Əsədin Hələbə göndərdiyi əsgərlər əsir düşür

Ölkənin ikinci ən böyük şəhərində ölüm-dirim savaşı gedir; müxaliflər hakim partiyanın qərargahını tutdu

Suriya ordusuna aid tankların ölkənin ikinci ən böyük şəhəri Hələbə girdiyi və şəhəri top atəşinə tutduğu barədə xəbərlər yayılıb. Əsəd rejimi ilə müaxliflərin ölüm-dirim savaşı apardığı şəhərdə “Azad Suriya Ordusu”na aid 5 əsgərlə 15 dinc sakinin öldüyü deyilir. Üsyançıların komandirlərindən biri Əbu Əhməd əl Hələbi şəhərdə real müharibə vəziyyətinin hökm sürdüyünü söyləyib. Onun sözlərinə görə, müxaliflər Hələbin Səlahəddin məhəlləsinə girən hökumət qüvvələrinə aid 5 tankı məhv edib.

Əsəd rejiminin bri neçə gün öncə hazırlaşdığı əməliyyat planının reallaşdırılmasında tanklarla yanaşı helikopterlər və qırıcılardan da istifadə olunur. Hələbdən kənarda olan müxaliflər isə üsyançılara dəstək vermək üçün şəhərə gəliblər. Rus mətbuatının iddiasına görə, Əsəd ordusunun 100-ə yaxın əsgəri Hələb üzərinə hücumda iştirak etməmək üçün üsyançılara təslim olublar. Şəhərin Səlahəddin məhəlləsində hökumət qüvvələrinin onlarla tank yerləşdirməsi səbəbindən sakinlər bölgəni tərk etməyə başlayıb. Müxaliflər həmçinin hakim BƏƏS partiyasının Hələbdəki ofisini ələ keçirdiklərini açıqlayıblar.