Yaptokratiyanın bir deputatı var – Eldar Ibrahimov, bu yaxınlarda demişdi ki, kimsə YAP-a yaltaqlıq edirsə, bunun bizə zərəri yoxdur, əksinə, yaltaqlar nə qədər çox olarsa, bizə o qədər yaxşıdır.
Sonra deyəsən, qaş qayırarkən vurub göz də çıxardığını anlamışdı, əlavə eləmişdi ki, YAP-a daha çox sədaqətli adamlar lazımdır. Guya YAP-a sadiqliklə YAP-a yaltaqlıq ayrı-ayrı şeylərdir. Mən bunu Eldar Ibrahimovun tarixdən bixəbərliyinə, heç olmasa, üç-beş kitab oxumamasına bağlayıram. Əks halda yaptokrat deputat başa düşərdi ki, Azərbaycan kimi despotik, antixalq, antidemokratik, zor və zopa gücü ilə idarə olunan ölkələrdə hakim partiyalara, “dahi rəhbər”lərə sədaqət anlayışı olmur, biz bunu vaxtilə Kommunist Partiyasının, təzəlikcə isə Hüsnü Mübarəkin Milli Demokrat Partiyasının timsalında gördük. Işlərin azacıq əyilməsi kifayətdir ki, bu cür partiyalar corab kimi sökülə-sökülə getsin.
Despotik rejimlərdə insanları hakim partiyaya qarınlarından başqa heç nə bağlamır, onlara sadiqlik yox, məhz yaltaqlıq, məddahlıq, bunun sayəsində özünə, övladlarına gün ağlamaq, karyera qurmaq hissi xasdır.
Mətləbdən uzaq düşməyək, indi həmin bu Ibrahimov təzə “gül” vurub, deyib ki, “Ilham Əliyevin 51 yaşı var, hələ onun indi-indi prezident işləməli dövrüdür”.
Biz də elə bilirdik ki, prezident seçilmək üçün xalqın iradəsi lazımdır, prezidentliyə namizədin demokratik zehniyyət, modern düşüncə, çağdaş təfəkkür sahibi olması lazımdır, sən demə, yanılmışıq, məsələ başda deyilmiş, yaşda imiş.
Axı bu nə gündü, biz çəkirik: adamı 40 yaşında, zorakılıqla, saxtakarlıqla prezident kürsüsünə oturdurlar, deyirlər, gəncdir, perspektivlidir, enerjilidir, falan-filan. Sonra o adam 51 yaşına gəlir, demokratiyanın təməl prinsipləri, çağdaş siyasi mədəniyyət, hüquq icazə vermədiyi halda bu dəfə də onun yetkinləşməsini, müdrikləşməsini gözümüzə soxurlar.
Adam istəyir soruşsun ki, a kişilər, madam 51 yaşı olmaq insana xüsusi üstünlük verir, o zaman bu ölkədə məgər bircə Ilham Əliyevinmi 51 yaşı var, niyə o birilərinə də prezidentlik haqqı tanına bilməz? 51 yaş adama bütün dəyərlərə – hüquqa, xalqın iradəsinə tüpürərək üçüncü dəfə seçilmək haqqı verirsə, bundan sonra qanundakı “35 yaşı tamam olmuş hər kəs…” məsələsi nəyə lazımdır?
Adam soruşmaq istəyir, amma sonra da fikirləşir ki, yaptokrat tayfasından nəsə soruşmağın nə mənası var? Nəfəsi yalanla və yaltaqlıqla gedib-gələnlərdən onsuz da hansı normal, məntiqli, ağıllı, əxlaqlı cavab eşitmək olar?
Ümumiyyətlə, yaptokratlara təklif edirəm ki, bu prezidentlik məsələsini zəhmət çəkib Konstitusiyanı barmaqlamaq, min əziyyətlə seçkini saxtalaşdırmaq yerinə, biryolluq, kökündən həll etsinlər. Götürüb bir qanun düzəltsinlər, ora da yazsınlar ki, Azərbaycanda ancaq və ancaq atası iki dəfə hakimiyyətə gəlmiş, özü əvvəlcə iki dəfə prezident kürsüsündə oturmuş, ingilis dilini bilən, ucaboylu, qalınbığlı, iki qız, bir oğlu, qızlarının offşor şirkətləri, oğlunun da Dubayda mülkləri olan şəxs prezident seçilməlidir. Bu iş də olsun bitsin.
Yoxsa beş ildən bir hansısa seçki şousuna, zəhlətökənliyinə nə ehtiyac var?
Kolumbiyada verilən ordenin sirri
Kolumbiyaya səfərə gedən xarici işlər naziri Elmar Məmmədyarova orada “Demokratiya uğrunda səylərinə görə Ali komandor” ordeni veriblər.
Elmar Məmmədyarovla demokratiya arasında bağ qurmaq üçün insan fantaziyası tamamilə gücsüzdür, bunu hətta Artur Klark, Ayzek Əzimov kimi məşhur fantast yazıçıları da bacarmaz.
Amma mənim bir versiyam var, bilmirəm, nə qədər ağlabatandır. Bilirsiniz ki, Kolumbiya dünyada narkomafiyanın vətəni sayılır, bu mənada bəlkə də Məmmədyarova belə bir orden verilməsini başa düşmək olar. “Nə əlaqəsi var?” deməyin. Çox əlaqəsi var.
Məmmədyarovun naziri olduğu hökumətin Azərbaycanda demokratiya uğrunda mübarizə aparan insanları narkotiklə şərləmək, ömründə damağına siqaret dəyməmiş adamları bir göz qırpımında narkoman çıxarmaq kimi xüsusi qabiliyyəti var. Demokratiya uğrunda mübarizə və narkotik – Azərbaycanda bunların birini o birindən ayrı təsəvvür etmək çətindir.
Indi mümkündürmü bundan Kolumbiyada da xəbər tutub və yüksək qiymətləndiriblər? Yoxsa o ordenin verilməsinin başqa nə səbəbi ola bilər axı?

Atası iki dəfə hakimiyyətə gələn həmişə prezident olsun!
•
•