Bakı Ağır Cinayətlər Məhkəməsində hakim siyasi sifariş yerinə yetirməkdə ittiham olundu
Deputat Gülər Əhmədovanın şikayəti əsasında həbs olunan “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallının mühakiməsi Bakı Ağır Cinayətlər Məhkəməsində davam edir.
Hakim Ramella Allahverdiyevanın sədrlik etdiyi məhkəmə prosesinin dünənki iclası baş redaktorun vəkili Elçin Sadıqovun səlahiyyətlərinin bərpası haqda vəsatətilə başlayıb. Xatırladaq ki, ötən məhkəmə iclasında Elçin Sadıqov prosesdə baş verən qanunsuzluq və ədalətsizliklərə etiraz əlaməti olaraq, məhkəmə zalını tərk etmişdi.
Əvəz Zeynallının vəsatəti təmin olundu və Elçin Sadıqov yenə də əvvəlki kimi, baş redaktorun hüquqlarının müdafiəsini davam etdirdi.
Ardınca Əvəz Zeynallı dövlət ittihamçısı Ramazan Hadıyevin prosesdən kənarlaşdırılması haqda vəsatət verdi. Baş redaktor vəsatətini prokurorun ədalətsiz mövqeyilə izah etdi. Lakin onun bu vəsatəti təmin olunmadı. Belə olan halda, Əvəz Zeynallı hakimə etirazını bildirdi, onun bu prosesdəki bütün qərarları siyasi sifarişlə verdiyini qeyd etdi. Ramella Allahverdiyeva da öz növbəsində heç bir sifariş yerinə yetirmədiyini dedi.
Dünənki məhkəmə iclasında “Kurort” ASC-nin keçmiş rəhbəri Akif Məmmədov şahid qismində ifadə verdi. Onun sözlərinə görə, 2006-cı ildə “Xural”da barəsində dərc olunmuş böhtan xarakterli yazıların dayandırılması üçün Əvəz Zeynallı ondan qəzet üçün kompüter dəsti istəyib. Lakin o, bu tələbə əməl etmədiyindən yazılar davam edib. Son nəticədə dostu Xanoğlan Məhərrəmov baş redaktora 4000 dollar verəndən sonra problem həll olunub. Xanoğlan Məhərrəmov da ifadəsində baş redaktora pul verdiyini dedi. Amma onun məhkəmədə dedikləri istər özünün ibtidai istintaqa verdiyi ifadə, istərsə də digər şahidlərin ifadələrilə ziddiyyətli oldu.
Əvəz Zeynallı da öz növbəsində heç kimdən rüşvət almadığını, ifadələrdəki ziddiyyətlərin də bunu sübut etdiyini bildirdi: “Mən heç kimdən rüşvət almamışam. Özlərinin tapdıqları şahidlərin ifadələrindəki ziddiyyətlər də bunu sübut edir”.
Məhkəmə prosesi avqustun 1-də davam etdiriləcək. Növbəti iclasda da şahidlər dindiriləcək.
Xatırladaq ki, Əvəz Zeynallı Cinayət Məcəlləsinin 311.3.3 (külli miqdarda rüşvət alma) və 311.3.4-cü (hədə-qorxu tətbiq olunmaqla rüşvət alma) maddələrilə ittiham olunur.
Ramin DEKO


