Bu gün prosesə yalnız bir şahid gəlib
Prokuror şahid ifadələrinin yekunlaşmasını istədi
Faiq Əmirlinin işi üzrə Səbail Rayon Məhkəməsində keçirilən proses bu gün davam edib. Hakim Aytən Əliyevanın sədrliyi ilə keçirilən prosesdə bu gün də şahid qıtlığı olub. Prosesdə iştirak etməyən şahidlərdən birinin ifadəsi tərəflərin razılığı ilə oxundu.
Prosesə gələn yalnız bir şahid – Faiq Əmirlinin evində və maşınında ötən ilin avqustunda aparılan əməliyyatda iştirak edən müstəntiq Həsən Əliyev ifadə verdi. H.Əliyev ifadə verəndən sonra əvvəlcə prokuror, onun ardınca Vergilər Nazirliyinin nümayəndəsi şahidə sual ünvanlayıb. Vergilər Nazirliyi nümayəndəsinin “siz axtarış zamanı Faiq Əmirlinin evindən tapdığınız vəsiqəsində onun vəzifəsinin baş redactor olduğu yazılmışdı” sualına cavabdeh tərəfin vəkili Aqil Layıcov etiraz edib və bildirdi ki, Vergilər Nazirliyinin nümayəndəsinin prokuror kimi sual vermək səlahiyyəti yoxdur: “O özünü ittihamçı kimi aparır, belə bir istəyi, arzusu varsa, gedib dövlət qulluğuna imtahan versin və arzusuna çatsın. Ötən dəfə də onun bu tipli suallarına etiraz etdim və ayrılıqda da ona başa saldım ki, belə suallar verməyə səlahiyyəti yoxdur”. Hakim deyilənlərlə razılaşdı və sualı çıxardı. Vəkil A.Layıcovun şahidə axtarış apardığı maşının rəngi ilə bağlı sualına da H.Əliyev düzgün cavab verə bilmədi. Gah maşının qara rəngdə olduğunu, gah da maşının rəngini unutduğunu dedi.
Bundan sonra prokuror vəsatətlə çıxış etdi. O, indiyə qədər dindirilən şahid ifadələrinin yetərli olduğunu, eyni zamanda müttəhimin və vəkillərinin əziyyət çəkməməsini əsas gətirərək prosesi yekunlaşdırmağı təklif etdi. Hakim cavabdeh tərəfin vəkillərinn vəsatətə münasibə bildirməsini və şahid ifadələrinin yekunlaşdırmağın mümkünlüyü məsələsinə cavab verməsini istədi. A.Layıcov müdafiə etdikləri şəxsin vəkilləri olaraq bununla bağlı müzakirə aparmadıqlarını bildirdi. Eyni zamanda vəkil Fəxrəddin Mehdiyevin xaricdə olduğunu, o gələndən sonra məsələni müzakirə edəcəklərini əsas gətirib prosesin bir neçə günlüyə təxirə salınmasını istədi.
Ancaq hakim bununla razılaşmadı və növbəti prosesi sabaha – 4 iyul 12.30-a təyin etdi.
azadliq.info