Salyanda dəhşətli qətl hadisəsi baş verib. Rayon sakini arvadının başını kəsib, yeznəsini öldürüb, digər qohumunu bıçaqlayıb, daha sonra özünə xəsarət yetirib. Məlumatı rayon prokurorluğu yayıb.
Hadisə iyulun 27-i səhər saatlarında rayonunun Arbatan kəndində baş verib. Kənd sakini, 1986-cı il təvəllüdlü Hüseynov Xəlil Ramil oğlu həyat yoldaşı 1985-ci il təvəllüdlü Axundova Kübra Abdulrəhim qızının başını kəsərək qətlə yetirib. Sonra isə yeznəsi, 1975-cı il təvəllüdlü Gözəlov Zaur Nizami oğlunun qarın və sinə nahiyəsinə 6 bıçaq zərbəsi, Salyan şəhər sakini, 1985-ci il təvəllüdlü Baxışov Cəlal Nizami oğlunun isə qarın boşluğuna bir neçə bıçaq zərbəsi endirib. O, daha sonra mağazalardan birinin vitrin şüşəsinə yalın əllə zərbə endirməklə özünü yaralayıb.
Xəstəxanaya çatdırılan Zaur Gözəlov orada dünyasını dəyişib, Cəlal Baxışov isə əməliyyata götürülüb. Həkimlər onun vəziyyətini ağır qiymətləndirir.
Xəlil Hüseynovu isə polislər saxlayıb.
Faktla bağlı Salyan prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.


