Dünən bir xəbər oxudum, xeyli ləzzət elədi. Moskvada yaşayan Vahid Əzizov adlı iş adamı mətbuat konfransı keçirib və iki il əvvəl dörd nəfər tərəfindən oğurlanmasından danışıb. Onlar iş adamından 115 min manat pul tələb edirmişlər.
Vahid Əzizov oğurlanmasını sifariş edənlərin də adlarını açıqlayıb, onlardan biri Kamil Seyidov isimli şəxsdir, bu adam Azad Respublikaçılar Partiyasının (bundan sonra qısaca ARP yazaq) sədridir. Bu partiyanın adı bəlkə də çoxlarınıza heç nə demir, amma ictimai-siyasi proseslərlə maraqlananlar onun YAP-ın yedəyində sürünən partiyalardan, sədrinin də Əliyevlərin alovlu müdafiəçilərindən olduğunu xatırlayarlar. Kamil Seyidov bir vaxtlar müxalifəti söyənlərin önündə gəlirdi, indi isə bu cənabın adam oğurluğu sifarişçisi olduğu aydınlaşıb.
Mən həmişə düşünmüşəm ki, əli, qəlbi, vicdanı təmiz olan heç kəs yaptokratiyanı müdafiə etməz, edə bilməz, bu rejimi kim müdafiə edirsə, deməli, onun mütləq bir “ÇP”si, pis əməli, cinayətkarlıqla yaxından-uzaqdan hansısa əlaqəsi var. Mümkün deyil ki, bir insanın təmiz, dürüst bioqrafiyası olsun, amma həm də gedib yaptokratiyanın müdafiəçisi, təbliğatçısı rolunda çıxış etsin.
Bunu mən yalnız ARP sədrinin nümunəsində də demirəm. Kifayət qədər bu cür nümunələr göstərmək olar. Təzəlikcə Fəzail Ağamalı Ismayıl Ömərovla deyişəndə incə bir simə toxundu, ITV sədrinə məxsus tikinti şirkətinin vətəndaşları aldatmasından və onlara 26 milyon manat borclu olmasından danışdı. Əmin olun ki, nə vaxtsa başqa bir “Fəzail Ağamalı” da çıxıb elə bu Fəzail Ağamalının özünün də oxşar əməllərindən danışa bilər. Bunların hamısı elə müdafiə etdikləri rejim kimi, boğazacan pislik, qanunsuzluq, fırıldaq içərisindədirlər.
Bir müddət əvvəl Əliyevlərin daha bir alovlu müdafiəçisi, xidmətləri müqabilində saxta mandatla parlamentdə oturdulan Xanhüseyn Kazımlıya məxsus “Ilkin MTK”nın da öz müştərilərini aldatması barədə oxuduq. Ya da 2-3 il əvvəl vaxtilə demokratik düşərgənin ünvanına ən ağır həqarətlər yağdıran “Kuklalar” verilişinin müəlliflərindən biri Natiq Balayevin narkotik qaçaqmalçılığı ilə məşğul olan mütəşəkkil cinayətkar dəstənin üzvü olduğu üzə çıxmadımı, adama məhkəmədə 15 il iş istəmədilərmi?
Belə faktlar kifayət qədərdir. Bu rejimi can-başla müdafiə edənlərin, onun uğruna hər cür ictimai qınaq və lənəti gözə alanların əvvəl-axır bir gün bütün bu iyrənclikləri nə üçün etdiyi aşkarlanır, onların özlərini də Əliyevçi sistemə elə yalan, oğurluq, saxtakarlıq keyfiyyətlərinin birləşdirdiyi üzə çıxır. Bir sözlə, heç kim durub-dururkən bu quldar və quldur təbiətli rejimin cangüdəninə çevrilmir, həmin adamın özünün mahiyyəti, xisləti onu buna sövq edir, həvəsləndirir.
Mən iş adamı Vahid Əzizovun mətbuat konfransında səsləndirdiyi bir cümləni isə çox qəribsədim, deyir ki, oğurlanmasında əli olanların cəzalandırılmasını istəyir. Bu, əlbəttə, absurddur. Iş adamının ya tamam savadsızlığından, ya da dəhşətli dərəcədə sadəlöhvlüyündən irəli gəlir.
Birincisi, predmetindən asılı olmayaraq, bütün oğurluqlara bizim ölkədə yaşıl işıqdır, buna görə cəza yox, mükafat düşür. Hazırda ölkədə “Şöhrət”, “Şərəf”, “Istiqlal” kimi orden və medalların kimlərə verildiyinə baxıb buna əmin olmaq mümkündür.
Ikincisi, hazırda Azərbaycanda bütün xalqı oğurlayıblar, bizi düynyadan təcrid olunmuş, qapalı bir yerdə saxlayırlar, ətraf qaranlıqdır, üfunətdən burun tutulur, əlimizi, dilimizi bağlayıblar, nə dərdimizi deyə, nə də yaza bilirik, bir növ girovuq.
Indi xalqı oğurlayanlara xidmət eləyən Kamil Seyidovun payına bir adam düşmürmü ki, onu da o oğurlasın? Bunca xidmət bir adama da dəymirmi yəni? Ümumiyyətlə, bütün xalqın oğurlandığı ölkədə də bir adamın söhbətini eləyərlər? Ayıbdı, vallah.
Amma ən əlası o olardı ki, oğurlanan iş adamı kimi, günlərin bir günü oğurlanan neft də mətbuat konfransı keçirsin, onu oğurlamağı sifariş edənlərin adlarını açıqlasın.
Biz o adları bilirik, əlbəttə, amma bunu neftin öz dilindən eşitməyin ayrı ləzzəti olardı.

Oğurlanan neftin də mətbuat konfransı keçirməsi
•
•