aliyevalar-narmobil

Ölkədən çıxarılan 48 milyard kimlərindir?

Rəsmilər açıqlama verməlidirlər

Azərbaycan hakimiyyətinin korrupsioner mahiyyəti növbəti bir beynəlxalq hesabatla yenidən aşkarlandı. Britaniya parlamentinin himayəsiylə 2003-cü ildə yaradılan və mərkəzi ofisi Londonda yerləşən “Taxe Custice Network” (“Ədalətli Vergi Sistemi”) qeyri-hökumət təşkilatı “The Price of Offshore Revisited” (“Ofşor zonaların qiyməti”) adlı hesabatında Azərbaycan hakimiyyəti ilə bağlı şokedici rəqəmlər açıqlayıb. Əslində bu açıqlananlar yetərincə ciddi və iqtidarın korrupsiya əməlini sübut edən rəqəmlərin birbaşa hakim ailə ilə bağlı olduğu şübhə doğurmur. Təşkilatın hesabatının keçmiş sovet, indiki MDB ölkələrindən bəhs edən hissəsində 1993-2010-cu illər aralığında MDB ölkələrindən offşor zonalara ümumilikdə 1,1 trilyon dollar çıxarıldığı qeyd olunub.  
“Taxe Custice Network” təşkilatının hesabatında bildirilir ki, Qafqaz və Mərkəzi Asiya ölkələri arasında 1993-2010-cu illərdə ən çox pul Azərbaycan və Qazaxıstandan çıxarılıb. Nazarbayevin rəhbərlik etdiyi ölkədən offşor zonalara 138 milyard dollar daşınıb. Özbəkistandan 23, enerji ehtiyatları ilə zəngin Türkmənistandan 3,4, Tacikistandan 2,4 milyard dollar çıxarılıb.
Azərbaycanın yerləşdiyi Qafqaz regionundan çıxarılan pulun miqdarına görə ölkəmiz rekord göstərici ilə birinci yerdədir. Hesabatda deyilir ki, 1993-2010-cu illər aralığında Azərbaycandan ofşor zonalara 48 milyard dollar pul ötürülüb. Bu rəqəm Ermənistanla müqayisədə 23, Gürcüstanla müqayisədə isə 18 dəfə çoxdur.

“Azerfon” – Panamadakı şirkətlər

aliyevalar-narmobil

Əslində Azərbaycanın hakim rejiminin offşor zonalarda qeydə alınan təşkilatların vasitəsilə ölkədə bir çox gəlirli sahələrə yiyələndiyi dəfələrlə mətbuatda qeyd olunub. Bu yazılar barədə qısa xatırlatma etmək istərdik.
Ölkə mətbuatını silkələyən, hakim rejimdə böyük narahatlıq yaradan və beynəlxalq media strukturlarının uzun müddət istinad etdiyi yazılardan biri “Azerfon” mobil şirkətinin Əliyevlərə məxsus olması ilə bağlı idi. “Azadlıq” radiosunun əməkdaşı Xədicə Ismayıla məxsus olan bu araşdırma yazısı nəticəsində məlum oldu ki, dövlət başçısının ailəsi ölkənin 3 mobil rabitə operatorundan birinin sahibi imiş. Ortaya konkret sənədlər qoyulanadək Rabitə Nazirliyi iddia edib ki, “Azərfon”un həmtəsisçiləri arasında “Siemens AG” şirkəti var. Amma araşdırma zamanı məlum oldu ki, bu yalan imiş. Vergilər Nazirliyinin “Azərfon MMC”nin təsis sənədlərindən verdiyi çıxarışda deyilir ki, Ədliyyə Nazirliyinin 1105-T13-3906 nömrəsi ilə qeydə aldığı “Azərfon MMC”nin pay sahibləri 3 Panama şirkəti, bir Nevis adalarında qeydə alınmış şirkət və “Aztelekom”dur. Paylar isə payçılar arasında belə bölünüb: “Aztelekom” – 10, “Cellex Communications S. A” – Nevis adaları – 18, “Hughson Management Inc” Panama – 24, “Gladvyn Management Inc” – Panama – 24 və
“Grinnel Management Inc” – Panama – 24 faiz. Arzu Əliyeva “Hughson Management Inc” və “Gladvyn Management Inc” şirkətlərinin, Leyla Əliyeva isə “Grinnel Management Inc” şirkətinin prezidentidir. Bacılar həm də şirkətlərin prezident və xəzinədar vəzifələrini bölüşdürürlər.
Onu da qeyd edək ki, eyni xanımlar Panamada bir neçə başqa şirkətin də təsisçiləridir. Orada onların biznes partnyoru Mehriban Əliyeva göstərilir.

Çovdar qızıl yatağı

Dövlət başçısının ailəsi ilə bağlı daha bir şokedici faktlar açıqlayan araşdırma yazısı Çovdar qızıl yatağı ilə bağlıdır. Bu araşdırmanın da müəllifləri “Azadlıq” radiosunun əməkdaşları Xədicə Ismayıl və Nüşabə Fətullayevadır. Qeyd edək ki, bir müddət əvvəl “Azadlıq” radiosu Azərbaycanda 6 qızıl yatağının istismarı ilə məşğul olan şirkətlərin kimə məxsus olması ilə bağlı araşdırma aparmışdı. Araşdırma Azərbaycanın qızıl mədənlərində hakim Əliyevlər ailəsinin paya malik olması haqdadır. Araşdırma zamanı məlum olub ki, Çovdar yatağının işlənməsi üçün müqavilə (dəyəri 2,5 milyard dollardır) 2007-ci ildəki qeyri-şəffaf prosedurla AIMROC adlanan konsorsiuma verilib. Hökumət bu şirkəti Britaniya-Yaponiya-Panama konsorsiumu kimi təqdim edib. Həmin konsorsium 2007-ci ildə tələm-tələsik məhz sözügedən layihə üçün yaradılıb. Ortaya çıxarılan sənədlər isə göstərir ki, AIMROC əslində Panamada qeydiyyatdan keçmiş və prezident Ilham Əliyevin qızlarıyla bağlı olan şirkətlərin nəzarətindədir. AIMROC bir “shell”-şirkətdir (yəni quruca adı olan).

“Silkwaybank”ın ələ keçirilməsi

Dövlət başçısının ailəsinin offşor zonada qeydə alınan şirkət vasitəsilə dövlət əmlakını mənimsədiyini sübut edən daha bir araşdırma yazısı “Silkway Holding”lə bağlıdır. Holdingin tərkibini nəzərdən keçirəndə ilk növbədə holdinqə daxil olan “Silkwaybank”ın təsisçiləri diqqəti cəlb edir. Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin 2008-ci il dekabrın 11-də tərtib etdiyi səhmlərin emissiya prospektində “Silkwaybank”ın 3 təsisçi tərəfindən yaradıldığı göstərilir. Təsisçilərdən biri hüquqi şəxsdir: “Silk Way Airlines” şirkətidir. Bankın digər 2 sahibinin adları isə belədir: Əliyeva Arzu Ilham qızı və Həmzəyeva Zərifə Kamil qızı. Ikinci xanım AZAL-ın rəhbəri Cahangir Əsgərovun həyat yoldaşıdır.  

SOCAR-ın Montenegrodakı adası

Azərbaycanın resursları hesabına xaricə – ofààfşor zonaya daşınan daha bir kapital SOCAR-ın son layihəsi ilə bağlıdır. Şirkət daha bir iri maliyyə tələb edən proyektə imza atıb. “Bloomberg” agentliyinin məlumatına görə, Balkan yarımadasında yerləşən Montenegro özünün Adriatik dənizində yerləşən adalarından birini SOCAR-a satıb. Keçmişdə böyük hərbi bazanın yerləşdiyi Kumbor adasının uzunmüddətli icarə formasında alınmasına dair sövdələşmənin dəyəri 258 milyon avro, yaxud 319 milyon dollardır. SOCAR adanı 90 illiyinə icarəyə götürüb və adada turizmin inkişafına 53 milyon yatıracaq. Şirkət icarə haqqının 45 illiyini birdəfəlik ödəyəcək.

Offşor zona nə deməkdir?

Yazımızda Offşor zona anlayışına aydınlıq gətirmək də istərdik. Offşor zonalar kapitalı vergidən yayındırmaqla dövriyyədə saxlayan dövlət və ya ərazidir. Vergidən yayınmaq istəyən pullular öz kapitalını belə zonalarda saxlayır. Offşor ərazilərin müəyyənləşdirilməsi ilə Beynəlxalq Valyuta fondu məşğul olur. Hazırda fondun siyahısında 26 dövlət var. Kipr, Panama, Makao ofşor ölkələr sayılır. Dünya birliyi ofşor ərazilərə nəzarəti gücləndirməkdədir. Maliyyə böhranı ilə mübarizə üçün lazım olan trillion dolların böyük bir hissəsi kapitalların leqallaşması və vergi ödənişi ilə əldə oluna bilər. Azərbaycanda bu zonalarda biznes qurma ənənəsi yeni deyil.

İqtisadçı Qubad İbadoğlu bildirdi ki, ofşor zonalar iqtisadi baxımdan zəif ərazilərdə yaradılır. Offşor zonada qeydiyyatdan keçənlərin həmin dövlətin xarici siyasətinin tərkib hissəsi olduğunu deyən Q.Ibadoğlu vurğuladı ki, offşor zonanın üstünlüyü liberal valyuta qanunvericiliyinin olmasında da, birbaşa vergilərdən tam və ya qismən azad olma, xarici investorlar üçün təhlükəsizliyin təminatı imkanları var. Ən başlıcası isə qeydiyyatdan keçən şirkətin yaradıcıları barəsində konfidensiallıq qorunur, qoyulmuş kapitalın mənbəyi ilə bağlı bəyannamə istənilmir: “Belə zonalar dünyada çoxdur. Onlar sırasında tanınmışları da var, tanınmayanları da. Offşor zonalarının bir üstünlüyü də ondan ibarətdir ki, orada əməliyyatlar aparmaq da asandır. Çünki orada dünyanın ən məşhur banklarının filialları fəaliyyət göstərir. Offşor zonalar arasında Britaniyaya, ABŞ-a, Kanadaya, Niderlanda məxsus ərazilər var. Amma son zaman terrorizmə qarşı mübarizə baxımından bu istiqamətdə sistem bir qədər dəyişib”.
Britaniya təşkilatının yaydığı məlumatın ikinci “WikiLeaks” ola biləcəyi ilə bağlı səslənən fikirlərə gəlincə, Q.Ibadoğlu vurğuladı ki, “WikiLeaks”də konkret məlumatlar yer alsa da, “Taxe Custice Network” ümumi məlumatları yerləşdirib. Yəni bu təşkilatın hesabatında ölkə üzrə ümumi nə qədər vəsaitin ofşor zonaya çıxarıldığı vurğulanıb. Azərbaycandan xaricə çıxarılan valyutanın yalnız offşor zona ilə məhdudlaşmadığını deyən Q.Ibadoğlu bu üzdən məbləğin daha böyük ola biləcəyini söylədi. Offşor zonada cəmləşən kapitala hansı formada müdaxilənin mümkün olmasına gəlincə, Q.Ibadoğlu vurğuladı ki, bu yalnız hökumətlərin ixtiyarındadır. Bunun üçün ölkələr xüsusi təşkilat olan FAFT-a müraciət etməlidir.

Siyasi partiyalar izahat tələb edəcək

Yayılan informasiya ilə bağlı siyasi partiya təmsilçilərinin də mövqeyini öyrəndik. Bu sensasiyalı xəbərlə bağlı siyasi təşkilatlar hökumətdə hesab soracaqlarmı?

AXCP sədrinin müavini Fuad Qəhrəmanlı bildirdi ki, aşkarlanan informasiya çox ciddi məsələdir. Bu günə kimi ölkə mediası, mütəxəssislər, siyasi partiyalar tərəfindən mütəmadi olaraq korrupsiyanın dövlət siyasətinə çevrilməsi ilə bağlı məsələlər qaldırılıb. Korrupsiyanın səviyyəsinə görə Azərbaycanın dünyanın öndə gedən ölkələri sırasında olduğunu deyən F.Qəhrəmanlı vurğuladı ki, bu faktın aşkarlanması təsdiq edir ki, doğrudan da korrupsiya mili təhlükəsizliyə təhdidedci həddə çatıb: “Araşdırma göstərir ki, Azərbaycandan ötən on yeddi ildə 50 milyarda yaxın vəsait çıxarılıb. Bu, ayrı-ayrı məmurların səviyyəsində reallaşdırıla biləcək plan deyil. Bu yalnız dövlət orqanlarının himayəsi və birbaşa iştirakı ilə reallaşdırıla bilər. Biz müxalifət olaraq hakimiyyəti zaman-zaman korrupsioner fəaliyyətinə görə tənqid etmiş və cəmiyyət qarşısında hesabat verməli olduğunu bildirmişik”.
Dövlət başçısının aidiyyəti olduğu korrupsiya faktlarının dəfələrlə mətbuatın gündəminə gətirildiyini deyən F.Qəhrəmanlı vurğuladı ki, amma hakimiyyət nəinki bu məsələrin aradan qaldırmaq üçün addımlar atır, ümumiyyətlə, onları heç nəzərə almır. Bu isə hakimiyyətin yürütdüyü siyasətə son qoymaq niyyətində olmadığını göstərir. AXCP yetkilisi eyni zamanda onu da vurğuladı ki, partiyaları bir daha hakimiyyətin korrupsiya layihələrini gündəmə gətirməklə cəmiyyətin baş verənlərə diqqətini cəlb etməyə çalışacaq: “Biz partiya olaraq bu məsələ ilə bağlı təbii ki, hakimiyyətin cəmiyyət qarşısında cavab verməli olduğu fikrindəyik. Amma hökumətin bununla bağlı hər hansı addım atacağı görünmür. Çünki bundan əvvəlki faktlarla da bağlı hakimiyyət etinasız mövqe sərgiləmişdi. Yəqin ki, bu dəfə də məsələnin üstündən keçməyə çalışacaq”.

Müsavat başqanının müavini Tofiq Yaqublu bildirdi ki, araşdırma nəticəsində ölkədən çıxarıldığı ehtimal olunan məbləğ daha çox ola bilər. Beynəlxalq aləmdə gündəmə gələn bu informasiyaların Azərbaycan reallığını göstərdiyini deyən T.Yaquboğlu vurğuladı ki, bütün bu məbləğlər xalqın sərvətidir: “Hakimiyyət Dubay mülkləri və başqa korrupsiya layihələri meydana çıxanda izahat verməyə lüzum görmədi. Bu, xalqın oğurlanan səvətidir və onlar qaytarılmalıdır. Bunun izahatı verilməlidir. Bu qisasçılıq yox, qanunun tələbidir”.

ADP sədri Sərdar Cəlaloğlu bildirdi ki, açıqlanan informasiyada qəribə heç nə yoxdur. Hazırda Neft Fondunda neftdən gələn gəlirlərin heç dörd birinin orada yığılmadığını deyən S.Cəlaloğlu vurğuladı ki, bütün bu halların baş verməməsi üçün ölkədə müstəqil məhkəmə, hüquq-mühafizə orqanları olmalıdır: “Baş verənlərlə bağlı hesabat sorulmalıdır. Yüz il keçsə belə xalqın əmlakı qaytarılmalıdır. Əgər Azərbaycanda qanunlar işləsəydi, o zaman KIV-də gedən məlumatlarla bağlı araşdırma başladılardı. Amma belə araşdırma yoxdur”.

Hazırladı: Xəyal