Əsərləri təzəlikcə ədəbiyyat dərsliklərinə salınan keçmiş Qaz zavodu direktoru, hazırkı deputat, üstəlik də yazıçılığa iddialı Hüseynbala Mirələmovun başına gələnləri təkrar xatırlatmağa ehtiyac yoxdur. Hamı söhbəti bilir.
Mirələmovun, “Xəcalət” adlı bir əsəri var, düzdü, buna əsər deməyə də adamın dili gəlmir, mən vaxtilə onu bir neçə səhifə oxudum, müəllifin yerinə xəcalət təri tökdüm, amma sözüm onda deyil. Məncə, Mirələmov əsl “Xəcalət”i məhz indi yazır, daha doğrusu, hələlik yaşayır, bu yaşadıqlarını yazsa, biz əsl “Xəcalət”i onda oxuya biləcəyik. Bu gün o əsərlər dünya ədəbiyyatının ən yaxşı nümunələri sayılır ki, məhz reallıqları əks etdirir, müəllif fantaziyasının məhsulu deyil, gerçək, yaşanmış həyat hadisələrinə söykənir.
Indi Hüseynbala müəllimin də əlinə özünü yazıçı kimi, özü də məhz xəcalət mövzusunda yazıçı kimi sübut etmək üçün yaxşı fürsət düşüb, hörmətli deputat dərhal qələmə sarılmalıdır. Əsl xəcalət indi həyatınızda baş verənlərdir, Hüseynbala müəllim, bunları yazmaq və uğur qazanmaq lazımdır!
Nə qədər tez yazsanız, “Nobel”i Kamal Abdulladan əvvəl almaq şansınız da o qədər artar.
Dəli söhbəti
Əslində, qardaşı oğlunun elə onun özünə məxsus “1001 gecə” adlı restoranda törətdiyi qətli bu ölkədə hər gün törədilən onlarca cinayətdən biri sayıb, buna görə deputat-yazıçının üstünə getməmək də olardı. Amma qətli çözələdikcə ortaya çıxanlar Azərbaycandakı rejimin gerçək mahiyyətini açıb ortaya qoyur.
Mirələmov deyir ki, qardaşıoğlu dəli imiş, 25 yaşlı bir gənci də guya ağlı çatmadığı üçün vurub öldürübmüş. Mən bir dəfə “Ağıllı dəlilər” adlı bir yazı yazmışdım. Yazmışdım ki, nə məsələdirsə, bu ölkənin dəliləri də dəhşətli dərəcədə ağıllıdırlar, bir növ, xeyrini bilən dəlidirlər.
Adam istər-istəməz düşünür: əcəba, Mirələmovun dəli qardaşoğlusu hansısa gənci güllələyənə qədər, məsələn, niyə elə əmisinin restoranına od vurub yandırmayıb? Ya da bu vaxtacan beyni qızıb niyə Hüseynbala müəllimə də tapança tuşlamayıb? Hər Milli Mətbuat Günündə iqtidaryönlü mirzələr “1001 gecə”də bayram tədbiri keçirirdilər, necə ola bilər ki, bütün günü o restoranda keçən qardaşıoğlunun dəliliyi tutub bu tədbirlərin birində də “Səs”in-zadın baş redaktoruna güllə sıxmayıb? Axı niyə yaptokratların dəli, ağıldan o söz qohumlarının çanağı elə həmişə başqalarının başında çatlayır, niyə bir dəfə də xəta özlərinə dəymir?
Nə isə, əslində bu suallar üzərində çox baş sındırmağa da dəyməz, onsuz da cavabları hamıya aydındır. Gələk Mirələmovun qətldən sonra danışdıqlarına. O, bir müsahibəsində dedi ki, həqiqətən də qətlin baş verdiyi “1001 gecə” restoranının sahibidir. Halbuki, hardasa üç il əvvəl Hüseynbala müəllim qəzetlərdən birinə müsahibəsində iki ayağını bir başmağa dirəyib “1001 gecə” restoranının ona heç bir aidiyyəti olmadığını demişdi. Biz bir daha əmin oluruq ki, yalan yaptokratların mahiyyətini təşkil edir, bu, onların yeganə mövcudluq formasıdır. Üstəlik, onların yalanı ayaq açıb yeriyə də bilər, amma bu yalanlar əvvəl-axır ayağı sürüşüb darmadağın olacaqdır.
Mirələmov restoran sahibi olduğunu etiraf etməklə həm də yaptokratların qanunlara necə tüpürdüyünün əyani nümunəsini ortaya qoydu. Bilirsiniz ki, bizdə deputatların da, başqa vəzifəli şəxslər kimi, bizneslə məşğul olması qadağandır, amma bunu vecinə alan kimdir? Yaptokratlar təzəlikcə bu biznes hoqqalarının ortaya çıxmaması üçün informasiya qanununa mürtəce dəyişikliklər etdilər ki, heç kim onların yaratdığı qanunsuz şirkətlərdən xəbər tutmasın. Amma buyurun, həmin dəyişikliklər, türkün sözü, tərsinə işləməyə başlayıb. Biz hansı biznes obyektinin arxasında hansı yaptokratın olduğunu qanunla öyrənə bilmərik, düzdür, ancaq indi həmin obyektlərdə elə cinayətlər baş verir ki, heç bizim öyrənmək üçün özümüzü dağa-daşa salmağımıza ehtiyac qalmır, özləri çıxıb oranın sahibi olduqlarını etiraf etməli olurlar.
Bu o deməkdir ki, qocunmağın yeri yoxdur, artıq nə etsələr də, qanunlara nə qədər barmaq qoysalar da, öz gerçək kimliklərini, əsl üzlərini gizlədə bilməzlər.
Qaldı ki Mirələmovun dərsliklərə salınmasına, mən bunu təqdir edirəm. Guya məktəblərimizin özünün mahiyyətcə “1001 gecə” restoranından nə fərqi var ki?!

Mirələmov “Xəcalət”i indi yazmalıdır
•
•