Tunisdə “Yasəmən inqilabı”

 

Qərb mətbuatı bu ölkədə baş verənləri belə adlandırdı

 

Universitet məzunu olmasına baxmayaraq, işsizlik üzündən səyyar satıcılıqla məşğul olan 26 yaşlı Məhəmməd Buaziz tərəvəz köşkünün əlindən alınmasına etiraz əlaməti olaraq ötən il dekabrın 17-də özünü yandırmasından sonra Tunisdə başlanan kütləvi aksiyalar inqilaba gətirib çıxardı. Nəticədə 23 il Tunisə rəhbərlik edən prezident Zin əl-Abidin ben Əli ölkədən qaçaraq Səudiyyə Ərəbistanına sığınıb. Kütləvi etiraz aksiyalarının iğtişaşlara çevrilməsi nəticəsində 60-dan çox insan həyatını itirib, bir neçə yüz nəfər isə yaralanıb.

Tunis vətəndaşlarının hakimiyyətə qarşı belə qəzəbli olmasının əsas səbəblərindən biri də WikiLeaks saytının açıqladığı gizli dosyelərdə yazılanların olduğu da bildirilir. Saytın açıqladığı ABŞ diplomatlarına aid yazışmalarda Tunis prezidenti Zin əl-Abidin ben Əlinin həyat yoldaşının biznesinin qaynaqları və külli miqdarda varidat toplaması öz əksini tapmışdı. Hətta bəzi Qərb dairələri Tunisdə baş verənləri WikiLeaks-dən doğan xalq hiddəti adlandırıb.

Prezidentin Tunisi tərk etməsindən sonra onun səlahiyyətləri baş nazir Məhəmməd Qannuşiyə keçib. Televiziya ilə xalqa müraciət edən baş nazir vətəndaşları sabitliyi qorumağa və təxribatlara uymamağa çağırıb. Məhəmməd Qannuşi ölkədə növbədənkənar prezident seçkisinin azad və ədalətli keçiriləcəyini bildirib. Onun sözlərinə görə, iqtidar bir sıra partiya və siyasi qüvvələrlə məsləhətləşdikdən sonra növbədənkənar seçkinin vaxtını elan edəcək.

Paytaxt və əyalətlərdə ölkədəki hakimiyyət dəyişikliyindən sonra vəziyyət gərgin olaraq qalır. Fövqəladə vəziyyət rejiminin tətbiq olunmasına baxmayaraq, qarətçi dəstələr mağaza və böyük ticarət mərkəzlərinə kütləvi basqınlar həyata keçirib. Baş nazirin əmriylə hərbi hissələr dərhal iğtişaş rayonlarına göndərilib. Onlara təhlükəsizliyi təmin etmək barədə tapşırıq verilib.

Onu da əlavə edək ki, sonuncu etiraz aksiyalarına qədər Qərb liderləri Tunisi ərəb dünyasında model ola biləcək sabit ölkə kimi təqdim edirdilər. 1987-ci ildə qansız inqilabla hakimiyyətə gələndən bu yana Ben Əli faktiki olaraq ciddi tənqidlər olmadan hakimiyyətini davam etdirirdi. Tunisdə baş verənlər isə artıq Qərb mətbuatında “Yasəmən inqilabı” adlandırılıb.

İnformasiya şöbəsi