Gün gələcək, biz bu dəhşətli yuxudan ayılacağıq və xəcalətdən bir-birimizin üzünə baxmağa cəsarət edə bilməyəcəyik. Intihara cəhd edənlər də olacaq, utandığından ölkəni həmişəlik tərk edənlər də. “Öyrənəcəyik” ki, bir-iki Afrika qəbiləsindən başqa, dünyanın heç bir ölkəsində biri o birinə bu qədər zülm etməyib, eyni qandan, eyni obadan olanlar bir-biri ilə bu qədər amansız olmayıb.
Öncə yaşayış binaları ətrafında uşaqların oynaması, istirahət etməsi üçün nəzərdə tutulan yaşıllıq zonalarında tikilmiş kafe-restoran və digər “yuva”lar söküləcək, valideynlər övladlarını rəzalətlərdən və kabab iyindən uzaq tutmaq üçün bu obyektlərə açılan pəncərələrə vurduqları boyaları qaşıyacaq, şüşəsini dəyişəcəklər ki, həyətdə oynayacaq övladlarını görə bilsinlər.
Qızları yuxarı sinifdə oxuyan və həyat yoldaşları müəllimə olan ailə başçıları daha direktoru qadın olan məktəb axtarmayacaqlar.
Mənzil fırıldağının qurbanları halal evlərinə qovuşacaqlar, “Azadlıq” qəzeti isə, bundan siyasi şou(!) düzəltmək istəyən yeni iqtidarın üzərinə gedəcək.
Şərlənərək həbsxanaya düşmüş minlərlə insan azadlığa çıxıb, həyatlarına qaldıqları yerdən davam edəcəklər. Məktəblərdə, xəstəxanalarda və digər dövlət idarələrində rüşvət verməyə cəhd göstərənlərə xəbərdarlıq edilərək bu hərəkətin cinayət olduğu onlara başa salınacaq.
Bizi dənizdən ayıran hündür hasarlar söküləcək, insanlar maneəsiz dənizə tamaşa, azad sahildə istirahət edə biləcəklər.
Ibtidai sinif müəllimləri hazırlayan eybəcər kollec filialları, mutant və qorxunc qiyabi şöbələri ilə birlikdə ləğv ediləcək.
Rejimin xaricdəki bütün daşınan və daşınmaz əmlakı xalqın malı elan ediləcək.
Bakıdakı dəbdəbəli villalarını tərk etmiş oliqarxların şəxsi zooparklarından qaçmış vəhşi və ev heyvanlarını toplamaq üçün xüsusi xidmət yaradılacaq.
Qonşu Gürcüstan vətəndaşları özlərinə 2-ci əl avtomobil almaq üçün ölkəmizə gələcəklər, yeni aldıqları maşının baqajına bir qoyun cəmdəyı, bir də uşaqları üçün bir-iki kilo ucuz banandan-zaddan atıb geri dönəcəklər.
Ölkənin parklarını, başda Mübariz Ibrahimov olmaqla, Milli Qəhrəmanlarımızın heykəlləri bəzəyəcək.
Məşhur Lazım da gəlməməsinin səbəbini “açıqlayacaq”. Məlum olacaq ki, onun cibinə nəşə atıb içəridə saxlayırmışlar..
Vaqif Mustafazadə… Rüstəm Ibrahimbəyovun ssenarisi əsasında “43 illik dəhşətli yuxunun gerçəkləri” çoxseriyalı sənədli televiziya filminin çəkilişlərinə başlayacaq.
Həbsdə olan Məzahir Pənahovun “Bir qutunun sirri” adlı kitabı işıq üzü görəcək və seçkilərdə “canfəşanlıq” göstərmiş Mövlud Çavuşoğlu və digər AŞ PA üzvləri haqqında soruşdurmalara başlanılacaq.
Maqnezium-sulfat… ölkədə ən defisit dərmana çevriləcək, belə ki, insanlar qəbul etdikləri qidaların tərkibini biləndən sonra, bu “poroşok”la heç olmasa mədədə qalanları çölə çıxarmağa çalışacaqlar…
…Belə bir ərəfədə yaşayırıq və milyonların arzusunda olduğu belə bir Azərbaycandan bizi ayıran yalnız qısa zaman kəsiyidir. Bəli, Azərbaycan üçüncü dəfə demokratiyaya hamilədir və “körpə”, qadınlı-kişili milyonların bətnindədir…
Mən Heydər Əliyev adına mərkəzdə baş vermiş yanğına sadə insanlardan gələn reaksiyaları gördükcə, yuxarıdakı “bizim Azərbaycan”ın nə qədər yaxın olduğunu anladım.
Mənə məlum oldu ki, bu ölkədə sadə insanlar yox, rejim süfrəsinin məhdud qırıntıları ilə dolanan məmur və mirzələr zombiləşiblər, çünki yanğın günü onların ağıllarına ilk gələn, insanların sevinməsinə üsyan etmək oldu və bunun rejimin faktiki məğlubiyyəti olduğunu anlamadılar.
Son 19 ildə rejim, sadə insanların bu yanğına məlum reaksiyası üçün nə mümkündürsə, artıqlaması ilə edib. Təkcə ölkədən qeyri-qanuni çıxarılan milyardlar, hər bir Azərbaycan ailəsinə ən azı 4 otaqlı ev almağa yetərdi. Rüşvət və korrupsiyadan ələ keçirdikləri isə bundan dəfələrlə çoxdur.
Xalqa nəyin sevinc, nəyin də kədər olduğunu izah etməyi buraxın, özünüzü düşünün, bəlkə faydası oldu…