Mən də kosmonavtam

Elm adamı Eldar Allahyar oğlu Quliyevdirsə…

Etibar Əliyev

Bu yaxınlarda saytların birində “Azərittifaq”ın Idarə Heyətinin sədri, Milli Məclisin Aqrar Siyasət komitəsinin sədr müavini, Kooperasiya Universitetinin rektoru Eldar Quliyevin məzhəkə xarakterli bir müsahibəsini oxudum. Bu qədər vəzifə sahibi ilk baxışdan azacıq da olsa savadlı insan təəssüratı bağışlamalı idi. Əslində məni bu şəxs haqqında yazı yazmağa vadar edən əsas məqamlardan biri onun bu fikirləri oldu: “Mənim Almaniyanın ”Hornado” Təbiət Elmləri Akademiyasında kənd təsərrüfatı ilə bağlı məqaləm çap olunub. Bunlar təkcə Almaniyada yox, bütün dünyada oxunur və tanınır. Elm adamı kimi mənim bunlara marağım çox böyükdür və əsas məqsədim də odur ki, bu jurnallar hər zaman olsun və yüksək qiymətləndirilsin ki, bu da mənim gələcək elmi potensalıma kömək olsun. Mənim Türkiyədə də bir məqaləm çıxıb və mən onları ingilis dilində vermişəm. Bizdə də jurnallar həm rus, ingilis və türk dilində olur”.
Belə mənasız ifadələrin sahibi yalnız belə bir mühitdə özünü elm adamı saya bilər. Onun bioqrafiyasından: “Eldar Quliyev 1981-1985-ci illərdə Azərbaycan Xalq Təssərrüfatı Institunun aspirantı kimi elmi-tədqiqat işi ilə məşğul olmuşdur”. Maraqlıdır, Eldar müəllim elm adamı kimi gənc yaşlarında nədən aspranturanı oxuyub, amma dissertasiya müdafiə edə bilməyib? Nədən 28 ildən sonra dissertasiya müdafiə etmək həvəsinə düşüb və birdən-birə elm adamı olub?
58 yaşında elmlər namizədi alimlik dərəcəsi alan bir insan hələ gələcək elmi potensiala ümidlidir və qısa zaman kəsiyində 2 dərs vəsaiti, 20-dən artıq monoqrafiya və elmi məqalənin müəllifi olub. Dəhşətdir, cəmi iki ildəki yaradıcılıq bu qədərdir. Yaxşı ki, o, cavan vaxtlarından elmə gəlməyib. Yoxsa Axundov adına kitabxanada onun ayrıca kitab və məqalələr rəfi olacaqdı. Bu yaşında elmə gələn bir insanın Kooperasiya Universitetində keçirilən bir konfransla bağlı ifadələrinə diqqət edin: “Birinci gün 19 adam (?) elmi  konfransda çıxış etdi. Elmi konfransda 317 məqalə var idi ki, onun da 64-ü xarici müəlliflərə məxsus idi. Bizim təşkilat komitəsi 317 tezis və məqalənin üzərində bu gün də işləyir”. Açıq görünür ki, Eldar müəllim hələ də məqalə ilə tezisin fərqini bilmir. Anlamır ki, bir məqalənin içərisində 50-100 tezis də ola bilər. Burda deyərlər, hardasan Bəyalı Ataşov!?
Fikrinə davam edən hörmətli Eldar müəllim görün daha nələri deyir:  
“Biz ilk dəfə olaraq, elmi-praktiki konfransdan şəkillər verəcəyik. Bu təklif mənim tərəfimdən irəli sürülüb və bu elmi açardır. Biz bunu universitetlərə verəcəyik, xarici dövlətlərə göndərəciyik, çünki onlar iştirak ediblər və məqalələr göndəriblər”. Yenə açıq görünür ki, belə düşüncə sahibinin elmi-konfrans anlayışından da xəbəri yoxdur. Məgər indiyə qədər keçirilən konfranslarda şəkil olmayıb? Bu kəşfi Eldar müəllim, inşallah, doktorluq dissertasiyası müdafiə edəndə Ali Attestasiya Komissiyası mütləq nəzərə almalıdır.  
Eldar Quliyev elmə gəldikdən dərhal sonra Ictimai Mülkiyyət olan Kooperasiya Universiteti və Bakı Biznes və Kooperasiya kollecini vəzifə səlahiyyətlərindən sui istifadə etməklə bir qərarla özəlləşəlləşdirərək özünü universitetə rektor, qardaşı qızı Quliyeva Fatma Ağayar qızını isə kollecə direktor təyin edib. Əgər Kooperasiya Universiteti və Bakı Biznes və Kooperasiya kollecini özəlləşdirmək zəruri idisə, onda koollektivlər kənardamı qalmalı idi? Bəs onların payı kimə çatdı? Belə dərəbəylik harda görünüb?  
Ölkədə Kooperasiya adlı bir şey varmı, qardaşlar? Olmadığı halda Eldar Quliyev kənd kooperasiyasının yaradılmasından danışır. Mövcud olanı mütləq dağıdıb, sonra nəsə yaratmaq lazımdır?
Bütün ölkə bilir ki, ali məktəblər içərisindən ən çox qanunsuzluqlar və özbaşınalıqlar “Azərittifaq”ın tabeçiliyində olan Kooperasiya universitetində baş verir. Bütün ölkə bilir ki, bu Universitetə hər il qeyri-qanuni yolla yüzlərlə tələbə qəbul olunub. Bu prosesin Eldar Quliyevin razılığı olmadan baş tutması mümkün deyil. Bəlkə bunu Korrupsiya ilə məşğul olan dövlət qurumlarının yadına salan olmayıb? Qanunsuz tələbə köçürmələrinin qurbanına çevrilən Azərbaycan Beynəlxalq Universitetinə şamil edilən sərt qaydalar Kooperasiya Universitetinə niyə tətbiq olunmur? Belə universitetlər ölkədə savadsız “mütəxəssislər” bolluğu yaradır, universitet anlayışını gözdən salır və onun qapadılması daha böyük xeyir gətirə bilər.
Əgər Eldar Quliyevin universiteti, özünün dediyi kimi, yaxşı təhsil verirsə, onda hörmətli deputat nədən oğlu Quliyev Fəridin Beynəlxalq Universitetdə oxumasına razılıq verib? Elə bilirsiniz Fərid bəy elə Beynəlxalqı da bitirdi? Yox əşşi! Sonradan o, BDU-nun hüquq fakultəsinə köçürüldü və elə oranın da diplomunu aldı.
Bütün bunlardan sonra Eldar Quliyev elm adamıdırsa, onda utanmadan və çəkinmədən deyirəm: “Mən də kosmonavtam”.