Azərbaycan gəncliyi Əliyevlərin müəllifi olduğu problemlərin – işsizliyin, təhsilsizliyin, evsizliyin, bayağı həyat tərzinin, sabaha ümidsizliyin ağuşunda uçurumlu gələcəyə doğru irəliləyir. Çətinliklər hər tərəfdən o qədər sıxır ki, valideynlərin “başını aşağı sal, öz həyatını yaşa, siyasətə qarışma” tapşırığına da ehtiyac qalmır. Gündəlik 5-10 manat qazanmaq istəyən gəncin başı onsuz da aşağı, gözləri yerdədir.
Bəlkə də başı aşağılıq olmasaydı, ixtiyari bir gənc gözlərini dolandırıb Azad Rəhimovun rayonlarda tikdirdiyi şadlıq evinə bənzər gənclər evinə baxardı, o evin ona nə qədər aidiyyəti olub-olmadığı haqda düşünərdi. Ancaq baş qaldırmağa imkan yoxdur. Birinci səbəb yuxarıda qeyd etdiyimiz problemlərdir. Bir də əlahəzrət valideynlər, onların vecsiz təlqinləridir. Azərbaycanlı valideynin arzusu oğlunun, qızının “başı aşağı” olmasıdır. Bizim ölkəmizdə valdeynin öz övladına “başı aşağı ol!” deməsi “siyasətə qoşulma” anlamına gəlir.
Bəli, siyasətə qoşulmamağın şərti adı “başıaşağılıq”dır. Azərbaycanlı valideyn övladının gələyindən ehtiyatlandığından ona siyasətin pis olduğunu təlqin etməyə çalışır. Onun üçün oğlu kim olursa olsun – əli qabarlı fəhlə, Nəqliyyat Departamentinin qoçularının sitəm etdiyi taksi sürücüsü, evsizlikdən 35 yaşına qədər subaylığın daşını ata bilməyən, polisin döyüb öldürdüyü, bir parça çörəyə görə qul bazarında yayda başını gün deşən, qışda da əl-ayağını şaxta vuran biçarə olsun, amma siyasətə baş qoşan olmasın.
Bəlkə də bir çoxları məni bu fikrimə görə qınayacaq, amma azərbaycanlı valideynlərin bir çoxu övladının xoşbəxtliyinin nədən ibarət olduğunu yetərincə başa düşmür. Hər dəfə müxalifətin etiraz aksiyalardan sonra dostlarımla birlikdə məhkəmələrdə oluram. Məhkəmə qərarları evimizə gəlir. Anam narahat olur, bu işdən “əl çək” deyir. Etiraf edirəm, mən də anlatmağa çətinlik çəkirəm ki, evimizə gələn bu qərarlar pis şey deyil, bundan utanmaq, qorxmaq lazım deyil, bu qərarlar gələcəyimizə əminlik yaradan hərəkətlərimizdən aksiyalardan doğur.
Demək istədiyim budur: bu gün xeyli sayda gənc məhz valideynlərinin səhhətini, narahatlığını nəzərə alaraq, bugünkü bəlalarının – normal təhsili, işi, evi və s. olmamasının əsas səbəbkarı olan Ilham Əliyevə etirazını ifadə edə bilmir. Çəkinir ki, həbs olunar, ata-anası bu acı xəbərə dözə bilməz.
Hörmətli valideyn! Sən elə bilirsən ki, bu qanunsuz rejimdə övladın müxalifətçi olmadıqca hər şeydən sığortalanıb? Elə bilirsən ki, bu halda o, hər cür xəta-bəladan uzaqdır? Qətiyyən belə deyil. Çünki bu ölkədə ən böyük bəla bizi idarə edənlərdir. O bəlanı yaşayanlardan biri də Nizami rayonu ərazisində polis əməkdaşları tərəfindən döyülüb öldürülən 31 yaşlı Elvin Əsgərovun anasıdır. Bu ana bilirsinizmi kim idi? Seçki məntəqəsinin sədri idi, bəlkə də Əliyevlərin xeyrinə dəfələrlə seçkidə saxtkarlıq etmişdi. Nəticə isə göz qabağındadır. Əliyevin dəyənək kimiləri onun oğlunu döyüb öldürdü…
Valideynlər, demək istədiyim budur ki, sizdən asılı olan çox şey var. Hər ata-ana oğluna, qızına desə, “get, gələcəyin naminə siyasətə qoşul, mübarizə apar”, övladlar da bu məsləhəti qulaqardına vurmaz. Bizim dəyərlərimizə görə, valideyn sözünün pozulması yolverilməzdir. Bu imkanınızdan istifadə edərək övladlarınızı heç olmasa, onların övladları, yəni, sizin nəvələriniz naminə siyasətə qoşulmağa, biganə olmamağa çağırın. Imkan verin, onlar siyasətlə məşğul olsunlar, onların başı aşağı olmasına yol verməyin!

Başıaşağı olmamaq, siyasətə qoşulmaq…
•