Sabiq baş prokurorla keçmiş müdafiə nazirinin söz atışması davam edir
Xəbər verdiyimiz kimi sabiq baş prokuror Ixtiyar Şirinin “Azadlıq” qəzetinə verdiyi geniş müsahibəsində Azərbaycanda Hərbi Dəniz Qüvvələrinin yaradılması barədə söylədiyi bəzi fikirlər sabiq müdafiə naziri Rəhim Qazıyevin etirazına səbəb olmuşdu. R.Qazıyev də öz növbəsində qəzetimizə açıqlamasında I.Şirininin söylədiklərinin reallıqdan uzaq olduğunu bildirmişdi. R.Qazıyevin sözlərinə görə, müdafiə naziri postuna təyin olunduqdan sonra Bakıda olan rus hərbi gəmilərinin Rusiyaya aparılmasının qarşısını məhz o, alıb.
R.Qazıyev qeyd edib ki, problem heç də I.Şirinin iddia etdiyi kimi şəxsi əlaqələr hesabına yox, məhz onun qətiyyətli mövqeyi nəticəsində çözülüb: “O zaman Azərbaycandakı hərbi dəniz qüvvələrinin rəhbəri Zinin idi. O, Ixtiyar Şirinin söylədiyi kimi kontr-admiral yox, birinci dərəcəli kapitan idi. Mən Zinini çağırdım. O, müavini və ”zampolit”lə gəlmişdi. Zininə dedim ki, bizdə məlumat var ki, gəmilər Rusiyaya aparılacaq. Bizim bunun qarşısını almağa hərbi potensialımız yoxdur. Lakin sizin üçünüzündə yaşadığınız mənzillər və ailə üzvləriniz nəzarətə götürülüb. Əgər bu addımdan çəkinməyəcəksinizsə mən sizin ailə üzvlərinizi məhv edəcəm. Beş gündən sonra baş komandan öz müavinini Bakıya göndərdi. Bizimlə onlar arasında sovetə məxsus hərbi dəniz qüvvələrinin 4 ölkə – Azərbaycan, Rusiya, Qazaxıstan və Türkmənistan arasında bölünməsi barədə protokol imzalandı”.
R.Qazıyev bundan başqa vurğulayıb ki, Xalq Cəbhəsi hakimiyyəti dövründə hücum təyinatlı dəstənin yaradılması ilə bağlı I.Şirinin söylədiklərinə də etiraz edib. O, bildirib ki, əgər I.Şirinin iddiasına görə, o, vəzifəsindən çıxandan sonra Azərbaycanın döyüşə bilən heç bir qüvvəsi yox idisə, 15 minlik hücum təyinatlı dəstə hardan gəlmişdi: “Ixtiyar Şirin deyir ki, həmin dövrdə Türkiyədən yardım istəyiblər və bu ölkənin 175 zabit Azərbaycana gələn kimi 15 min nəfərlik hücum təyinatlı qüvvələri onlara təhvil veriblər. Indi mən soruşuram: Əgər Rəhim Qazıyev işdən çıxandan sonra Azərbaycanın döyüşə bilən qüvvəsi yox idisə bəs 15 min nəfərlik hücum təyinatlı qüvvələr hardan gəlmişdi? Görürsünüz, Ixtiyar Şirin necə özünü təkzib edir?!”.
Zinin 25 gəminin qalmasına razılıq vermişdi, amma…
Dünən redaksiyamızla yenidən əlaqə saxlayan I.Şirin əslində tarixi R.Qazıyevin təhrif etdiyini bildirdi: “Rəhim Qazıyev deyir ki, o müdafiə naziri təyin olunandan sonra martın 18-də fəaliyyətə başlayıb və xəbər tutanda ki, Xəzər Hərbi Donaòònmasından gəmilər Rusiyaya aparılacaq, bunun qarşısını almaq üçün o, Zinini dəvət edərək hədələyib və daha sonra flotilyanı onun əlindən alıb. Bundan başqa o, qeyd edir ki, Zinin vitse-admiral yox, birinci dərəcəli kapitan idi. Təəssüf edirəm ki, məlumatsız, heç bir şeydən xəbəri olmayan bir adam Azərbaycanın ağır dövründə müdafiə naziri vəzifəsində işləyib. Zinin 1988-ci ildə Xəzər Hərbi Dəniz Donanmasının baş qərargah rəisi təyin olunub. O Sakit Okean Hərbi Donanmasından göndərilmişdi və həmin dövrdə artıq kontr-admiral idi. Birinci dərəcəli kapitan Rafiq Əgərov yanıma gələndə və durum barədə məni məlumatlandıranda bildirmişdi ki, 1990-cı ildən başlayaraq Zinin Xəzərdəki gəmiləri hissə-hissə Rusiyaya göndərməyə başlayıb. Çünki onlar artıq bilirdilər ki, SSRI dağılacaq və Xəzər hərbi donanmasını Azərbaycanda, Türkmənistanda, Qazaxıstanda saxlamaq onlar üçün təhlükədir. Zinin 1990-cı ildə konservasiya gəmiləri bölməsini Rusiyaya göndəriblər. Bir il sonra yastıq üzərində hərəkət edən gəmilərin divizyonu Rusiyaya göndərilmişdi. Rəhim Qazıyev deyir ki, o Zinini hədələyib və gəmilərin göndərilməsinin qarşısını alıb. Bildirmək istəyirəm ki, o müdafiə naziri təyin olunana qədər artıq gəmilərin böyük hissəsi Rusiyada idi. 1992-ci ilin martına Zininin başçılığı altında Rusiyaya 5 min tonluq hərbi torpedo gəmiləri göndərilib”.
Rəhim Qazıyevin günahından dəyərli torpedo gəmisini itirdik
I.Şirinin sözlərinə görə, R.Qazıyev nazir təyin olunana qədər o, R.Əsgərovun məlumatına əsasən martın əvvələrində Zininlə görüşübmüş. Görüş nəticəsində razılıq əldə olunub ki, yerdə qalan 24 gəmi Azərbaycanda saxlanılacaq və Zinin də buna razılıq vermişdi. R.Əsgərov R.Qazıyev nazir olana qədər gəmilərin hamısını təhvil alıb. R.Qazıyev müdafiə naziri təyin olunandan sonra gəmilərin bölgüsünü rəsmiləşdirmək üçün Azərbaycan, Rusiya, Türmənistan və Qazaxıstan arasında gəmilərin bölgüsünə dair protokol hazırlamışdılar. I.Şirin onu da bildirdi ki, artıq bu müddətə nə Türkmənistanda, nə də Qazaxıstanda hərbi gəmi qalmamışdı. Hətta Türkmənistandakı gəmilər təmir adı altında ölkədən çıxarılaraq, geri qaytarılmamışdı. I.Şirinin sözlərinə görə, məhz onun, R.Əsgərovun və bir neçə zabitin gördüyü iş nəticəsində Rusiya gəmilərin hamısını apara bilməyib: “Rəhim Qazıyev nazir təyin olunandan sonra Zininlə görüşüb, danışıq aparmışdı. Məndə olan məlumatlara görə, Rəhim Qazıyev həmin görüşdə Zininin və başqa hərbiçilərin ailələrini qırmaqla bağlı hədə işlətməyib, o bunu edə də bilməzdi. Belə bir şey olsaydı Rusiya ilə Azərbaycan arasında böyük diplomatik böhran yaranardı. Vitse-admirala qarşı belə bir hədə-qorxu gəlmək Azərbaycana çox baha başa gələ bilərdi. Amma həmin görüşdə başqa bir insident olub. Rəhim Qazıyev görüşdə Rusiyanın prezidenti Boris Yeltsin haqqında kobud ifadə işlədib. Kobud ifadə Rusiya nümayəndə heyətinin prezidentlərinin Azərbaycandakı gəmiləri Rusiya mülkiyyəti kimi aparmaq barədə fərman verdiyini söyləməsindən sonra işlədilib. Nəticədə Rusiya tərəfi protokolu imzalamadan görüşü tərk etmişdi. Zininlə danışıqlar yalnız dövlət rəsmilərimizdən biri ona zəng edərək xahiş etməsindən sonra bərpa olunmuşdu”.
Gəncə hadisələri hücum təyinatlı dəstəylə bağlı planı yarımçıq qoydu
I.Şirin maraqlı bir məqamı da vurğuladı. O, bildirdi ki, Zininlə R.Qazıyev arasında gərginlik yaranmasından istifadə edən Rusiya bort nömrəsi 300 olan çox qiymətli torpedo gəmisini aparmışdı. I.Şirin hesab edir ki, R.Qazıyev əslində son açıqlaması ilə Xəzər Hərbi Donanmasında baş verənlərdən məlumatsız olduğunu göstərib. “Rəhim Qazıyev yalnız hazır protokolu imzalayıb. Onun baş verənlərdə heç bir rolu olmayıb”, deyə I.Şirin vurğuladı.
Hücum təyinatlı dəstələrin hazırlanması ilə bağlı R.Qazıyevin dediklərinə gəlincə isə I.Şirin bildirdi ki, 15 minlik dəstəni Türkiyə hərbçiləri hazırlamalı idi. Həmin dövrdə Azərbaycan hökuməti Türkiyə tərəfinə yeni çağrışçılardan 15 min nəfər toplayıb təhvil verib. Bu çağrışçıların yığılmasında hakimiyyət nümayəndələrindən I.Şirin, Ə.Kərimli, A.Hacılı və P.Hüseyn yaxından iştirak edib: “Türkiyə hərbçiləri bu gənclərdən hücum təyinatlı dəstə hazırlayırdılar. Gəncə hadisələri olmasaydı, bu hazırlıqlar da uğurla davam edirdi”.
Hikmət


