“Belarus prezidentinə tətbiq olunan sanksiyalar İlham Əliyevi də gözləyir”
Belorus prezidenti Aleksandr Lukaşenkonu London Yay Olimpiadasında akkreditasiya etməkdən imtina etdikləri barədə məlumat vermişdik. Olimpiya Oyunları Təşkilat Komitəsinin bu qərarı Belorus rəhbərliyinin ciddi narazılığına səbəb olsa da, bu, Lukaşenkonun mötəbər bir yarışdan kənarda qalmasının qarşısını ala bilmədi.
AXCP sədrinin müavini Nurəddin Məmmədli hesab edir ki, Azərbaycan hakimiyyəti, Belorusun, Lukaşenkonun getdiyi yolu təkrar etdiyi üçün eyni aqibət onu da gözləyir: “Ilham Əliyevi də Lukaşenkoya tətbiq edilən sanksiyalar gözləyir. Vaxtilə Lukaşenko da haqlı tələblərdən heç bir nəticə çıxarmadı. Nəticədə bu tələblərin dairəsi getdikcə genişləndi. Hazırda Lukaşenko və komandasının xaricdəki pulları dondurulub. Eyni zamanda Belorus hakimiyyətində təmsil olunan dövlət xadimləri demokratik ölkələrə buraxılmırlar. Azərbaycanda isə bu proses ciddi mərhələyə keçməkdədir. Artıq iki nazirini timsalında 26 nəfərə bəzi ölkələrə getmək qadağası qoyulub. Əslində bu xəbərdarlıqdır. Əgər Azərbaycan hakimiyyəti hazırkı siyasətini dəyişməsə, proses getdikcə dərinləşəcək. O cümlədən Olimpiya oyunları kimi, mötəbər tədbirlərə qadağa qoyulması mərhələsi də gündəmə gələcək”.