BMT Azərbaycanı silah almağa görə qınadı

“Pan Gi Mun əvvəl Ermənistandan Azərbaycan torpaqlarından çıxmağı tələb etsin”

Vəfa Quluzadə: “Azərbaycan təcavüzə məruz qalmış dövlət kimi heç bir kvotalara itaət etməməlidir”

Məlum olduğu kimi, BMT baş katibi Pan Gi Mun “Regional və qeyri-regional səviyyələrdə adi silahlandırmalara nəzarət” adlı yeni hesabatında Azərbaycanı silah kvotasını, regionda inam və əməkdaşlıq atmosferini pozmaqda günahlandırıb.
Hesabatda Azərbaycanın təhlükəli silahlanma yarışına başladığı və sayı müqavilə ilə məhdudlaşdırılan silahlanmanın 3 növü üzrə nəticələri keçdiyi deyilir. Hesabata əsasən, Azərbaycanın hərbi büdcəsinin son illərdə əhəmiyyətli dərəcədə artımı, həmçinin daimi aqressiv ritorikası iki xalq arasında uçurumu və gərginliyi artırır və Dağlıq Qarabağ münaqişəsinin nizama salınması istiqamətində danışıqlar prosesini təhlükə altında qoyur. Bu xüsusda, Azərbaycanın ardıcıl olmayan siyasəti regionda inam və əməkdaşlıq atmosferini formalaşdırmağa çalışan Ermənistanın səylərinə hiss olunacaq dərəcədə təsir edir.
Aparıcı beynəlxalq təşkilatın rəhbərinin bu cür hesabatı Azərbaycana nə vəd edir?

Politoloq Vəfa Quluzadə bunu əhəmiyyətsiz hesabat kimi qiymətləndirdi. Çünki Pan Gi Mun Azərbaycanın torpaqlarının işğal olunduğunu nəzərə almır. Azərbaycanın qarşısında ya danışıq yolu ilə olmasa, silah yolu ilə torpaqlarını azad etmək məsələsi durur. Ona görə də təcavüzə mərzu qalmış dövlət kimi heç bir kvotalara itaət etməməlidir və etməyəcək də: “Pan Gi Mun istəyir 50 cür hesabat yazsın. Azərbaycan özünü müdafiə etmək, torpaqlarını azad etmək üçün həmişə hazır olmalıdır. Ona görə də öz silahlarını yeniləmək, ən müasir silahları əldə etməklə məşğuldur. Pan Gi Mun da nə qədər istəyir, o kağızlardan yazsın”.
Ekspertin sözlərinə görə, Pan Gi Mun BMT-nin rəhbəri kimi ilk növbədə Ermənistanın Azərbaycana qarşı təcavüzünü pisləməlidir: “Əgər o boyda təşkilatın rəhbəridirsə, marionet də deyilsə, ağlını başına yığsın, Ermənistandan Azərbaycan torpaqlarından çıxmağı tələb etsin, təcavüzü pisləsin. Ondan sonra Azərbaycan kvotalara riayət edə bilər. Ermənistan Rusiyanın bir hissəsi olub, rus silahı ilə silahlandırılıb. Öz ərazində rus bazalarını saxlayır. Üstəlik, Dağlıq Qarabağda hava limanı açır, orda mülki təyyarələrdən, lazım olsa hərbi təyyarələrdən istifadə edə bilər. Pan Gi Mun bunların hamısına göz yumub hesabatda nəsə yazıb, gəlib bizdə kvota axtarır”.

Fizzə