Ölkədə 1 milyon uşağın 1-2%-i istirahət edə bilir

Dözülməz yay istiləri başlayır. Azacıq imkanı olan başını götürüb şəhərdən qaçmaq istəyir. Bakının bürkülü və boğucu havasından ən çox əziyyət çəkən uşaqlardır, təbii. Xüsusilə, uzun ayların məktəb yorğunluğundan sonra istirahətə getməyə imkanı olmayan məktəbli uşaq və yeniyetmələr. Sizcə, yay tətillərində ölkə məktəblilərinin neçə faizi, azacıq da olsa, onlara verilmiş 3 aylıq istirahət hüququndan istifadə edə bilir?  Ekspertlərin fikrinə görə,  Azərbaycanda 1 milyondan artıq uşağın, sadəcə, 1-2%-i istirahət düşərgələrində dincələ bilir. Ölkədə uşaq istirahəti çox aşağı səviyyədə təşkil olunub. Sovet dövründə ölkədə fəaliyyət göstərən 50-dən artıq düşərgə ləğv edilib, yeniləri isə həm az sayda, həm də baha qiymətədir. Hazırda ölkədə ancaq bir neçə rəsmi qurumda(Daxili İşlər Nazirliyi, Dəniz Donanması və s.) çalışan işçilərin uşaqları üçün yay düşərgələri fəaliyyət göstərir. Bundan başqa, Həmkarlar İttifaqının tərkibində fəaliyyət göstərən bir neçə yay düşərgəsi var. Amma onlardan da cüzi sayda ailələr yararlana bilir və əhalinin böyük əksəriyyəti imkansızlıqdan uşaqlarını heç yerə göndərə bilmir. Çünki pullu düşərgələrdə istirahət etmək də  həftəlik hardasa 200-300 manata başa gəlir. Ona da orta imkanlı azərbaycanlı ailəsinin belə imkanı yoxdur.

Məsələ ilə bağlı sosial şəbəkədə paylaşdığım “bu yay tətilində kim öz övladını istirahətə göndərəcək” sualına da yalnız bir nəfərin cavabı müsbət oldu. Yalnız o bir nəfər övladını Bilgəh və ya Mərdəkandakı uşaq düşərgəsinə göndərəcəyini bildirdi. Yerdə qalan valideynlərin cavabları isə aşağıdakı kimi oldu. Tərtər rayonundan olan Yavər Məmmədov: “Kasıba dincəlmək yoxdur. 11 ay işləyənlər də bir ay məzuniyyəti daha çox işləməlidir ki, qışdan çıxa bilsinlər. Yeniyetmə məktəblilər üçün də ot biçini, soğan, kartof yığımı artıq başlayıb. Mən sovet dövründə də istirahət düşərgəsinə getməmişəm. İmkan olsaydı, Kəlbəcərə, Moza, Başlıbelə aparardım uşaqları. Atamın orda dostu olub, heyf, o  yerlər indi bizdə deyil. İndiki halda isə, imkan olsa, Antalyanı seçərdim.” Qarabağdan olan məcburi köçkün Fərhad Səlimovun övladları da istirahət hüququndan məhrum olanlar sırasındadır: “ Bizimkilər 100 faiz dincəlməyəcək. Çünki indiyə qədər aldığımız qəpik-quruş maaşı da vermirlər. Bizim uşaqların, nəinki dincəlməsi, heç yaşaması da ölkəni idarə edənlərə lazım deyil. İmkan olsa, uşaqları ya Gürcüstana, ya da Ukraynaya apararam. Öz rayonlarımızdan isə Qusara gedərdik, həm havası saf, həm də insanları. Bakı sakini Hikmət Əliyev: “Oğlum Rafət yay mövsümü ilə əlaqədar yaşayış yerini dəyişir, şəhərdən Masallıdakı kəndimizə gedir. Qızım Nurgün də bizimlə evdə qalır. İndi Masallı da çox istidir, ona görə, ora getməyin də mənası yoxdur. Təəssüf ki, maddi sıxıntılara görə heç yerə getməyəcəyik. Uzaqbaşı sərin bir gündə Bilgəh sahilinə gedə bilərik, vəssalam.” Başqa bir paytaxt sakini Fərid Əsədov isə dincəlməyə vaxt olmadığını deyir: “Uşaqların dincəlməsi üçün, gərək valideyn də boş vaxt tapsın. Təəssüf, elə duruma düşmüşük ki, işdən 5-10 günlük ayrılmaq mümkün olmur. Həm gəlirdən olursan, həm artıq pul xərcləməlisən.”

 

Sovet dövründə özü yay düşərgəsində istirahət etmiş olan Ramiz Ağayev deyir ki, indi ölkədə nə böyüklər istirahət edə bilir, nə uşaqlar. Onun fikrincə, məktəblilərin yay istirahəti üçün ən faydalı yerlər düşərgələrdir. Çünki burda istirahət planlı və mənalı şəkildə qurulur. Uşaqlar və gənclər həm gözəl şəkildə dincəlir, həm sosiallaşaraq, dünyagörüşünü inkişaf etdirir, həm də onlara yeni şeylər öyrənmək imkanları yaranır. Amma təəssüf ki, indi belə düşərgələr həm az saydadır, həm də elə şərtlərlə çalışır ki, insanların 90%-i o imkanlardan kənarda qalır. R. Ağayev son 3 ildə yalnız bir dəfə nəvələrini İsmayıllıya 10 günlük istirahətə apardıqlarını deyir “Bu ili də uşaqlar istirahətsiz yola verməli olacaq, uzaqbaşı 3 gün şəhərdən çıxıb Qubada yaşayan dostuma qonaq aparmağa gücüm çatar”- deyə o bildirir.

 

Belə…Bu ölkədə, onsuz da, hər kəsin hüququ pozulur. Yüz minlərlə uşağın istirahət haqqı da o pozulan hüquqlar sırasına daxildir. Necə deyərlər, valideynlər imkansızlıq üzündən övladlarının qarşısında xəcalətlidir, hökumət isə humanizm nümayiş etdirmək niyyətində deyil. Ekspertlərin fikrincə isə, dövlət büdcəsindən azacıq pul ayırıb istirahət düşərgələri təşkil etməklə, hər uşağa istirahət imkanı yaratmaq olar. Hətta bu məqsədlə tətildə olan məktəbləri də yay düşərgəsinə çevirmək mümkündür. Təbii, niyyət olsa. Təəssüf ki, o da yoxdur…

 

Səadət