“Azəryolservis” şefi Zaqataladakı körpünün adını niyə dəyişib?
“Azəryolservis”in rəhbəri, deputat Cavid Qurbanovun həbs olunacağı barədə xəbərlər yayılmışdı. “Bizim Yol” qəzetinin yaydığı həmin məlumatlarda bildirilirdi ki, MTN Cavid Qurbanovun icraatında olan layihələrlə bağlı araşdırma aparıb.
Nəticədə müdhiş maxianasiyalar üzə çıxıb. Bu prosesdə iştirak edənlərin hamısı müəyyənləşdirilib və güman ki, yaxın vaxtlarda müvafiq qərar veriləcək. “Azadlıq” bu məlumatla bağlı Cavid Qurbanovun özü ilə əlaqə saxalamışdı. “Azəryolservis”in şefi məlumatı nə təkzib, nə də təsdiq etmişdi. O, əvvəlcə əməkdaşımıza əsəbi halda “Sizin nəyinizə gərəkdir ki, məni kim araşdırır?!” deyə cavab vermişdi. Əməkdaşımız Cavid Qurbanova bu məlumatların mətbuatda işıqlandırıldığını, doğru olub-olmadığını şəxsən onun özü ilə dəqiqləşdirmək zərurətinin yarandığını və bunun normal hal olduğunu deputata izah edəndən sonra “Azəryolservis” şefi yenə də əsəbi şəkildə “mən onlara (məlumatı yayan qəzetə) fikir vermirəm” deyərək xəbəri yayan qəzetin haqqında yazılası mümkün olmayan ifadələr işlədərək telefonu qapadmışdı.
“Bizim Yol” qəzeti dünənki sayında Hesablama Palatasının “Azəryolservis”in icra etdiyi layihələrlə 2011-ci ildə tərtib etdiyi hesabatı dərc olunub. Hesabatda deyilir ki, “Azəryolservis” ASC-nin Ismayıllı-Lahıc avtomobil yolunun, Zaqatala şəhəri ərazisində Tala çayı üzərində körpünün tikintisi və Imişli, Salyan Yol Istismar Idarələrinə ayrılan vəsaitlərin istifadəsi üzrə audit aparılıb. Audit zamanı müəyyən edilib ki, Zaqatala şəhərində asma körpü keçidi üç aşırımlı olmaqla tam uzunluğu 160 metr, qabariti Q-8 metr, səkilərin eni 1, 5 metrdir. Bu körpü əvvəlki körpünün yerində tikilib. “Azəryolservis” ASC-nin işçiləri beton tökərkən körpü əyilib. Onu düzəltmək üçün körpüyə dirək vurublar. Bundan sonra körpünün adı dəyişdirilərək “Bir dirəkli asmalı körpü” qoyulub.
Şirkət 2011-ci ildə Lahıc-Burovdal avtomobil yolunun təmir və tikinti işlərini həyata keçirib. Layihə sənədlərinə əsasən avtomobil yolunun uzunluğu 22 km, hərəkət zolağının sayı 2, hərəkət zolağının eni 2, 0 x 3, m çiyinlərinin bərkidilmə zolağının eni 0,5 m olmaqla asfalt-beton örtüyü qəbul edilib. Auditlə əhatə olunan dövrdə Salyan Yol Istismarı Idarəsinin respublika əhəmiyyətli 91 km və yerli əhəmiyyətli 100 km, Imişli Yol Istismarı Idarəsinin isə respublika əhəmiyətli 125 km və yerli əhəmiyyətli 152 km yolların, həmçinin 798, 24 p.m. uzunluğunda 12 ədəd körpünün saxlanılmasına xidmət göstərib.
Bu işlərin icrası zamanı bir sıra nöqsanlara yol verilib. Obyektlərin layihə-smeta sənədlərinə uyğun investor dəyəri müəyyən edilmədən dövlət əsaslı vəsait qoyuluşu üzrə büdcə proqnozları təqdim edilib, obyektin ehtimal olunan qiyməti (müqavilə qiyməti) müəyyən edilmədən satınalmalar keçirilməklə qanunvericiliyin tələblərinə əməl edilməyib, “Ismayıllı-Lahıc avtomobil yolunun əsaslı təmiri” obyektinin layihə-smeta sənədlərinə Tikintidə Təhlükəsizliyə Nəzarət Agentliyinin Təsisatdankənar Dövlət Ekspertiza Baş Idarəsi tərəfindən verilən rəydə göstərilmiş iradlar tam aradan qaldırılmayıb, obyektin tikintisi üzrə ehtimal olunan qiymətdən artıq məbləğdə podratçı təşkilatla müqavilə bağlanıb, ehtimal olunan qiymət müəyyən edilmədən “Ismayıllı-Lahıc avtomobil yolunun əsaslı təmiri” obyekti və “Zaqatala şəhəri ərazisində Tala çayı üzərində körpünün tikintisi” obyekti üzrə podratçı təşkilatlara vəsait ödənilib.
Əlavə edilir ki, “Azəryolservis” ASC-nin avtomobil yollarının saxlanılması üzrə tərtib olunan aktlarda bəzi işlərin dəyəri Imişli və Salyan rayon Yol Istismar Idarələri tərəfindən artırılıb. Bu idarələr istismarda olan maşın və mexanizmlərə normadan artıq yanacaq sərfinə yol verib. Aparılan maliyyə-təsərrüfat əməliyyatları nəticəsində bir sıra təşkilatlar üzrə yaranan debitor və kreditor borcu mühasibat sənədlərində və maliyyə hesabatlarında göstərilməyib.


