Polis orqanlarında “intihar” adı altında dəhşətlər…

Bugünlərdə Səhiyyə Nazirliyinin Azərbaycanda intiharlarla bağlı dəhşətli statistikası yayıldı. Məlum oldu ki, son on ildə ölkədə özünü öldürənlərin sayı sürətlə artır, intiharların yaşı da ilbəil azalır, hazırda əsas yaş həddi 18-35-dir. Rəsmi məlumata görə, təkcə keçən 2016-cı ildə Azərbaycanda 797 nəfər intihar edib ki, bunun da 33-ü uşaqlardır. Cəmi səkkiz il əvvəl – 2008-ci ildə isə bu rəqəm 138 nəfər olub.

İntihar statistikasında hərbi hissələrdə və polis idarələrində (bölmə və şöbələrində) baş verən ölümlərin də payı var. Bu ölüm hallarına nəzər salanda adamda belə bir qənaət yaranır ki, sanki özünə qəsd etmək istəyən sıravi vətəndaşlar bir qismi polis idarələrinə, hərbi hissələrə üz tutur. Təəssüf ki, nə Daxili İşlər Nazirliyi, nə də Müdafiə Nazirliyi tabeliklərindəki qurumlarda baş verən və intihar kimi rəsmiləşdirilən ölüm halları ilə bağlı statistikanı açıqlamaq istəmir. Adıçəkilən hər iki qurum “Azadlıq”ın sözügedən məsələ ilə bağlı sorğusuna “yox” cavabı verib.

9yanvar-esgerolumu

Əsgər Qubadov

 

Polis şöbələrində “butılka” söhbəti

 

Son vaxtlar təkcə Lənkəran şəhər Polis Şəbəsində üç intihar hadisəsi baş verib ki, bunlardan da birində özünə qəsd edən qadın olub.

“Dekabrın 30-u idi, ya da 31-i. Yadımdan çıxıb. Orda üç gün saxladılar. Dedilər ki, sabah buraxacağıq, amma buraxmadılar. O üç gündə döydülər məni. Döyürdülər nədir ey… Döymək yaxşı işdir. Adamı alçaldırdılar, elə sözlər deyirdilər ki…

Rəis müavini Əlifağa Kazımov mənə təpik vurdu, diz çökdürdü. Əlifağa mənə dedi ki, sənə “butılka” yeridəcəyəm, cinayəti boynuna almalısan. Heç bilmirəm o vəziyyətdə nəyə qol çəkdirdilər. Dözə bilmədim, çıxış yolunu özümü öldürməkdə gördüm…”, – 2017-ci ilin yanvarında özünü Lənkəran Şəhər Polis Şöbəsinin üçüncü mərtəbəsindən ataraq intihar edən Yaqut Əliyevanın xəstəxanada olarkən dediyi sözlərdir.

Yaqut Əliyeva

Amma Daxili İşlər Nazirliyinin mətbuat katibi Ehsan Zahidov deyir ki, Yaqut Əliyeva yalan danışır, ona qarşı işgəncə, pis rəftar olmayıb. Özü ifşa olunduğunu bildiyi üçün intihar edib.

Yaqut Əliyeva DİN rəsmisinə belə cavab verib: “Yalan deyir. Mən dəliydim özümü atam? Əlifağanın o “butılka” sözündən sonra bu qərara gəldim. Qorxdum başıma oyun açarlar polislər. Namus məsələsinə görə, toxunmasınlar deyə… Bu hökumətin yiyəsi yoxdur…”

Yeri gəlmişkən, Əlifağa Kazımovun adı hazırda həbsdə olan və “Amnesty İnternational” beynəlxalq insan haqları təşkilatının “vicdan məhbusu” kimi tanıdığı Murad Ədilovun işində də hallanırdı. Murad məhkəməsində deyirdi ki, o, hökuməti kəskin tənqid edən jurnalist qardaşı Murad Ədilova görə tutulub. Bunu onun özünə də deyiblər. Ona heç bir aidiyyəti olmayan narkotiklə bağlı ittihamı üzərinə götürmək üçün Əlifağa Kazımov (o zaman Sabirabad Rayon Polis Şöbəsinin rəis müavini idi-red.) və daha bir neçə polis əməkdaşı ona dəhşətli işgəncələr veriblər.

 

“Bəhruzu öldürüb, polis şöbəsindən atıblar”

 

Polis idarələrində ən səs-küylü hadisələrdən biri də Mingəçevirdə baş vermişdi. Şəhər sakini Bəhruz Hacıyev axşam saatlarında polis şöbəsinə aparılıb, təxminən 20 dəqiqə sonra da ailəsinə ölüm xəbəri gəlib. Mərhumun yaxınları hesab edir ki, Bəhruzun boynuna cinayəti qoymaq üçün ona işgəncə verib öldürüblər, sonra da izi itirmək üçün üçüncü mərtəbədən atıblar.

Bəhruz Hacıyev

Atası Dilsuz Hacıyev deyir ki, morqa getdiklərində artıq meyitin yarıldığının şahidi olublar. Polisdən onlara deyilib ki, Bəhruz Hacıyev özünü polis şöbəsinin 3-cü mərtəbəsindən atıb. Ancaq yaxınları bununla razılaşmır. Atası deyir ki, Bəhruzun bədənində işgəncə izlərini öz gözləri ilə görüb.

Bəhruz Hacıyevin morqda çəkilmiş meyitinin şəkli mətbuatda yayılıb. O fotodan da meyitin üzərində xəsarət işləri görünür. Hərçənd, ekspertiza rəy verib ki, o xəsarətlər hündürdən yıxılma nəticəsində yarana bilərdi. Amma ata deyir ki, onlar polis dəyənəklərinin yaratdığı qançırlardır: “Onun bədənində, əsasən boynunun ardında və kürəyində qançır yerləri var. Bəhruz çox mərd oğlan idi, hamıyla dalaşardl, lap döyülərdi, amma özünü öldürməzdi”.

Bəhruz Hacıyevin işgəncə izləri aşkar görünən meyitinin görüntüləri Mingəçevirdə etiraz aksiyalarına səbəb olmuşdu. Bəhruz Hacıyevin ölümünə görə yalnız bir polis işçisi – Şahlar Şahlarzadə cinayət məsuliyyətinə cəlb olunub. Mingəçevir şəhər Polis bölməsinin rəisi, polkovnik Ələsgər Bədəlova isə şiddətli töhmət verilib. Rəis işdən azad olunsa da, daha sonra Bakıda polis orqanlarında işlə təmin edilib.

Polis şöbəsinin əməliyyat müvəkkili Şahlar Şahlarzadəyə isə CM-nin 125 (özünü öldürmə həddinə çatdırma və 308 (vəzifədən sui-istifadə etmə) maddələri ilə ittiham verilib. Amma son nəticədə Şəki Ağır Cinayətlər Məhkəməsi ona 125-ci maddə ilə bəraət verib, 308-ci maddə ilə verilən ittiham isə səhlənkarlığa (314) tövsif olunub. Şahlarzadəyə məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməklə, 4 il cəza verilib.Azərbaycanda məntəqə tipli cəzaçəkmə müəssisəsində adamlar qalmırlar, sadəcə, cəza müddətində aylıq bir dəfə ödənişlərini edib gəlirlər.

Bəhruz Hacıyevin yaxınları hökmdən narazı qalsalar da, yuxarı instansiya məhkəməsinə şikayət verməyiblər. Hacıyevlərin vəkili Şəhla Hümbətovanın sözlərinə görə, mərhumun yaxınları təzyiqlər üzündən bu addımı atmayıblar.
Vəkil onu da qeyd edir ki, Bəhruz Hacıyevə qarşı cinayətdə Şahlarzadə yeganə iştirakçı deyil, sadəcə, onu “qurban verib”, o biriləri qoruyublar.

 

Beynəlxalq təşkilatlar da qınayır

 

Maraqlıdır ki, illərdir Azərbaycanın polis şöbələrində işgəncələr haqda iddialar səslənir, ölüm halları olur, foto və video-faktlar ortaya qoyulur, amma heç bir halda, polis əməkdaşı işgəncəyə görə cinayət məsuliyyətinə cəlb olunmur. Daxili İşlər Nazirliyi bu qəbildən olan şikayətlərə bir qayda olaraq, “fakt təsdiqini tapmadı” cavabını verir.

Azərbaycandakı həbs və saxlama yerlərində vətəndaşlara qarşı işgəncə halları ABŞ Dövlət Departamenti, BMT-nin İşgəncələr Əleyhinə Komitəsi, “Amnesty İnternational”, “Human Rights Watch” və s. təşkilatlarının hesabat və sənədlərində də mütəmadi olaraq öz əksini tapır.

Yeri gəlmişkən, keçən ilin oktyabr ayında Azərbaycan hökumətinin BMT İnsan Hüquqları Komitəsi qarşısında hesabat verməli olduğu məsələlərdən biri də polis bölmələrində bəzən ölüm hallarına gətirib çıxaran işgəncə idi. BMT-nin Komitəsi Azərbaycan hökumətinin “işgəncə yoxdur” bəyanatına inanmayıb.

“Komitə gənc fəallar, hüquq müdafiəçiləri və jurnalistlərə qarşı bəzi hallarda onların ölümünə səbəb olan işgəncələr və pis rəftarla bağlı hesabatların davamlılığından narahatdır. Həbsxanalardakı zorakılıq və işgəncə, həbsxana sistemində və polis saxlama məntəqələrində korrupsiya halları mövcuddur.

Turac Zeynalov

Digər bir məsələ məhbusların onsuz da az sayda olan vəkillərə çatımlılığının əngəllənməsidir. Komitə məhkəmə sisteminin hakimiyyətdən asılı olmasından və proseslərin müstəqil aparılmamasından da narahatdır. BMT hesab edir ki, Məhkəmə sistemi hakimiyyətin təsiri altındadır və korrupsiyaya uğrayıb”, – Komitənin Cenevrədə keçirilən dinləmələrindən sonra Azərbaycanda insan hüquqları ilə bağlı 2016-cı il üçün son hesabatında belə deyilir.

 

İşgəncələrin artmasında Əliyev və Usubovun rolu

 

Ekspertlər hesab edir ki, Azərbaycanda işgəncə hallarının geniş yayılmasının əsas səbəbi cəzasızlıq mühitidir. Xüsusən, dövlət başçısı İlham Əliyevin və Daxili işlər naziri Ramil Usubovun bu mövzuda səsləndirdiyi fikirlərə diqqət çəkirlər.
İlham Əliyev mitinqlərdə vətəndaşlara qarşı polis zorakılığı ilə bağlı beynəlxalq təşkilatların tənqidlərinə belə cavab vermişdi: “Məndən o polislərin cəzalandırılmasını istəyirlər. Mən dedim ki, bir nəfər də olsun polis işçisi cəzalandırılmayacaq”.

Daxili işlər naziri Ramil Usubov isə işgəncələr məsələsində polisi belə müdafiə etmişdi: “Kimsə indi məhkəmədə özünü müdafiə etmək üçün deyə bilər ki, guya polis onu döyüb, işgəncə verib. Amma bunlar öz təsdiqini tapırmı? Tapmayacaq”.

 

Avropa Məhkəməsi nə deyir?

 

Avropa Məhkəməsinin də Azərbaycanda polis orqanlarında işgəncələrlə bağlı qərarları var. DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində işgəncələrə məruz qalmış Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlunun şikayəti üzrə çıxarılan qərarda işgəncə halı təsdiqlənib.

 

Hüquqşünas Xalid Bağırov deyir ki, işgəncə faktları ilə bağlı Avropa Məhkəməsinin çıxardığı qərarlarda cinayətkarların cəzalandırılması öhdəlik kimi qoyulsa da, hökumət bunu təmin etmir: “O işlərdə ki, Avropa Məhkəməsi işgəncə olduğunu tanıyır, avtomatik olaraq, prosessual pozuntunu tanımış olur. Yəni, Avropa Məhkəməsi işgəncə prosesinin olduğunu sübut edə bilirsə, deməli, daxili məhkəmə daha rahatlıqla onu tapa bilər. Yəni, doğru araşdırma aparılmayıb. Məhz bu baxımdan məhkəmə cinayətkarı tapıb, cəzalandırmağı dövlətin qarşısında öhdəlik olaraq qoyur. Ancaq dövlət bu öhdəliyi yerinə yetirmir”.

Vəkil Xalid Bağırov

Xalid Bağırov əlavə edir ki, Avropa Şurası Nazirlər Komitəsi ilə Azərbaycan hökuməti arasında bununla bağlı müzakirələr 10 ildən artıqdır ki, davam edir.

“İşgəncələr ört-basdır olunur”

Vəkil Yalçın İmanov

Vəkil Yalçın İmanov deyir ki, hüquqlarını müdafiə etdikləri şəxslərə qarşı polisin işgəncəsi ilə tez-tez rastlaşırlar. Vəkil Nardaran hadisələrindən sonra həbs olunan şəxsləri yada salır. Deyir ki, onlara qarşı ağlasığmaz işgəncə metodlarından istifadə olunub. Ekspert rəylərində də həmin şəxslərin üzərində xəsarət olduğu qeyd olunub. Buna baxmayaraq, yerli hüquq-mühafizə orqanları və məhkəmələr işgəncə faktını tanıyıb, günahkarları cəzalandırmaqdan imtina edir: “Yazırlar ki,guya o adamlar saxlanılarkən ayaqları sürüşüb yıxılıb xəsarət alıblar. Əvvəla, onların üzərində elə xəsarətlər var ki, yıxılmaqla yaranması mümkün deyil. İkincisi, necə oldu, bu adamların hamısı yıxılıb xəsarət aldı? Hələ bu, azsaylı hallardandır ki, ekspert xəsarət olması haqda rəy verir. Əksər hallarda, ekspertlər özlərini görməzliyə vurur. Buna görə də işgəncə faktını sübuta yetirmək çətinləşir. Çünki Azərbaycanda alternetiv ekspertiza imkanı yoxdur. Qanun imkan vermir”.

Vəkil vurğulayır ki, işgəncə faktları ilə bağlı şikayətlər ölkə daxilində səmərəli araşdırılmadığından ümid qalır Avropa Məhkəməsinə…

azadliq.info