ABŞ Dövlət katibi İlham Əliyevlə demokratiyadan danışıb

Prezident İlham Əliyev iyulun 10-da İstanbulda ABŞ-ın dövlət katibi Rex Tillerson ilə görüşüb.

Prezidentin mətbuat xidmətinin məlumatına görə, görüşdə ikitərəfli əlaqələrin müxtəlif sahələrdə, o cümlədən siyasi və enerji sahələrində uğurla inkişaf etdiyi qeyd olunub.

Söhbət zamanı Dağlıq Qarabağ münaqişəsinin həlli yollarının da müzakirə edildiyi, İlham Əliyevin bu münaqişənin nizamlanması ilə bağlı Azərbaycanın mövqeyini bir daha ABŞ rəsmisinə çatdırdığı və təmas xəttində son “hərbi təxribat” haqqında onu məlumatlandırdığı bildirilir.

Görüşdə “Cənub Qaz Dəhlizi” layihəsinin icrası ilə bağlı görülən işlərdən də danışılıb. “Prezident.az” yazır ki, Rex Tillerson ABŞ-ın bu layihənin həyata keçirilməsinə bundan sonra da dəstək verəcəyini deyib.

ABŞ-ın dövlət katibi həmçinin Azərbaycanın Əfqanıstandakı sülhməramlı əməliyyatlarda fəaliyyətini yüksək qiymətləndirib.

Söhbət zamanı Azərbaycanda gerçəkləşdirilən siyasi və iqtisadi islahatlar, demokratiyanın inkişafı ilə bağlı məsələlərin müzakirə edildiyi qeyd olunur.

Azadliq.info