2012 Yay Olimpiya Oyunlarının məşəli dünən Londona çatıb. Olimpiya məşəlinin 70-günlük marşrutunun 2-günlük son mərhələsinin birinci günündə onu gəzdirənlər arasında 15 yaşlı əlil yeniyetmə, neçə məşhur sima, eləcə də BMT-nin baş katibi Pan Gi Mun olub. Pan Gi Mun məşəli Londonda Olimpiya Oyunlarının təşkilatçı komitəsinin və Beynəlxalq Olimpiya Komitəsinin dəvəti ilə daşıyıb. Bu zaman onu sözügedən qurumların rəhbərləri də müşayiət edib.
Olimpiya məşəlinin marşrutuna Böyük Britaniyanın baş naziri Devid Kemeronun rəsmi iqamətgahının yerləşdiyi Dauninq Strit 10 da daxil olub. Bukinqem sarayının önündə isə Olimpiya məşəlini şahzadə Uilyam və xanımı Keyt qarşılayıb. Minlərlə yerli sakinin və turistin maraqla izlədiyi şou Hayd-Parkda tamamlanıb.
Qeyd edək ki, Olimpiya məşəli 70 gün ərzində 12900 kilometr məsafə qət edərək, öz marşrutunu 2012 London Yay Olimpiya Oyunlarının bu gün keçiriləcək rəsmi açılışında tamamlayacaq. Olimpiya məşəlini gəzdirən sonuncu şəxsin adı isə sirr saxlanılır (ans press).


