdi: “Sumqayıt Şəhər Partiya Komitəsinin kecmiş birinci katibi Cahangir Müslümzadə Sumqayıt faciəsinə görə Respublika və SSRI    rəhbərliyini günahlandırmışdı. Azərbaycan KP MK-nın 1988-ci il mayın 21-də keçirilən plenumunda, büro iclasında bu barədə ətraflı danışmışdır”.

Cahangir Müslümzadə isə 10 oktyabr 1988-ci ildə “Pravda” qəzetinin xususi müxbirləri Z.Qədimbəyova və G.Ovçarenkoya verdiyi musahibədə deyirdi: “Doğrusunu desəm, mən bu partlayışı gözləyirdim. O, çoxdan yetişməkdə idi və başlanması üçün bəhanə lazım idi. Bəhanə tapıldı: Qarabağ hadisələri”.

Ən məlumatlı dövlət adamlarının bəyanatlarında nə deyilir?

Biz bu hadisədən bir neçə il sonra Azərbaycan KP MK-nın katibi Həsən Həsənovun bir etirafını diqqətə çatdırmaq istəyirik. Həsən Həsənov 1990-cı il yanvarın 8-də Bakıda partiya təssərrüfat fəallarının yığıncağında deyib: “Bəs biz Azərbaycan KP MK, Azərbaycan Respublikasının Ali Soveti – buna qarşı nə etdik? Ürək ağrısı ilə özünütənqidlə, bir daha özünütənqidlə və bir daha özünütənqidlə qeyd etməliyəm ki, biz buna qarşı gözləmə siyasətini, vaxt uzatmanı, respublika daxili dinməzlik siyasətini, ittifaq mətbuatının şişirdilmiş aşkarlığını, qarşıdurmanın özünün inkarını, güzəştlər siyasətini, volyuntarist uydurmaları, əsaslandırılmamış razılaşma siyasətini, filantropik birtərəfli barışığı qoyduq. Bizim hər birimizə – vəzifəli şəxsə, mərkəzi razı salmağı xalqın hörmətindən üstün tutan adam kimi baxırlar”.

Ölkəyə rəhbərlik etmiş Ayaz Mütəllibov Sumqayıt hadisəsi ilə bağlı 1991-ci ilin mayın 11-də “Kommersant” qəzetinə verdiyi müsahibədə və xarici jurnalistlər üçün mətbuat konfransında Sumqayıt hadisələrini bir qrup dönük azərbaycanlının törətdiyini deyir. Onun fikrincə, “vaxt gələcək, hadisələrin əsl mahiyyəti təfərrüatı ilə açılıb deyiləcək”. Amma 1991-ci il avqustun 26-da (QKÇP yıxılandan sonra)  A. Mütəllibov respublika televiziyası ilə xalqa muraciətində demişdi: “Kreml kabinetlərində oturanlar əvvəl Sumqayıt, sonra Bakı hadisələrini törətdilər”.

Mərhum dövlət başçısı Heydər Əliyev isə deyirdi: “Bu, yəni Sumqayıt hadisələri müəyyən qüvvələr tərəfindən, tək erməni milləti yox, ola bilər onların Azərbaycan Respublikasında olan bəzi köməkçiləri ilə birgə törədilibdir. Həmin illərdə Azərbaycan respublikasına rəhbərlik edən adamlar, rəhbər işçilər bunu vaxtında özləri üçün araşdıra bilməmişlər. Məndə olan məlumata görə, Sumqayıt hadisələrinin qarşısını elə o günü almaq olardı”.

Bəs niyə alınmayıb?.. Yuxarılarda hansı intriqalar var idi?..

Bu sualın cavabını nə meydanlarda, nə də məhkəmə zallarında axtarmaq lazım deyil. Qorbaçovun baş katib təyin olunması, Əliyevin Siyasi Bürodan, Nazirlər Sovetinin sədrinin birinci müavini vəzifəsindən uzaqlaşdırılması Azərbaycanı idarəolunmaz vəziyyətə gətirmişdi. Elə buna görə də Sumqayıt Şəhər Partiya Komitəsinin birinci katibi Cahangir Müslümzadə, Bakı Şəhər Partiya Komitəsinin birinci katibi Fuad Musayev, Azərbaycan KP katibləri Ramiz Mehdiyev və Həsən Həsənov siyasi Büronun Qorbaçova yaxın üzvləri ilə danışıqlar aparırdılar. Həmin mənbənin verdiyi məlumata gorə, Müslümzadə Moskvaya birinci katib təyin olunmaq məqsədilə razılıq söhbətlərindən keçmək üçün getmişdi. Əgər belə deyilsə, birinci katib məzuniyyətini niyə Moskvada keçirirdi? Biz Müslümzadə haqqında Azərbaycan KP MK-nın qərarına qayıdacağıq. Amma həmin qərardan bir neçə cümləni nəzərdən keçirək: “Baş vermiş faciəli hadisələr üçün Sumqayıt Şəhər Partiya Komitəsinin birinci katibi C.M.Müslümzadə yoldaşın üzərinə şəxsən böyük məsuliyyət düşür. Dəfələrlə xəbərdarlıq edildiyinə baxmayaraq, o, məzuniyyətdən dərhal qayıtmaq barəsindəki göstərişləri yerinə yetirməmiş, Sov. IKP MK-nın tələblərinin yerinə yetirilməsi üçün yubanmadan iş təşkil etmək haqqında respublika partiya fəallarının qərarlarına etinasızlıq göstərmişdir”.

Corc Soros Əliyev mafiyası haqqında nələr yazır

(ardı var)