London-2012: Daha 2 cüdoçumuz məğlub oldu

Azərbaycanın daha bir cüdoçusu 2012-ci il London Yay Olimpiya Oyunlarında mübarizəni dayandırıb. 73 kq çəki dərəcəsində yer alan Rüstəm Orucov çıxışlarını 1/8 finalda başa vurub.

21 yaşlı idmançımız 1/16 finalda CAR təmsilçisi Gideon van Zili ipponla yendiyi halda, növbəti görüşündə rusiyalı Mansur İsayevə uduzub. Qarşılaşmanın sonuna 2 dəqiqə 16 saniyə qalmış İsayev ipponla qalib gəlib. Beləliklə, Rüstəm Orucov 2008-ci il Pekin Yay Olimpiya Oyunlarında məhz 73 kq çəki dərəcəsində ölkəmizə yeganə qızıl medalı qazandırmış Elnur Məmmədlinin layiqli davamçışı ola bilməyib.

3-cü yarış günündə Azərbaycan yığmasının medalsız qalan cüdoçularının sayı 4-ə çatıb. Rüstəm Orucovdan öncə İlqar Müşkiyev (60 kq), Tərlan Kərimov (66 kq) və Kifayət Qasımova (63 kq) da mükafatçılar sırasına düşə bilməyib. Qalan 4 cüdoçumuz – Elnur Məmmədli (81 kq), Elxan Məmmədov (90 kq), Elmar Qasımov (100 kq) və Ramilə Yusubova (63 kq) isə qarşıdakı günlərdə tatami üzərinə çıxacaqlar (Lent.az).

***

İyulun 30-da London Olimpiya Oyunlarında 1/16 finaldan mübarizəyə qoşulan Azərbaycan cüdoçusu Rüstəm Orucov (73)  Cənubi Afrika Respublikasından olan Gideon Van Zyl’ə qalib gəlib.

R.Orucov hesabda geri olmasına baxmayaraq, rəqibini ippon fənni ilə məğlub edib. Onun 1/8 finaldakı rəqib rusiyalı Mansur İsayev olacaq.

Olimpiadada artıq iki Azərbaycan cüdoçusu öz çıxışını başa vurub. 60 kq-da İlqar Muşkiyev elə ilk çıxışında uduzub. Tərlan Kərimov (66 kq) isə turniri 7-ci pillədə başa vurub.