Heydər Əliyev yolunda… cərimə

İmişli şəhərində ağac “qətliamında” mövcud olmayan hüquqi şəxs təqsirkar bilinib

Xəbər verdiyimiz kimi, iyunun 10-dan başlayaraq Imişli şəhərinin 20 Yanvar küçəsində salınmış yaşıllıq sahəsindəki çoxillik küknar ağacları qırılaraq onun yerində “Heydər Əliyev mərkəzi”nin tikintisinə başlanılıb. Bölgədə iki il əvvəl baş verən sel və daşqınların nəticələri tam aradan qaldırılmadığı, minlərlə rayon sakini hələ də qəzalı evdə yaşadığı bir vaxtda, belə mənasız projelərə külli miqdarda vəsait sərf edilməsi, bu zaman ictimai yerlərdəki ağacların kəsilməsi və yaşıllıq sahələrinin məhvi rayon sakinlərinin kəskin narazılığına səbəb olub.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi məsələ ilə bağlı qəribə açıqlama verib: “Imişli şəhəri 20 Yanvar küçəsində ağacların kəsilməsi ilə əlaqədar bildiririk ki, sözügedən ərazidə Nazirliyin müvafiq qurumunun əməkdaşları tərəfindən araşdırma aparılmış, ərazidə müxtəlif cinsli yaşköküstə ağacların kəsildiyi aşkar edilərək sənədləşdirilmişdir. Faktla bağlı ”Azərbaycan Respublikası meşə fonduna daxil olmayan ağac-kol bitkilərinin istifadəsi, mühafizəsi və qorunması qaydaları haqqında” Nazirlər Kabinetinin 2005-ci il 19 sentyabr tarixli, 173 saylı qərarının tələblərini pozduğuna və Inzibati Xətalar Məcəlləsinin 92.2-ci maddəsi ilə inzibati xəta törətdiyinə görə Imişli rayonu “Abadlıq və Yaşıllaşdırma” MMC hüquqi şəxs qismində inzibati qaydada cərimə edilmiş və ağacların kəsilməsinə görə Cəmiyyətə qarşı iddia qaldırılmışdır”.

Əvvala, 20 Yanvar küçəsində baş verən məlum “soyqırım”a qədər “Abadlıq və yaşıllaşdırma” MMC öz fəaliyyətini dayandırmışdı. Onun rəhbəri Rasim Abışov deyir ki, bu qurum 2012-ci ilin yanvarın 1-dən ləğv edilib. Artıq mövcud olmayan hüquqi şəxsin bu işdə təqsirkar kimi tanınması və barəsində inzibati qərar qəbul edilməsi təəccüb doğurur. Düzdür, vaxtilə qanunsuz ağackəsməyə görə adıçəkilən müəssisə cərimələnib, lakin bu tədbiri 6 ay sonra baş verən hadisəyə aid etmək mümkün deyil. Ola bilsin işləri dolaşdıran odur ki, həm “Abadlıq və Yaşıllaşdırma” MMC-nin, həm də iyunun 1-də Imişli RIH başçısının sərəncamı ilə yaradılan Imişli Rayon Kommunal Təsərrüfatları Istehsalat Birliyinin direktoru eyni şəxs – Rasim Abışovdur. Birincisi özəl müəssisə olub və o, Imişli Rayon Icra Hakimiyyəti ilə müqavilə əsasında müəyyən iş-xidmətləri icra edib və buna görə haqq alıb, ikincisi isə yerli icra hakimiyyətinin yaratdığı və tabeliyində fəaliyyət göstərən hüquqi şəxsdir. Hər iki müəssisənin rayonun ictimai həyatı ilə bağlı müstəqil qərar qəbul etmək səlahiyyəti olmayıb. Araşdırma aparan ETSN əməkdaşları da bunu bilməmiş deyildilər. Üstəlik, biz əvvəlki araşdırmamızda kəsilmiş ağacların Imişli şəhərinin 28 may küçəsindəki taxta-şalban sexinə təhvil verildiyini qeyd etmiş və həmin yerdən çəkdiyimiz fotoşəkilləri ETSN-ə təqdim etmişdik. Bu ağaclardan hazırlanmış materiallardan hazırda rayondakı ictimai binaların təmiri məqsədilə istifadə olunur. Təbii ki, bu işi özəl təşkilat yalnız sifariş əsasında görə bilər. Sadəcə ETSN onu cərimələməklə iyunun 10-12-də Imişlidə ağacların kütləvi olaraq qırılmasının araşdırılması və təqsirkarın müəyyən olunaraq cəzalandırılması kimi təqdim edir. Əslində isə ağacın “hamisi” dolayı yolla öz qərarının gələcəkdə məhkəmə qaydasında ləğvi üçün şərait yaradıb. Hamı bir şeyi yaxşı bilir ki, əməl qanunsuz olubsa belə, bu, Heydər Əliyev yolunda olub.
Ikincisi, məhv edilməzdən əvvəl yaşıllıq sahəsinin tikinti altına verilməsinə yerli bələdiyyə və icra orqanları, o cümlədən ETSN-in 8 saylı ərazi idarəsi tərəfindən razılıq verilib. Təbii ki, aidiyyəti dövlət və bələdiyyə orqanları belə razılıq verməzdən əvvəl ağacların sonrakı taleyini də düşünməyə borclu idi (baxmayaraq ki, sənədlərdə tikinti altına verilən ərazi “boş torpaq sahəsi” kimi göstərilib). “Abadlıq və yaşıllaşdırma” MMC, yaxud Rayon Kommunal Təsərrüfatları Istehsalat Birliyi bu ağacları özbaşına kəsə bilməzdi. Belə baxanda, ərazidə “Heydər Əlyev Mərkəzi”nin tikintisini bu müəssisələr həyata keçirmədiyindən, ağacların kəsilməsi də onların marağında olmamalıdır. “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”yə görə, icra başçısı yaşayış məntəqələri ərazilərinin abadlaşdırılması və yaşıllaşdırılması işini və yaşıllıqların mühafizəsini təşkil etməlidir. Bunu etməyibsə, deməli, o da məsuliyyət daşımalıdır. Problem ondadır ki, mövcud Azərbaycan reallığında ETSN icra başçılarını cəzalandırmaq iqtidarında deyil.
ETSN-in qanunsuz hesab etməyinə baxmayaraq, Imişli şəhərinin 20 Yanvar küçəsində ağackəsmə kompaniyası qısa fasilədən sonra son günlər yenidən davam etdirilir. Görünür, ETSN bu qanunsuzluğun qarşısını almaqda aciz olduğundan, əraziyə nəzarət edən digər aidiyyəti qurumlar, o cümlədən polis əməkdaşları baş verənləri “görmədiyindən”, daha heç kəs cəzalandırılmır. Cərimələnən “Abadlıq və yaşıllaşdırma” MMC isə, necə deyərlər, heç nədən zibilə (oxu: akta, protokola) düşüb…
“Mərkəz”dən söz düşmüşkən, onun tikintisinin rayonun imkanlı iş adamı olan Tofiq Isayevin şəxsi vəsaiti hesabına aparıldığı bildirilir. Bu, heç də sahibkarın “ümummilli lider”ə olan sevgisindən xəbər vermir. Belə ki, gördüyü işin müqabilində cənabın yaxın qohumunun RIH-in iqtisadiyyat şəbəsinə müdir təyin olunacağı barədə danışılır. Yeri gəlmişkən qeyd edək ki, Imişlidəki Heydər Əliyev adına muzeyin tikintisi və YAP-ın inzibati binasının təmiri iş adamlarının “könüllü istəyi” və şəxsi vəsaiti ilə başa gəlib. Lakin əhali arasında gəzən söz-söhbətə görə, “Mərkəz”in tikintisi sonda “Heydər Əliyev Fondu”nun adına çıxılacaq. Necə ki, bir neçə il əvvəl rayonun Qaralar kəndində orta məktəb binasını əvvəlcə iş adamı, hazırkı deputat Əsabil Qasımovun tikdirdiyi bildirilsə də, sonda bu iş məlum Fondun “ayağı”na yazıldı. “Heydər Əliyev Fondu”nun isə maliyyə mənbələri ictimaiyyətə sirr olaraq qalır.

Azər Əli