Əli Ömərov: “Bu şəxs ya Rüstəm Ibrahimbəyovdan üzr istəməlidir, ya da deməlidir ki, Heydər Əliyev doğru danışmır”
Tanınmış dramaturq Rüstəm Ibrahimbəyova qarşı hakimiyyətin apardığı kampaniya ictimaiyyətdə qınaqla qarşılanıb. Xüsusilə Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənovun Rüstəm Ibrahimbəyov barədə səsləndirdiyi aşağılayıcı fikirlər ictimaiyyət adamları tərəfindən hiddətlə qarşılanıb. Onlar mətbuatda şöbə müdirinin fikirlərinə qarşı etirazlarını bildiriblər. Əli Həsənovun cavabı eks dövlət başçısı Heydər Əliyevin dililə də verilib. “Azadlıq” Heydər Əliyevin Rüstəm Ibrahimbəyov barədə fikirlərini dərc edib, həmçinin qəzetin veb-səhifəsinə çıxışın videoyazısı yerləşləşdirilib. Əli Həsənov hələ ki, ümumilli lider hesab etdiyi bir şəxslə Rüstəm Ibrahimbəyov barədə fikirlərinin hansı səbəbdən haçalandığına aydınlıq gətirməyib. Lakin ictimaiyyət şöbə müdirindən bunu gözləyir.
Sabiq baş prokuror Əli Ömərov “Azadlıq”a açıqlamasında deyib ki, Heydər Əliyev hər zaman Azərbaycanın görkəmli şəxsləri barədə öz fikrini deyib: “Müsbət və ya mənfi, fərqi yoxdur. Amma deyib. Mən onun çıxışı izlədim və gördüm ki, Rüstəm Ibrahimbəyov barədə yüksək fikirdə olub. O Rüstəm Ibrahimbəyovu Azərbaycanın fəxri adlandırıb. Mənə aydın deyil ki, Rüstəm Ibrahimbəyov barədə aşağılayıcı fikirlər səsləndirən o şəxs niyə Heydər Əliyevin bu çıxışından xəbərdar deyil. Əgər mən kimisə liderim sayıramsa və liderimin intellekti, savadı mənim intellektimdən savadımdan üstündürsə, mən hər hansı bir məsələ, şəxs barədə fikir söyləmişdən əvvəl maraqlanaram ki, görəsən liderim bu barədə nə deyib. Amma belə görünür ki, bu şəxs maraqlanmayıb. Bunun üzərindən keçmək olar. Amma burada bir maraqlı məqam var. Əgər mən kiminsə haqqında mənfi sözlər danışmışamsa və sonradan xəbər tutmuşamsa ki, liderim həmin şəxs barədə yüksək fikirdə olub, məntiqlə mən iki addımdan birini atmalıyam: Ya mən deməliyəm ki, liderim düz deyir və həmin şəxsdən üzr istəməliyəm, ya da deməliyəm ki, liderim doğru danışmır. Indi Heydər Əliyevin bu çıxışından sonra Əli Həsənov ya Rüstəm Ibrahimbəyovdan üzr istəməlidir, axı o mərhum prezidenti özünün lideri hesab edir, ya da çıxıb deməlidir ki, Heydər Əliyev düz danışmır. Mən Əli Ömərov olaraq birinci variantı seçərdim. Çünki Heydər Əliyevi liderim hesab edir və onu özümdən üstün sayıram. Indi gözləyək görək, Əli Həsənov hansı variantı seçəcək?!”


