Cümhuriyyət tələbələri – 1

Elçibəy hakimiyyətinə “xalq o vaxt gecələr küçələrə çıxa bilmirdi” deyə iftira atanlar nədənsə unudur ki, həmin hakimiyyətin sayəsində “gecələr küçələrə çıxa bilməyən xalq”ın yüzlərlə gənci Türkiyənin və Avropanın ali məktəblərinə qədər gedib çıxdılar. Həm də məhz dövlətin istəyi və dəstəyi ilə!
Tıpkı Xalq Cümhuriyyətinin ilk ilindəcə olduğu kimi. Xalq Cümhuriyyətinin də ən tərəqqipərvər addımlarından biri onlarla Azərbaycan gəncinə xaricdə təhsil imkanı yaratması olmuşdu. Məqsəd aydın idi: onların yüksək səviyyədə təhsilini təmin etməklə Xalq Cümhuriyyəti üçün kadrlar hazırlamaq, onların Avropada alacağı təhsildən, burada formalaşacaq dünyagörüşündən özgürlüyünə qovuşmuş bir ölkənin yararları naminə faydalanmaq.
Xalq Cümhuriyyətinin yalnız 100 tələbəni xaricə oxumağa göndərməyə vaxtı çatdı. Cümhuriyyətin işğalı ilə bu tərəqqipərvər addımın arxası gəlmədi.
Indi o 100 gəncin adı “Cümhuriyyət tələbələri” olaraq keçir tarixin səhifələrində. Böyük ümidlər və arzularla göndərilən Cümhuriyyət tələbələrinin sonrakı aqibəti isə böyük əzabların və ağrıların hekayəsidir.
Bu silsilə yazılarda o barədə danışacağıq, hələliksə, lap başa qayıdaq.


Hər şey belə başladı…     
1919-cu ildə Xalq Cümhuriyyəti 100 gəncin xaricdə təhsil alması üçün qərar qəbul etdi.
Həmin gəncləri müəyyənləşdirmək üçün parlamentdə münsiflər heyəti yaradılır. Münsiflər heyətinin rəhbəri şəxsən Məhəmməd Əmin Rəsulzadənin özü idi. Münsiflər arasında isə Qara bəy Qarabəyov, Mehdi bəy Hacınski, Əhməd bəy Pepinov, Abdulla bəy Əfəndizadə vardı.
Onların seçdiyi tələbələrdən 10 nəfərinin Ingiltərəyə, 23 nəfərinin Italiyaya, 45 nəfərinin Fransaya, 9 nəfərinin Türkiyəyə göndərilməsi nəzərdə tutulurdu. Amma sonradan Xalq Maarifi Nazirliyi xaricə göndərilən tələbələrdən 49 nəfərinə Almaniyanın, 27 nəfərinə Fransanın, 4 nəfərinə Italiyanın, 1 nəfərinə Ingiltərənin, 6 nəfərinə isə Türkiyənin müxtəlif ali məktəblərinə göndərilmələri barədə rəsmi sənəd verdi. Qalan 13 nəfər Rusiyaya göndərilməli idi, di gəl Rusiyada vətəndaş müharibəsinin başlaması ilə şəraitin çətinləşməsi üzündən onlar oxumağa gedə bilmədilər.  
Xalq Cümhuriyyətinin xaricə təhsil üçün göndərilən gənclərlə bağlı xüsusi şərtləri vardı. Bu şərtlərdən ən birincisi o idi ki, xaricdə təhsil alanlar mütləq geri qayıdıb biliklərini öz ölkələrinin yararı naminə istifadə etməli idilər.
Başqa bir maraqlı şərt də vardı: Cümhuriyyət tələbələrinə qeyri-türklə evlənmək yasaqlanırdı.
Avropanın ali məktəblərinə göndərilən hər tələbəyə ayda 400 frank təqaüd və 1000 frank yol xərci, Rusiya ali məktəblərinə göndəriləcək tələbələrə isə hər ay 3 min rubl təqaüd və 1000 manat yol xərci ayrılmalı idi.
Amma söhbət yalnız nəğd puldan da getmir. Cümhuriyyət tələbələrinə hökumətin həssaslığını, hər şeyin ən yaxşısını etməyə çalışdığını göstərən, adamı duyğulandıran nöqtə: hər tələbəyə 40 arşın parça, 2 cüt döşəkağı, 2 ədəd əl-üz dəsmalı, 6 ədəd yaylıq vermək barədə də qərar qəbul edilmişdi.
Onları 1920-ci ilin yanvarında böyük təmtəraqla yola saldılar. Yolasalma mərasimində parlament və hökumət nümayəndələri, dövrün tanınmış aydınları, başda Hacı Zeynalabdin Tağıyev olmaqla xeyriyyəçilər vardı.
Cümhuriyyət tələbələri ayrıca vaqonla Batumiyə göndərildi. Oradan isə Parisə yola düşdülər. Burada onları Paris Sülh Konfransında iştirak edən Azərbaycan nümayəndə heyəti qarşıladı.
Nümayəndə heyətinin rəhbəri Əlimərdan bəy Topçubaşov elə oradaca gənclər qarşısında böyük, hərarətli bir nitq söylədi.
Cümhuriyyət tələbələri Parisdən təhsil alacaqları Avropa ölkələrinə yollandılar.   
Aşağıdakı fotoda siz onları görüsünüz – sinələrinin altında alacaqları Avropa təhsilinin ardından biliklərini, bacarıqlarını öz ölkələrinin və xalqlarının tərəqqisi, güclənməsi adına xərcləmək üçün intizarla döyünən bir ürək daşıyan Cümhuriyət tələbələrini!