Güneyli fəal yoxa çıxıb

İyunun 30-da Güney Azərbaycanın Babək qalası mərasimində çıxış edən azərbaycanlı fəal Tohid Əmir Əmini mərasimdən sonra yoxa çıxıb. Onun barəsində heç bir məlumat yoxdur.

Dünən Babəkin ənənəvi doğum günü mərasimi üçün Babək qalasına (Bəzz qalası) yürüş edən yüzlərlə fəal rejimin Azərbaycan əleyhinə həyata keçirdiyi  ayrı-seçkilik siyasətinə etiraz edib. Onlar azərbaycanlı siyasi məhbusların azadlığa buraxılmasını istəyiblər.

Mərasimin əsas çıxışçısı Tohid Əmir Əmini olub. O, azərbaycanlı fəallar, xüsusi ilə də Siyamək Mirzayi barəsində çıxarılan ədalətsiz məhkəmə qərarını pisləyib, siyasi məhbusun dərhal azadlığa buraxılmasını tələb edib.

Cümə günü axşam saatlarına qədər Tohid Əmir Əmini haqda heç bir məlumat yayılmayıb. Fəalın ailə üzvləri onun barəsində məlumat almaq üçün müəyyən orqanlarla əlaqə saxlasalar da, hələlik heç bir nəticə əldə edilməyib.

Mərasim yekunlıaşdıqdan sonra Murtaza Pərvin, Rəhim Novruzi, Hamid Rəvadi, Səccad Sadiqi və Əkbər Cahangiri təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb.

Məlumata görə, Rəhim Novruzi yaxalanarkən təhlükəsizlik qüvvələri tərəfindən döyülərək ağır xəsarət alıb, onun üzü və paltarlarını qan bürüyüb.

Polis mərasim keçirildiyi zaman Babək qalası və ətraf məntəqələrdə təhlükəsizlik tədbirlərini gücləndirib.

azadliq.info