Cümhuriyyət dövrünün görkəmli simalarından biri

Böyük vətənpərvər Əli Səbri

Azərbaycan Xalq Cümhuriyyəti dövründə yazıb-yaratmış ziyalıların böyük əksəriyyəti o dövrün intellektual mühitinin ayrılmaz bir hissəsi kimi faliyyət göstərmişlər. Belə tanınmış ziyalılarından biri də  Əli Səbri Qasımov olub. Əli Səbri Qasımov 1892-ci ildə Babək rayonunun Nehrəm kəndində anadan olub. Əli Səbri Qori müəllimlər seminariyasını bitirmiş, Bakıda pedaqoji fəaliyyət göstərmiş, “Yeni yol” qəzetində işləmişdir. ADU-nun filologiya  fakültəsini bitirdikdən sonra “Maarif işçisi” jurnalının redaktoru olmuş, ali məktəblərdə dərs demişdir. “Molla Nəsrəddin” jurnalında “Daqyanuszadə” imzası ilə satiralar çap etdirmişdir. O, 1910-cu ildə Yasnaya Polyanaya  L.N.Tolstoyun görüşünə getmiş, ədibin və başqa rus yazıçılarının bir neçə əsərini ana dilinə çevirmişdir.
Sonradan Əli Səbri Naxçıvana gələrək yerli vətənpərvərlərin 20-ci yüzilliyin əvvəllərində erməni daşnak təcavüzünə qarşı apardıqları müharibənin ön sıralarında olmuşdur. Onun tarixi şücaəti örnək sayıla bilər. Böyük ziyalı həmin illərdə  Transqafqaz Ali Komissarı Haskelə demişdi: “Naxçıvan əlində silah öz istiqlalını son nəfəsinədək qoruyacaq. Biz Ermənistan adlı hökuməti tanımırıq. Bütün gücümüzlə, belə hökuməti ona görə rədd edirik ki, biz təyini-müqəddərat  istəyirik… bu, bizim hüququmuzdur, onu heç kimə güzəşt etmərik. Özünə azadlıq alan xalq hətta Azərbaycan hökumətinə ixtiyar verməz ki, onun xüsusi arzusuna riayət etməyib taleyini həll etsin, bu, mütləq nəzərə alınmalıdır”..   
Əli Səbri Qasımov Naxçıvanda qurulan Araz-Türk hökumətinin sədri Əmir bəy Əkbərzadə, Hüseyn Cavid, Fətulla Hüseynov, Kəblə Muxtar və digər nüfuzlu naxçıvanlıların köməyi ilə könüllü xalq dəstələrinin yaradılmasında iştirak edib, xüsusi fədakarlıq göstərib. Bu səylər nəticəsində yaranmış Nehrəm taboru (başçısı Kəblə Muxtar), Cəhri taboru (Kəblə Kərim), Baş Noraşen, Düdəngə və Zeyvə taboru (Fətulla bəy Hüseynov), Ordubad  taboru (Ibrahim Xəlil Axundov), Vedibasar müqavimət hərəkatının başçısı Abbasqulu bəy Şadlinskinin və Civə kənd könüllülərinin komandiri Bala Bəy Vəkilovla birlikdə erməni işğalçılarına qarşı döyüşlərdə qəhrəmanlıq nümunələri göstərərək mahalın erməni silahlarından təmizlənməsində xüsusi rol oynamışlar.
1917-ci ilin sonu, 1918-ci ilin əvvəllərində Naxçıvan ictimaiyyətinin əsas vəzifəsi güclənən erməni vəhşiliklərinin qarşısını almaq idi. Bu məqsədlə Türkiyə silahlı qüvvələrinin Şərqi Anadoludakı komandanlığına müraciət edilir, 1918-ci il mayın 16-da Nuru Paşa kiçik heyətlə Naxçıvana gəlir, Kazım Qarabəkir Paşa isə avqustun 7-də Naxçıvanda öz qərargahını qurur.
Naxçıvan uğrunda döyüşlərin fəal iştirakçısı
1918-ci ilin ortalarında quldur Andronikin dəstələri Irəvan-Naxçıvan-Culfa dəmir yolu və şosse boyunca Irana tərəf hərəkət eməkdə idi. Həmin anda Tiflis Erməni Ittifaqı Xorazyantsı Naxçıvana ezam edir. Məqsəd Culfa cəbbəxanasının silahlarını ələ keçirib, silahlı dəstələr yaradıb Andronikin hücumlarına dəstək vermək idi. Hələ 1917-ci ilin noyabrında Xorazyantsın sədrliyi ilə Naxçıvanda Erməni Milli Komitəsi yaranmışdı. Onun əsas vəzifəsi terror aktları ilə Naxçıvan əhalisi arasında vahimə və xof yaratmaq və yerli idarəçiliyi ələ keçirməkdən ibarət idi.
Belə bir mürəkkəb vəziyyətdə Əli Səbri Qasımov naxçıvanlı mübarizə dostları ilə hərbiləşdirilmiş dağınıq qüvvələri ümumi düşmənə qarşı mübarizəyə səfərbər edirdi. Bu səylər baş tutmasaydı, Naxçıvanın vəziyyəti daha da ağır və faciəli ola bilərdi. Həmin dövrdə Naxçıvanda “Mücəddin” siyasi dərnəyinə (rəhbəri Mir Heydərzadə) Eynalı Sultanov, Ömər Faiq Nemanzadə, Əziz Şərif kimi görkəmli ziyalılar xüsusi rəğbət bəsləyirdilər, çünki bu siyasi təşkilat xalqın xilasını Rusiya yox, Türkiyə ilə birlikdə görürdü.
Küznüt-Çeşməbasar kəndlərini özünə qərargah edən Andronik Nehrəmi qəfildən ələ keçirməyə çalışır və kənd əhalisinə xəbər göndərir ki, azərbaycanlılarla ermənilərin birgə yaşadıqları Təzəkəndə qonaq gedir, ona görə də kəndin içərisindən və kənarından keçən yollarda qoşun hissələrinə maneçilik törətməsinlər. Andronikin mərkli planının üstü açılır, kəndətrafı evlər, həyətlər, küçələr, döngələr, arxlar bir anda istehkama çevrilir. Kərbəlayı Muxtar, Hacı Mehdiyev, Hacı Ibrahim Fərzalı oğlu, Meşədi Heydər Dünyamalıyev, Heydərqulu Həsənov, Müseyib və Müslüm qardaşları, Muxtar Allahverdiyev bütün Nehrəm əhalisini ayağa qaldırıb döyüşə hazırlaşırlar. Döyüşlərdə dülgər Hacı Mehdi, topçu Yavər, Kazım Nağdəliyev xüsusi fərqlənirlər.
Nehrəmdə əzilən Andronik Naxçıvan üzərinə hücuma keçir.  Turşsudan türk toplarından atılan atəş erməni quldurlarını tələm-tələsik Zəngəzura çəkilməyə məcbur edir. 1918-ci ilin iyul ayında türk əsgərləri Naxçıvan şəhərinə daxil olur və    yerli əhali kütləvi qırğından xilas edilir. Bütün bu proseslərdə Əli Səbri Qasımov  xüsusi fədakarlıq göstərir.  
Repressi ya illərində 10 il sürgündə
Əli Səbri 1919-cu ilin sentyabr ayının 9-da ordubadlı Ələsgərov, Şərurdan və Sürməlidən hərəsindən bir nəfər nümayəndə ilə birlikdə Tiflisdə olub. Onlar Naxçıvanın neytral zona elan olunmasına etirazlarını bildirib və 17 maddədən ibarət tələbləri polkovnik Haskelə təqdim ediblər.
1917-1921-ci illərdə Əli Səbri Qasımov Eynalı bəy Sultanov, Bəhram Xan və Əziz Xan Naxçıvanskilər, Hüseyn Cavid, Əziz Hərif, Behbud Şahtaxtinski, Mir Heydərzadə, S.Əsgərxanov, Bağır Rzayev, S.Cəmilinski, Kəlbalı xan, Kərim xan və digər görkəmli şəxsiyyətlər birlikdə Naxçıvanda vətən uğrunda mübarizənin iştirakçılarına çevrilmişdilər. Onlar yerli əhalinin mübarizə ruhunun artırılması üçün əllərindən gələni edirdilər.
1919-cu il sentyabr 9-da Naxçıvan, Ordubad, Şərur, Sürməli, Vedibasar mahallarının adından Azərbaycan Xalq Cümhuriyyətinin başçılarına göndərilən və Əli Səbri Qasımovun da imzaladığı sənəddə Naxçıvanın Azərbaycanın tərkibində saxlanılması, Zəngəzura gedən yolun açılması, zəiflik və qətiyyətsizlik göstərən Irəvandakı diplomatik nümayəndə Məmməd bəy Təkinskinin yerinə yeni diplomatın göndərilməsini tələb edirdilər. Bunun nəticəsi olaraq 1920-ci ilin yanvarında bütün amerikalı zabitlər Naxçıvanı birdəfəlik tərk etdilər və ermənilərin Naxçıvanda möhkəmlənməsi niyyətləri puça çıxdı.
Əli Səbri 1914-cü ildən ədəbi yaradıcılığa başlamışdır. O, V.Şekspirdən, R.Toqardan, P.Verşiqoradan tərcümələr edib. Əli Səbri eyni zamanda bir sıra povest, xatirə və hekayələrin müəllifidir.
Azərbaycan  ədəbiyyatından ruscaya tərcümələri də var. Əli Səbri xarici ədəbiyyatda “Molla Nəsrəddin” haqqında rəylər, Ə.Qəmküsarın qətli və s. kimi mövzularda məqalələrin müəllifidir. 1938-1948-ci illərdə sürgündə olan Əli Səbri vətənə qayıdandan sonra “Azərnəşr”də redaktor, Yazıçılar Ittifaqında ədəbi fondun sədri işləmişdir.
Əli Səbri 1983-cü ildə Bakıda vəfat edib.
“Azadlıq”ın Araşdırmaçı Jurnalistlər Qrupu KIV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilir