Yaxşı ki, yas məclislərində hamı az qala pıçapıçla danışır. Yoxsa hər yasda 5-10 adamı aparardılar. Bir yandan da, molla əmi qəfildən acıqlana, hamının içində üstünə çımxıra bilər. Məsələn, deyək ki, sən yanaşı oturduğun adamla Azərbaycan insanının real vəziyyətindən, ölkəni başına alıb gedən allahsızlıqdan, yəni xalqın qaragünlülüyündən danışırsan. Hər ikiniz arqumentlərinizi, fakt və dəlillərinizi birləşdirib yana-yana danışır, bu rüzgarla xalqın hara getdiyini götür-qoy eləyir və az qala gələcəyi görünməyən dövlətimizin, millətimizin taleyinə acıyaraq başınıza döyürsünüz. Molla isə (söhbət qanı Həzrəti Əlinin atının üzəngisinə çıxaranlardan gedir) bu zaman Qurandan hansısa surəni oxuyur. Nə özü bir şey başa düşür, nə sən, nə məclisdəkilər.
Anidən mollanın gözü səni alır və səsinin yalançı ərəb boğazıyla üstünə elə çımxırır ki, məclisdəkilərin hamısı söhbətini yarımçıq kəsib mollanın qışqırdığı yönə boylanmağa başlayır. Hər halda mərifət göstərib molladan üzr istəyincə, gözünə döndüyüm daha da qızışır, 45 dərəcə istidə, özü də çadırda temperatur ekvator dərəcəsinə çatır. Durub demək istəyirsən ki, aşna, avazın yaxşı gəlir, oxuduğun Quran ola. Yəni, onun ərəbcə bilmədiyi bir yana dursun, belə hünərlisənsə, nədən elə özün qarışıq bu camaatın dərdini, ölkədə hökm sürən allahsızlığı belə, coşaraq da demirəm, barı pıçıltıyla bu camaatla bölüşmürsən? Axı onsuz da buradakıların 90 faizi bir-birilə dindən yox, sənin sevə-sevə göz yumduğun dinsizlikdən, allahsızlıqdan, qısası, hakimiyyətin yaramaz, iyrənc siyasətindən danışır – sosial, iqtisadi, siyasi, mənəvi…
Savadlı biri saydığım molladan elə bu haqda soruşdum. Cavab çox sadə və qənaətbəxş oldu.
Molla bir neçə həmkarının adını çəkdi. Onların həbs olunduğunu, xüsusi idarələrə çağırıldığını, təhdid edildiyini və sonucda hər kəsin bundan belə “artıq şey” danışmaqdan əl götürdüyünü söylədi. Sən demə, hakimiyyətin cəmiyyətdə yaratdığı iki-üç yarıtmaz haldan danışan kimi, gəlib çökürmüşlər sinənə ki, sən dövlətçiliyimizin əleyhinəsən, Irana işləyirsən və s.
Molla haqlıdı. Öz aləmində təbii. Ancaq həmin şiə mollanın Imam Hüseyn kimi bir örnəyi olmasaydı, onda yəqin ki, onu zərrəcə qınamaq olmazdı. Ancaq var axı!
Deyəcəksən bunu, qayıdacaq ki, axı hər kəs Imam ola bilməz! Onda sən də ona deməlisən ki, madam ola bilməz, onda nəyə görə dayanmadan Imam Hüseynin qorxmazlığından, mübarizliyindən, müsibətindən danışırsan? Özün əməl eləyə bilmirsən, özündən tələb eləyə bilmirsən, demək, ona inanmırsan, o zaman, Məşədi Ibad demişkən, bu bisavadlar neynir Imamın igidliyini?
Nə isə. Yaxşı ki, getdiyim hüzrdə molla haldan gedib heç nə danışmırdı və hərə öz söhbətini eləyirdi. Bir biznesmen yanımda oturan tanışına deyirdi ki, ötən il vergiyə 8 min manat rüşvət verdim, 10 mindən güclə, yalvar-yaxarla düşürdüm. Bu il 15 istəyirlər. “Ilə dövlətdən nə qədər gizləyirsən ki?” – biznesmendən soruşdum. Açıq cavab verdi: “Dünya standartı ilə yanaşsaq, ödədiyim məbləğ dövləti mənə borclu eləyir, Azərbaycan sistemiyləsə gərək bütün biznesmenlər indi içəridə yatalar. Təsəvvür elə – 600 manata kondisioner alıb, üstünə 9 faiz qoyub satırsan, əvəzində təkcə 18 faiz ƏDV ödəyəndə biznesmenə nə qalır? Belə ticarət olarmı? Guya vergi naziri bilmir ki, bu vergi sistemi necə iyrəncdi? Bilir, ancaq o da nəyisə dəyişmək gücündə deyil. Çünki sistem belədi: hər kəsi cinayətkara çevirib yerində farağat oturtmaq. Ağzını açsan pişiyin öldü… Hər sahədə bu cürdü. Ona görə də xalqı veclərinə almırlar. Cinayətkarı yerində oturtmağa nə var! Ancaq hər halda belə getməz!”.
“Fatixəəəə”,- molla qəfildən səsini yüksəldir. Artıq azadıq, yasxananı tərk eləmək olar…

Hamını cinayətkara çevirmək
•
•