İyulun 28-də Londonda XXX Yay Olimpiya Oyunları çərçivəsində «Azərbaycan günü» keçirilib. Mərasimdə ölkə başçısı İlham ƏLiyev və xanımı Mehriban Əliyeva da iştirak edib. İlham Əliyev çıxışında xatırladıb ki, Azərbaycan müstəqil ölkə kimi artıq beşinci dəfədir Yay Olimpiya Oyunlarında iştirak edir.
“Biz hər dəfə irəliyə doğru addımlar atırıq. Qazandığımız birinci medal 1996-cı ildə Atlantada oldu. Həmin vaxt bizim komanda yalnız bir medal qazana bildi. Sonra 2000-ci ildə Sidneydə üç, 2004-cü ildə Afinada beş, 2008-ci ildə isə Pekində yeddi medal qazanıldı. Əlbəttə, biz hamımız istəyirik ki, bu ənənə davam etsin. Hamımız ümid edirik ki, idmançılarımız ölkəmizi layiqincə təmsil edəcəklər və yarışlar zamanı bayrağımız qaldırılacaq”, – deyə o, diqqətə çatdırıb.
İ.Əliyev idmanı ölkə rəhbərliyi səviyyəsində təmsil etdiyini də bildirib: “On beş il əvvəl mən Azərbaycan Milli Olimpiya Komitəsinin prezidenti seçildim. Ondan altı il sonra isə ölkə Prezidenti seçildim. Buna görə də adətən deyirəm ki, mən idmanı və Olimpiya hərəkatını ölkə rəhbərliyi səviyyəsində təmsil edirəm”.






