ip-48milyard

İctimai Palata 48 milyardın hesabatını istədi (VIDEO)

ip-48milyard“Azərbaycan xalqından oğurlanıb offşor zonalara yerləşdirilən vəsait bundan xeyli artıqdır”

“Bu vəsait ölkəyə yönəldilsəydi, xeyli iş yerləri açılar, əmək haqları və pensiyalar artırdı”

Azərbaycandan 48 milyard dolların çıxarılması və offşor zonalara yerləşdirilməsi İctimai Palatanın da diqqətindən kənarda qalmadı. Dünən qurum bu məsələ ilə bağlı ekspertlərin və iqtisadçıların iştirakı ilə ictimai dinləmə təşkil etdi. Qısaca xatırladaq ki, bu fakt Londonda fəaliyyət göstərən və Britaniya parlamentinin nəzarətində olan “Tax Custice Network” adlı qeyri-hökumət təşkilatının “Offşor zonaların qiyməti” adlı hesabatında açıqlanmışdı. Hesabat müəllifləri ayrı-ayrı ölkələrin, eləcə də Azərbaycanın son 19 ildə offşor zonalara daşıdığı vəsaitin məbləğini açıqlamışdı.

“Bu milyardlar Azərbaycan xalqının olmalı idi”

Tədbirin moderatoru İP Koordinasiya Şurasının üzvü, AXCP sədri Əli Kərimli çıxışına Əliyevlər ailəsinin Dubaydakı mülklərini, iri bank sistemindəki paylarını xatırlatmaqla başladı. Britaniya təşkilatının hesabatından danışan Ə.Kərimli bildirdi ki, normal ölkələrdə mövcud durum yaşansaydı, prezident dərhal istefa verərdi: “Son vaxtlar aparılmış jurnalist araşdırmaları Azərbaycanın çox mühüm, zəngin çovdar qızıl yataqlarının da hakim ailə tərəfindən ələ keçirildiyini faktlarla ortaya qoydu. Amma bu məlumatlar aşkarlandıqca Azərbaycan cəmiyyətində belə fikir formalaşırdı ki, onsuz da bunlar sərvətin hamısı deyil. Oğurlanan vəsait daha çoxdur. Bugünlərdə Britaniya parlamentinin nəzarətində olan bir təşkilat son 19 ildə Azərbaycandan çıxarılaraq offşor zonalara yerləşdirilmiş pulun miqdarını açıqladı. Söhbət, 48 milyarddan gedir. Əlbəttə ki, 48 milyard Azərbaycandan oğurlanan, daşınan pulun hamısı deyil. Yalnız offşor zonalara apırılmış puldur. Söhbət, Avropaya, MDB məkanına, Rusiyaya, Türkiyəyə, Ərəb dünyasına yerləşdirilmiş sərmayədən, Azərbaycandakı yüzlərlə bahalı obyektdən, tikintiyə qoyulmuş sərvətlərdən getmir.

Təkcə Azərbaycandan oğurlanmış vəsaitlər hesabına alınmış obyektlərin qiyməti on milyonlarla ölçülür. Söhbət, yalnız offşor zonalara aparılmış vəsaitdən gedir. Çox təəssüf ki, hələlik ölkənin ictimai-siyasi çevrələri də daxil olmaqla Azərbaycan vətəndaşlarının baş verənlərə reaksiyası adekvat deyil. Normal bir ölkədə belə hadisələrin biri kifayət edirdi ki, prezident istefa versin. Sonra onu da özüm-özümə cavab verirəm ki, normal ölkədə belə şeylər ümumiyyətlə baş verə bilməzdi. Bəlkə Azərbaycan cəmiyyəti fərqində deyil ki, bu nə qədər böyük vəsitdir. Bəlkə bilmirlər ki, bu vəsaitlə Azərbaycanın qeyri-neft sektorunu yenidən qurmaq olar. Azərbaycanda bərbad vəziyyətdə olan təhsili, səhiyyəni ayağa qaldırmaq, böyük sosial proqramlar həyata keçirmək olar. Maaşları, pensiyaları dəfələrlə artırmaq olar. Bəlkə Azərbaycan vətəndaşları fərqində deyillər ki, oğurlanan vəsaitdən hər bir adama 5 min manat, hər bir ailəyə 20 min manatdan artıq pay düşür. İctimai Palata olaraq biz bu həqiqəti xalqa çatdırmalıyıq. Xalqımız bu həqiqətləri biləndən sonra hamılıqla kütləvi mübarizəyə qoşulmalıyıq. Bizim apardığımız mübarizə həm də xalqdan oğurlanmış milyardların geri qaytarılması uğrundadır. Bu milyardlar Azərbaycan xalqının olmalı idi. Amma bir qrup oliqarxın əlində cəmləşib. Bu, bizim ilk tədbirimizdir,  müzakirələrimiz davamlı olacaq”.

“Offşor zonalarda 32 milyard dövr edir”


 
İP İqtisadiyyat Komissiyasının sədri Qubad İbadoğlu bu tədqiqata 139 ölkənin cəlb edildiyini, əksəriyyətinin də inkişaf etməkdə olan ölkələr olduğunu bildirdi: “Offşor zonada qeydiyyatdan keçən dövriyyəni 21 trilyon göstəriblər. Bu, ümumilikdə ABŞ-la Yaponiyanın ümumi daxili məhsulundan çoxdur. Hesab edirəm ki, 21 trilyon çox mühafizəkar qiymətləndirmədir. Əslində offşor zonalarda 32 trilyona yaxın vəsait dövr edir. Bu məntiqlə yanaşanda Azərbaycanla bağlı açıqlanan 48 milyardın həqiqətə uyğun olmadığını görmək olar. Əslində bu rəqəm daha böyükdür. Birincisi, qiymətləndirmə mühafizəkar aparılıb. Özləri də qeyd edirlər ki, bu ən minimal səviyyədir. Hətta orta səviyyədə qiymətləndirmə aparılsaydı, bu rəqəmin 50 faiz artığı olardı. Tədiqiqatlar aparılan ərazilərdə İslam offşor zonaları yoxdur. Azərbaycanla İslam ölkələri arasında sıx əlaqə var. Azərbaycanın biznesi, oğurluq kapitalı İslam ölkələrində, offşor zonalarda yatırılıb. Bu baxımdan rəqəmin 48 milyarddan çox olduğu bir daha üzə çıxır. Mən özüm gizli iqtisadiyyatın səviyyəsinin hesablanması ilə bağlı tədqiqat aparmışam. Həmin tədqiqatda Azərbaycanda gizli iqtisadiyyatın vəziyyəti qiymətləndirilib. 2010-cu ilin qiymətləndirməsinə görə, Azərbaycanda gizli iqtisadiyyatın ümumi daxili məhsulda payı 66 faiz təşkil edirdi. Bu isə 38 milyardlıq dövriyyənin Azərbaycanın rəsmi iqtisadiyyatından kənarda mövcudluğunu təsdiq edir. Bu arqument də sübut edir ki, Azərbaycanla bağlı açıqlanan vəsait ölkəmizdən oğurlanmış pulları əhatə etmir”.

“Bu, ailiyə bağlı olan iri şirkətlərin ölkədən oğurladığı pullardır”

Q.İbadoğlu vurğuladı ki, 48 milyarda yalnız bank vasitəsi ilə köçürmələr daxildir: “Burada nə əmlak, nə maşınlar var. Daşınmaz əmlakla bağlı kapital qoyuluşları 48 milyarda daxil deyil. Bu, siyasi elitaya daxil olan, ailiyə aidiyyəti olan iri şirkətlərin, holdinqlərin ölkədən oğurladığı vəsaitdir.  Bu vəsait Azərbaycanda investisiyaya yönəldilə, ölkə vətəndaşlarının rifahanın yaxşılaşdırılmasına xidmət edə bilərdi. Normal ölkələrdə belə açıqlamalara çox ciddi reaksiyalar olur. Ən azı, bir neçə ciddi iqtisadi instansiyanın rəhbərliyi hesabat verməli, işindən getməli olur. Çünki bu vəsait ölkədən zaman-zaman çıxıb və bu işdə həm bank, həm gömrük sisteminin iştirakı olub. Burada vergi ilə də bağlı məsələlər var. Hakimiyyət narahat olmalıdır ki, onun vəsaiti niyə öz ölkəsinin və ya başqa bir normal ölkənin iqtisadiyyatına deyil, offşor zonalara yönəlir. Əgər indiyə qədər Azərbaycanda hansısa milyoner və ya milyoderin adı rəsmən açıqlansaydı və ya “Forbes” jurnalına düşsəydi, biz deyərdik ki, onun da burada müəyyən vəsaiti, biznes əməliyyatı var. Çünki adətən varlı adamlar əlverişli biznes mühiti axtarırlar və gedib offşor zonalarda şirkətlər açırlar. Bu gün Azərbaycanın adına  48 milyard yazılır. Amma Azərbaycanda bir dənə olsun rəsmi milyoner və ya milyorder yoxdur. Halbuki Azərbaycanda milyardlarla vəsaiti olan onlarla adam, yüz milyonlarla vəsaiti olan minlərlə adam var. 48 milyard oğurluq vəsaitdir və qanuni biznesə məxsus deyil. Bu vəsaiti adambaşına bölsəydik, hər adama 5333 dollar vəsait düşərdi. Real rəqəmlər isə daha böyükdür. Bu vəsait Azərbaycanın son üç illik büdcəsi qədərdir”.

“Bu vəsaitin hesabına ölkə büdcəsini iki dəfə artırmaq olardı”

Q.İbadoğlunun sözlərinə görə, məlum vəsaitin hesabına ölkə büdcəsini iki dəfə artırmaq olardı: “Bu vəsaitin offşor zonalara getməsi kifayət qədər pulun vergidən yayınması deməkdir. O biznes burada qurulsaydı, xeyli iş yerləri açılardı. İnsanlar indiki qədər işsizlikdən əziyyət çəkməzdi. Eyni zamanda dövlət büdcəsinə, pensiya fonduna ödənişlər olardı. Dövlət büdcəsinə ödənişlər hesabına daha yüksək əməkhaqqı verilərdi. Pensiyaları artırardıq. Bu vəsaitin ölkədən kənarda olması həm vətəndaş, həm dövlət olaraq böyük itkimiz deməkdir. Bu vəsait bizim indiyə qədər ortaya çıxardığımız korrupsiya faktlarını da sübut edir. Yalnız idxal dövriyyəsinin tədqiqatını aparanda məlum olur ki, 2003-2009-cu illərdə, yəni 6 il ərzində 10 milyard 549 milyon dollarlıq fərq yaranıb. Bu fərq onu göstərir ki, həqiqətən Azərbaycanda xarici iqtisadiyyatla çox gizli dövriyyə var. Bu, ilk və yeganə fakt deyil. Biz illərdir qeyd edirik ki, Azərbaycan büdcəsi kifayət qədər səmərəsiz istifadə olunur. Neft pulları sürətlə xərclənir, onun faydasını hakimiyyətə yaxın olan bir qrup adam görür. Neft pullarını büdcə vasitəsilə bölüşdürürlər. Kifayət qədər böyük oğurluqlar var. Bu həmin vəsaitlərdir ki, sonradan offşor zonalara yönəldilir. Burada iki formada transfer imkanları var. Biri banklardan kənarda həyata keçirilir. Vəsaiti hesab açmadan offşor zonaya keçirdirlər. O birisi banklar vasitəsilədir. İstənilən həcmdə valyutanı ölkədən çıxarırlar. Bunun müqabilində ölkəyə hansısa malın, xidmətin gətirilməsi öhdəliyini götürürlər. Amma bu öhdəliklər kağız üzərində qalır və reallaşmır”.
Q.İbadoğlu onu da bildirib ki, Azərbaycanda qanunlar işləsəydi, bu qədər vəsaiti ölkədən çıxarmaq mümkün olmazdı: “Çünki maliyyə monitorinqi xidməti yaranandan və müvafiq qanun qəbul olunandan sonra banklara 20 min manatdan çox depozit qoyanın sahibi nəzarətə götürülür. Həmin şəxslər barədə məlumatlar toplanır. Bu məlumatlar banklardan müvafiq idarələrə gedir. Sadəcə həmin vəsaitin kimə məxsus olması çox vacibdir. Təklifim odur ki, maliyyə monitorinqi idarəsinə müraciət edib onlardan hesabat istəyək. Bu vəsaitin offşor zonalarda yerləşdirilməsinə münasibət bildirsinlər. Belə halların qarşısını almaq üçün ən önəmli addımlardan biri gəlirlərin və əmlakın deklarasiyası məsələsini bir daha gündəmə gətirməkdir. İctimai Palata bununla bağlı geniş kampaniya keçirməlidir.
Neft gəlirlərinin azaldığı bir vaxtda bu vəsaitlərin Azərbaycandan çıxarılması ölkədə maliyyə sabitliyinin pozulmasına xidmət edir. Bu, həm də sosial gərginliyin  səbəblərindən biridir”.

“O pulların ölkəyə qaytarılmasına nail olmalıyıq”

İP Koordinasiya Şurasının üzvü Vidadi Mirkamal hesab edir ki, normal ölkələrdə bu fakt ciddi narahatlığa səbəb olardı. Çünki söhbət, ölkə büdcəsindən bir neçə dəfə artıq olan rəqəmdən gedir: “Offşor zonalardakı bu pullar oğurlanmış pullardır. Məlum məsələdir ki, o pulları ölkədən kimlər çıxarır. Biz o pulların ölkəyə qaytarılmasına nail olmalıyıq. Çünki hakimiyyət dəyişəndə bu adamlar həmin pulların hesabına hər şey edə bilərlər”.
İctimai Palatanın Korrupsiyaya Qarşı Mübarizə Komissiyasının sədri Mirvari Qəhrəmanlı bu vəsaitin ölkədən özbaşına çıxarılmadığını deyir: “Vergidən yayınmalar, ikili mühasibat, neft sektorundakı şübhəli layihələr, infrastruktur layihələri v s. Bir balaca, beynəlxalq kreditlərin xərclənməsində şəffaflıq var. Bu da ona görədir ki, nəzarət var, çox oğurlaya bilmirlər. İşsizlik baş alıb gedir, əmək haqları, müavinətlər çox aşağıdır. Camaatı elə vəziyyətə salıblar ki, başı bir tikə çörək qazanmağa qarışsın, başını qaldırıb haqqını tələb etməsin”.

“Bu qədər vəsaiti ölkədən ancaq bir adam çıxara bilər”

İP üzvü Vahid Məhərrəmov xatırlatdı ki, Azərbaycanda sənayenin, kənd təsərrüfatının dirçəlməsi 2 milyard dolar vəsait tələb edir. Belə olan halda 48 milyard vəsaitlə nə etmək mümkün olduğunu təsəvvür etmək çətin deyil: “Azərbaycan hökuməti offşor zonalara çox meyllidir. Çünki ora çirkli pulların yuyulması üçün əlverişli məkandır. 100 dollarlıq mal orada 50, hətta 30 dollara da satıla bilər.
Offşor zonalarda yerləşdirilən vəsaiti dünya üzrə böləndə bu, adambaşına 3 min dollar vəsait edir. Azərbaycana aid vəsaiti böləndə isə adambaşına 5300 dollar düşür. Rusiyanın offşor zonalarda 50 milyard pulu var. Bunu Rusiya vətəndaşları arasında böləndə hər adama 300 dollar düşür. Bu, onu göstərir ki, Azərbaycan hökuməti nə qədər acgözdür. Bu qədər vəsaiti ölkədən ancaq bir adam çıxara bilər”.

İqtisadçı ekspert Məhəmməd Talıblı “Tax Custice Network”un siyahısında adı açıqlanan iki ölkəni – Azərbaycanla  Türkmənistanı müqayisə etdi: “Türkmənistan qaz ehtiyatına görə ilk onluqda olan ölkələrdəndir. Türkmənistandan qaz ehtiyatına görə beş dəfə geri qalırıq. Amma Azərbaycandan offşor zonalara Türkmənistandan 15 dəfə çox vəsait çıxarılıb”.
AXCP sədrinin müşaviri, İP üzvü Sahib Kərimov dedi ki, ölkədə açıq-aşkar talan gedir: “Bu  məbləğlə ölkədə bir çox sahələri inkişaf etdirmək olardı. Amma bu, hakimiyyətə sərf etmir. Ona görə də sahibkarlığın inkişafında maraqlı deyil. Avtoritar sistem varlı vətəndaşdan qorxur. Bilir ki, arxasında minlərlə insanı aparan imkanlı şəxslərin artması ona alternativ yaradacaq”.
İP üzvü Mirfeyzulla Seyidov bildirdi ki, 48 milyard dollar vəsait Azərbaycandan çıxarılan pulların bir hissəsidir: “Məsələn, Azərbaycana gələn 1.5 milyonluq mal, 100 min manat dəyərində sənədləşdirilir. Beləcə vergidən yayınma halları baş verir. Aşağılardan yığılan məbləğ ailənin cibinə gedir. Bu hakimiyyət xalqın mənafeyini qorumaqdansa, sərvətlərini dağıdır. Konstitusiyada da qeyd olunur ki, Azərbaycan hakimiyyətini qəsb etmək xalqa xəyanətdir. İlham Əliyev hakimiyyətə gəlməklə Azərbaycan xalqına xəyanət edib”.

Müsavat başqanı İsa Qəmbər çıxışında xalqdan oğurlanan vəsaitlərin geri qaytarılacağını bildirdi. Onun sözlərinə görə, cəmiyyət proseslərə zahirən laqeyd görünsə də, baş verən bütün hadisələri diqqətlə izləyir və dəyərləndirir: “Biz bu vəsaitin ölkəyə qaytarılması yollarını düşünməliyik. Təbii ki, onlar özləri oğurladıqları pulları geri qaytarmayacaqlar. Artıq dünya da korrupsiyaya, oğurluq pullara münasibətini dəyişib. Əgər dünyada oyun qaydaları dəyişməsəydi, hələ bundan sonra çox on illiklər bu prosesə loyal yanaşacaqdılar”.

“Bu, 48 min diplomat pul deməkdir”

İ.Qəmbər hesab edir ki, “Tax Custice Network” təşkilatının 2003-cü ildə Azərbaycanda prezident seçkiləri ilində yaradılması da təsadüfi deyil: “O zaman Əliyevlər hakimiyyətinin davam etməsinə razılıq verən dövlətlər bilirdilər ki, bu rejim bir gün problemlər yaradacaq. Bu rejimə nəzarət etmək üçün də bu QHT yaradılıb. 48 milyard dəhşətli bir rəqəmdir. Cəmiyyət sanki bu rəqəmin nə qədər  çox olduğunu hiss etmir. 1 milyard 1000 dənə milyon deməkdir. Bir diplomata 1 milyon dollar yerləşdirmək mümkündürsə, bu 48 min diplomat deməkdir”.
İ.Qəmbər həmçinin qeyd etdi ki, bu müddət ərzində ölkədən hər il Azərbaycanın büdcəsi qədər pul çıxarılıb: “Bu cür hesablama aparıb ölkədən təxminən nə qədər pulun oğurlanaraq offşor zonalara yönəldildiyini hesablamaq olar”.

Gültəkin