ABŞ-ın Suriya müxalifətindən yeni tələbi

“Bəşər Əsədi getsin, amma dövlət qurumları qalsın

Suriyanın Bəşər Əsəddən sonrakı dövrü haqqında düşünən ABŞ hökuməti burada dövlət qurumlarının qorunub saxlanmasını istəyir. Bu barədə “The Washington Post” qəzeti adını açıqlamadığı ABŞ rəsmisinə istinadla məlumat yayıb. Məlumatda deyilir ki, Obama administrasiyası dəstək verdiyi Suriya müxalifətinə “Oturuşmuş dövlət qurumlarını dağıtmayın” mesajını göndərib.
Qəzet yazır ki, Amerika hökuməti bununla İraqda Səddam Hüseyndən sonra uzun müddət yaşanan hakimiyyət boşluğunun Suriyada təkrarlanmasına mane olmaq istəyir.
Mövzu ilə bağlı qəzetə danışan ABŞ rəsmisi “Sistemin tamamilə yox edilməsinə imkan verməmək lazımdır. Çünki bu qurumlar siyasi keçid zamanı işə yarayacaqlar. Etməli olduğumuz ölkənin BƏƏS-dən tamamilə təmizlənməsinin qarşısını almaqdır”, – deyə bildirib.
Suriyanın özündə isə ağır döyüşlər davam edir. Artıq ölkə müxalifəti döyüşlərdə üstünlüyə yiyələnib. ABŞ-ın Suriyada keçid prosesinə dair strategiyanı indidən tətbiq etmək istəyi də bununla izah edilir. Bəşər Əsədin yaxınlarda devriləcəyinə əminliyin artması diqqəti Suriyanın gələcəyi haqda planlara yönəldib. Amerikalı diplomatlardan biri deyib ki, üsyançıların artıq çərçivələri aşdığı görünür. Bu səbəbdən də qarşıdakı günlərdə Bəşər Əsəd indiyə qədər olduğundan daha qəddar və amansız davranacağını gözləmək lazımdır. Üstəlik İran ona bütün istədiklərini təmin etməklə ciddi dəstək verir.
Bu arada mərkəzi İstanbulda olan Suriay Milli Şurası döyüşlərin şiddətlənməsi səbəbindən yeni çağırış edib. Şuranın sədri Əbdülbəsid Seyda Qərb hökumətlərindən onları ağır silahlarla təmin etməyi istəyib. O, eyni zamanda BMT Təhlükəsizlik Şurasını qırğınların qarşısını almağa çağırıb.

azadliq.info